Yeni deputatlar parlamentdə nədən danışacaqlar?

5i5Zm1Btenb7Milli Məclisin yeni tərkibində hazırki deputatlarla yanaşı ilk dəfə seçilən 27 millət vəkili fəaliyyət göstərəcək. Onların fəaliyyəti nədən ibarət olacaq, yeni deputatların hədəfləri nədən ibarətdir?

AzVision.az yeni deputatların parlamentə hansı layihə və ideyalarla gedəcəyini öyrənməyə çalışıb.

42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputat seçilən Tahir Mirkişili ilk öncə seçkilərin keçirilməsi prosesini, seçicilərin aktivliyini yüksək dəyərləndirib.

O, parlamentdə bir sıra məsələləri qaldırmaq istədiyini deyib: “Qeyri-neft sektorunun inkişafı, innovativ sahibkarlığa dəstək, elektron xidmətlərin artırılması, əlavə iş yerlərinin açılması, peşə təhsilinin inkişafı və bütün bunların Sumqayıt şəhərinin inkişafına birbaşa təsiri əsas fəaliyyət istiqamətlərim və planlarım olacaq. İş qabiliyyətli əlillərin iş fəaliyyətinə cəlb edilməsi ilə də bağlı xüsusi planlarımız var”.

Culfa-Babək seçki dairəsindən millət vəkili seçilən Ülviyyə Həmzəyeva professional rəssam olduğundan incəsənət sahəsinə daha çox önəm verəcəyini diqqətə çatdırıb.

“Millət vəkili hər bir insanın vəkilidir. Mən də hər bir insanın vəkili olacağam. Gələcəkdə daha çox incəsənət istiqamətində işlərin görülməsinə çalışacağam. İnanıram hər şey yaxşı olacaq. İlk dəfə millət vəkili seçildiyim üçün çox həyəcanlıyam. Həm də çox gəncəm. Millət vəkili seçilməyimə baxmayaraq, müəlliməlik fəaliyyətimi də davam etdirəcəyəm. Daha çox öz yaradıcılığıma vaxt ayırıram. İnanıram ki, gələcək də yaxışı rəssamlar yetişdirəcəyik”.

81 saylı Beyləqan seçki dairəsindən parlamentə seçilən Şahin İsmayılov Milli Məclisin ən gənc deputatı olmasına görə, çox sevincli olduğunu deyib. O qeyd edib ki, bu onun üçün böyük bir şans, imkandır: “Beyləqan seçicilərinə minnətdarlığımı bildirmək istəyirəm. Çünki onlar bizi çox isti qarşıladı və etimadlarını ən yüksək səviyyədə göstərdilər. Təbii ki, bizim geniş proqramımız var. Konstitusiya Məhkəməsi tərəfindən səlahiyyətlərimiz təsdiq ediləndən sonra həmin proqramın icrasına başlayacağıq. Proqramda gənclərlə işin qurulması, bir sıra beynəlxalq təcrübənin Beyləqana gətirilməsi, bu rayonun digər regionlarla əlaqəsinin daha da yaxşı qurulması kimi məsələlər var. Bu, bir məsuliyyətdir və gənclik enerjisi, dövlətimizin imkanlarından yararlanmaqla bu məsuliyyətin öhdəsindən layiqincə gəlmək niyyətindəyik”.

Milli Məclisə keçirilən seçkilərdə 99 saylı Şəmkir kənd seçki dairəsindən ilk dəfə millət vəkili seçilən Sona Əliyeva isə təhsillə bağlı müəyyən ideyalar və yeni layihələr üzərində çalışdığını bildirib.

Xanım deputat bildirib ki, parlamentdəki fəaliyyəti dövründə təhsil və qadınların problemləri ilə bağlı bir sıra məsələlələr də qaldırmaq niyyətindədir:

YAP-ın 19 saylı Nərimanov birinci seçki dairəsindən seçilən Hikmət Babaoğlu Milli Məclisə keçirilən V çağırış seçkilərin Azərbaycan demokratiyasının yeni inkişaf mərhələsi kimi tarixə düşdüyünü deyib.

Onun sözlərinə görə, bu seçkilər Yeni Azərbaycan Partiyasının növbəti qələbəsi ilə yadda qaldı: “Bu seçkilər milli demokratiyanın təntənəsi kimi yadda qaldı. Hesab edirəm ki, çox optimal və təcrübəli üzvlər seçildi. Yeni tərkib qanunvericiliyin daha da təkmilləşdirilməsində öz sözünü deyəcək. Çünki əgər seçilən parlament üzvlərinin təcrümeyi-halına nəzər yetirsək, orada kifayət qədər təcrübəli, savadlı, intellektual, Azərbaycan cəmiyyətinin ictimai-siyasi tərəqqisini çiyinlərində daşıya biləcək şəxsləri görəcəyik. Hesab edirəm ki, bu seçkilərdə çox uğurlu bir parlamenti formalaşdırdıq”.

Yeni deputat qeyd edib ki, Yeni Azərbaycan Partiyasının nümayəndəsi olduğu üçün şəxsi platforması yoxdur: “Mənim platformam da, proqramım da Yeni Azərbaycan Partiyasının proqram və platformasıdır. Bu da yeni hədəflərə hesablanır. Yeni hədəflər ölkənin hüquqi bazasını yeni keyfiyyətdə formalaşdırmaqdan, seçicilərin problemlərinə daha diqqətlə yanaşmaqdan, Azərbaycanın “Sosial dövlət fəlsəfəsi” kontekstində hər bir seçiciyə rifah bəxş etməkdir”.

35 saylı Xətai üçüncü seçki dairəsindən seçilən Araz Əlizadənin də parlamentdə qaldırmaq istədiyi bir neçə məsələ var.

O, müəllimlərin maaş məsələsi və hərbçilərin social təminatı ilə bağlı təkliflər edəcəyini deyib. “Müəllimlər yüksək maaş almalıdırlar ki, bütün biliklərini məktəbdə şagirdə öyrətsinlər və dərsdən sonra repetitorluqla məşğul olmasınlar. Onlar da öz övladlarının tərbiyəsi ilə məşğul olub, bizə savadlı övladlar versinlər.

Digər bir məsələ ondan ibarətdir ki, müqavilə ilə ordu olmalıdır. Onların bütün sosial problemləri həll edilməlidir. Hesab edirəm ki, hərbçilərin mənzil və təqaüd problemi həll edilməli, övladlarının imtiyazları olmalıdır. Çıxışlarım zamanı bu və ya digər məsələlərə toxunacağam”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR