Rusların türk gəmisinə atəşi yalan çıxdı

1450067400_0001Rusiyanın “Smetlivıy” sahil-mühafizə gəmisi tərəfindən atəşə tutulduğu iddia edilən Türkiyə balıqçı gəmisinin kapitanı baş verənləri təkzib edib.

ANS PRESS-in məlumatına görə, gəminin kapitanı Müzəffər Geçici «CNN Turk» telekanalına müsahibə verərək heç bir atəşlə üzləşmədiklərini bildirib.

«Balıqçılar Rusiya gəmisinə bir mildən (1,8 kilometrdən) çox yaxınlaşmayıblar, heç kim də bizə atəş açmayıb. Əgər atəş açıblarsa belə, bizim balıqçılar heç nə eşitməyiblər»,- deyə Geçici vurğulayıb. Onun sözlərinə görə, gəmi həmin an hərəkətdə olmayıb.

Türkiyəli kapitan bildirib ki, gəminin videomüşahidə kameralarının görüntüləri Türkiyənin sahil mühafizə xidmətinə verilib.

Dekabrın 13-də Rusiyanın«Smetlivıy» sahil-mühafizə gəmisi Egey dənizində, Yunanıstanın Lemnos adasının 22 kilometrliyində Türkiyəyə məxsus balıqçı gəmisinə atəş açdığını bildirmişdi. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, balıqçı gəmisi Rusiya gəmisinin 600 metrliyinə yaxınlaşdığına görə, onunla toqquşmamaq üçün bu addım atılmışdı.

Baş verənlə bağlı Türkiyənin hərbi attaşesi həmin gün təcili surətdə Rusiya Müdafiə Nazirliyinə çağrılıb.

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu Romada qatıldığı Beynəlxalq Liviya konfransından sonra türk jurnalistlərə məsələ ilə bağlı açıqlama verib: “Rusiya tərəfinin açıqlamasını gördük. İndi o balıqçı gəmisi müəyyən edilib və balıqçı ilə də görüşdükdən və işin necə olduğuna dair məlumat aldıqdan sonra lazım açıqlamaları verərik”.

Gərginlikləri dialoq yolu ilə aşmağın tərəfdarı olduqlarını deyən Çavuşoğlu bildirib: “24 noyabrda yaşanan bu kədərli hadisədən sonra da həmişə atdığımız addımlar bu istiqamətdə olub. Bu mövzuda Türkiyənin haqlı olduğunu bütün dünya da təsdiq edir. Türkiyənin yetkin, səbrli yanaşması, dialoq tərfdarı olması və gərginliyi artırmaq istəməməsi hər kəs tərəfindən təqdirlə də qarşılanmaqdadır. Bu səbəbdən balıqçıdan gerçək məlumatları, hadisənin necə baş verdiyini dinlədikdən sonra lazımlı açıqlamaları verəcəyik”.

Rusiyaya məxsus Su- 24 hərbi təyyarəsi noyabrın 24-də Türkiyə F-16 qırıcısı ilə vurulub. Təyyarə Türkiyənin hava sərhədini pozduğu üçün vurulub. Prezident Vladimir Putin hadisəni terrorçuların əlbirləri ilə Rusiyaya arxadan vurulan zərbə adlandırıb. Hadisədən sonra iki ölkə arasında gərginlik artıb – Rusiya Türkiyəyə qarşı sanksiyalar tətbiq edib, “Türk axını” layihəsini dayandırıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR