Xəzərin Qaradağ ərazisindən keçən sahili kimlər tərəfindən zəbt olunub?

1443677761_qaradag400 (1)Süleyman Mikayılov iş adamlarını, biznesmenləri özünün “qayda”ları ilə fəaliyyət göstərməyə sövq edir

İcra başçısının himayədarlığına arxalanan mənzil-kommunal təsərrüfat birliyinin sədri vətəndaşın mülkünü mənimsəməyə çalışır

Etiraf etmək lazımdır ki, bəzi mənzil-kommunal təsərrüfat birliklərinin fəaliyyəti qənaətbəxş hesab olunmur. Belə ki, sözügedən qurum fəaliyyətində ciddi nöqsanlara yol verir. Misal kimi, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində yaşanan xoşagəlməz olayları göstərmək olar. Əldə etdiyimiz bilgilərə görə, bu gün nə sözügedən təsərrüfat birliyinin, nə də onun sədri Rasim Rəsul oğlu Əhmədovun fəaliyyəti gözə çarpır.

Məhz elə bu səbəbdən də rayon sakinlərinin Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən narazı olduqlarını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Rasim Əhmədov şəxsi maraqlarını təmin etmək məqsədi ilə vətəndaşlara kifayət qədər ciddi problemlər yaradır: “Məsələn, o, Qaradağ rayon sakinlərinə məxsus olan və müvafiq dövlət qurumları tərəfindən təsdiqlənmiş torpaq sahələrini, həmçinin qeyri-yaşayış sahələrini müxtəlif yollarla özününküləşdirməyə çalışır. Qeyd edim ki, Rasim Əhmədovun qanunazidd əməllərindən əziyyət çəkən şəxslərdən biri də Qaradağ rayon sakini Çingiz Zahid oğlu Sultanovdur. Belə ki, Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Çingiz Sultanova məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 5C ünvanında yerləşən qeyri-yaşayış binasını mənimsəməyə çalışır. Halbuki Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 0726801 nömrəli çıxarış, eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasport həmin binanın məhz Çingiz Sultanovun mülkiyyətində olduğunu təsdiqləyir. Lakin buna baxmayaraq, Rasim Əhmədov nəyin bahasına olursa-olsun sözügedən qeyri-yaşayış sahəsini ələ keçirməyə çalışır. Çingiz Sultanov bununla bağlı Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova müraciət etsə də, icra başçısı nədənsə mənzil-kommunal təsərrüfat birliyinin sədrinin əməllərinə son qoyulması istiqamətində hər hansı tədbir görməyib. Görünür, Süleyman Mikayılovla Rasim Əhmədovu hansısa tellər bağlayır…”

Birlik sədrinin bu vaxta qədər Qaradağ rayon sakinlərini razı salan hansısa işə imza atmadığını deyən məlumatlı şəxs bildirir ki, Rasim Əhmədov vətəndaşların problemləri ilə maraqlanıb onların həllinə çalışmaq əvəzinə, nöqsanlı fəaliyyəti nəticəsində yeni əngəllər yaradır: “Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri vətəndaşlar üçün deyil, öz maraqları üçün çalışmaqdadır. Problemli sakinlər heç vaxt birlik sədrinin qəbuluna düşə bilmirlər. Ya sədr işdə olmur, ya da məşğul olur. Deyilənlərə görə, Rasim Əhmədov vətəndaşlarla ona görə görüşmür ki, onlara deməyə söz tapmır. Çünki üzərinə düşən işləri lazımınca yerinə yetirmədiyi üçün sakinlərin qarşısına çıxa bilmir. Rayon sakinləri də təsdiqləyərlər ki, mənzil-kommunal təsərrüfatı birliyinin sədri dövlət büdcəsindən ayrılan vəsatin təyinatı üzrə xərclənməsinə şərait yaratmır. Lakin buna baxmayaraq, liftlərin təmirinə, küçələrin süpürülməsinə gəlincə, Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları yoxa çıxırlar. Hətta məişət tullantılarını da vaxtlı-vaxtında yığışdırmırlar. Bu səbəbdən də rayon ərazisində antisanitariya baş alıb gedir. Belə ki, rayonun əksər qəsəbələrində zibil qutuları həftələrlə təmizlənmir. Bunun nəticəsində ətrafa həm kəskin qoxu yayılır, həm də sahibsiz küçə itləri zibilliklərdə məskən salaraq təhlükəli vəziyyət yaradırlar. Hələ bu, harasıdır. Zibil qutularının əksəriyyəti istismar müddətini başa vursa da, onlar yeniləri ilə əvəzlənmir. Qurumun balansında kifayət qədər texnikanın olmasına baxmayaraq, rayonun bir sıra qəsəbələri zibillik içində itib-batır”.

Bu arada, mənbə qeyd edir ki, Rasim Əhmədov 19.12.2014-cü il tarixdə Çingiz Sultanova ünvanladığı məktubla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 5C ünvanında yerləşən qeyri-yaşayış binasının adıçəkilən şəxsə məxsus olduğunu təsdiqləyib: “Buna baxmayaraq, Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi icra başçısı Süleyman Mikayılovun himayəsinə arxalanaraq Qarabağ müharibə veteranlarının çalışdığı həmin obyekti Çingiz Sultanovun əlindən almağa çalışırsınız. Onu da nəzərinizə çatdırım ki, Rasim Əhmədov rayonun ən imkanlı şəxslərindən biri kimi xarakterizə olunur. Belə ki, Lökbatan qəsəbəsində yerləşən “Xocahəsən” kafesinin yanındakı hamamı öz balansında saxlayan Rasim Əhmədov həmin obyektin icarə haqqından əldə olunan gəliri mənimsəyir. Bundan başqa, Lökbatan qəsəbəsində yerləşən “profilaktoriya” Rasim Əhmədova məxsus olsa da, həmin obyekti onun qayınatası Mürşüd müəllim işlədir. Lökbatandakı “Kapitalbank”ın yanındakı 2 mərtəbəli obyekt də Rasim Əliyevə məxsusdur. O, həmin obyekti icarəyə verib və bu gün orada stomatoloji klinika fəaliyyət göstərir. Deyilənlərə görə, Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədrinin evininin qarşısında bir neçə ən son model bahalı avtomobillər – “BMW X6”, “Porsche”, “Toyota” və digər tanınmış markalardan olan maşınlar dayanır”.

“Dostluq” parkında yaşanan olay Qaradağda da təkrarlana bilər

Rasim Əhmədovun himayəsinə arxalandığı Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun fəaliyyətinə gəlincə, məlumatlı şəxs bildirir ki, sənaye baxımından böyük potensiala malik olan Qaradağ rayonunda hazırda acınacaqlı durum yaranıb: “Deyilənlərə görə, icra başçısının xüsusi qanunları ilə idarə olunan rayonda hazırda ciddi sosial problemlər hökm sürür. Rayon sakinləri iddia edirlər ki, Süleyman Mikayılov iş adamlarını, biznesmenləri özünün tətbiq etdiyi “qayda”larla fəaliyyət göstərməyə sövq edir.

Bu isə sahibkarların müflis olmasına, ciddi maliyyə sıxıntıları ilə üz-üzə qalmalarına səbəb olur. Belə ki, Qaradağda hər hansı kiçik abadlıq işləri aparılan kimi iş adamlarının “qara günləri” başlayır. Həmçinin o da qeyd olunur ki, rayonun Güzdək, Qızıldaş qəsəbələrində və Qızıl Qaya adlanan ərazidə yerləşən daş karxanalarının sahibləri də icra hakimiyyətinin fəaliyyətindən ciddi narazılıq edirlər. Çünki onların qarşısına olduqca ağır “şərt”lər qoyulub və buna əməl etməyənlər müxtəlif üsullarla cəzalandırılırlar”. Süleyman Mikayılovun Qaradağ rayonu ərazisindəki torpaqların böyük bir hissəsini nəzarətində saxladığını, boş torpaqların bir hissəsini isə ayrı-ayrı şəxslərin xidmətinə verdiyini iddia edən mənbənin sözlərinə görə, belə davam edərsə bir müddət əvvəl Bakının Şıx çimərliyi ilə üzbəüz yerləşən “Dostluq” parkında yaşanan olay Qaradağda da təkrarlana bilər: “Bildiyiniz kimi, “Dostluq” parkında ağaclar qırılmış yerində dəyəri milyonlarla ölçülən əzəmətli vıillalar inşa edilmişdi.

Həmin villalar ayrı-ayrı vəzifə sahiblərinə, iş adamlarına, eləcə də məmurlara məxsus idi. Bununla bağlı ölkə başçısının kəskin çıxışından və sərt xəbərdarlığından sonra Bakı Şəhər İcra Hakimiyyəti birbaşa mer Hacıbala Abutalıbovun rəhbərliyi altında həmin villaları sökdü, yerlə bir etdi. Eyni olay Qaradağ rayonunda da yaşana bilər. Çünki bu gün rayonun müxtəlif ərazilərində bu cür əzəmətli villalara rast gəlmək mümkündür. Həmin villalar isə yaşıllıqların məhv edilməsi hesabına inşa olunub. Bu cür villalara dənizin sahillərində də rast gəlmək olar. Halbuki Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1 bəndinə əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz.

Süleyman Mikayılovun rəhbərlik etdiyi rayonda isə bu cür önəmli məqama əhəmiyyət vermədən, daha doğrusu qanunlara saymazyana münasibət sərgiləməklə ayrı-ayrı şəxslər dəniz kənarını zəbt edib həmin əraziləri hasara alıb villalar inşa ediblər. Bu isə qanun pozuntusundan başqa bir şey deyil. Çünki hər bir Azərbaycan vətəndaşının ölkə Konstitusiyasına uyğun olaraq istirahət etmək hüququ var. Lakin Qaradağ rayonunun ərazisindən keçən Xəzər dənizinin sahilinin çox hissəsi – ictimai mülkiyyətdə olan ərazilər məmurlar, sahibkarlar, oliqarxlar, iş adamları tərəfindən zəbt olunub. Sahilboyu otellər, villalar tikilib və hündür hasarlar çəkilib. Bu da öz növbəsində, Qaradağ rayon sakinlərinin Xəzər dənizindən məhrum olması ilə nəticələnib. Yaranmış vəziyyətə görə isə məsuliyyəti birbaşa icra başçısı Süleyman Mikayılov daşıyır…”

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

gundelik-baku.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR