Türk biznesmen polisi ittiham edir

Ölkəmizdə neft bumu başlayandan sonra Azərbaycan əcnəbi iş adamlarına investisiya qoymaq üçün cəlbedici oldu. Ancaq bu cəlbedicilik məmur özbaşınalığı ilə üz-üzə qalan kimi az vaxtda boşa çıxdı. Onlar nəinki zəngin oldular, hətta öz pullarını da itirdilər. Öz ölkələrində qanunauyğun olaraq fəaliyyət göstərən əcnəbi iş adamları qarşılaşdıqları məmur özbaşınalığı ilə bağlı müxtəlif dövlət orqanlarına şikayətlər yazmağa başlayırlar. Məlumdur ki, bizim bəzi məmurlar ölkə qanunları ilə deyil, öz qanunuları ilə yaşayırlar. Bu günlərdə redaksiyamıza türkiyəli biznesmen Ali Kara müraciət edib. Onun sözlərinə görə, o, başqa bir türk biznesmen Bilal Yetimovadan 6 ton metal alıb: “ Sən demə, bu mal oğurluq imiş. Bu mal aprel ayında Azercell və Bakcell-ə məxsus baza stansiyasından oğurlanıb. Abşeron rayon polis idarəsinin müstəntiqi Emil Hacıyev bu malı müsadirə edib. O, eyni zamanda mənim Azercell-dən aldığım 3 ton malı da götürüb. Mən bu barədə polisə müraciət elədim. Mənə bildirdilər ki, məhkəmədən sonra sənin malın özünə qaytarılacaq. Ancaq mən buna inanmıram. Məndə olan məlumata görə polislər mənə məxsus malı satıblar”. Ali Kara qafqaznews.org-a bildirib ki, müstəntiq Emil Hacıyev Bilal Yetimovanı 2 gün saxlasa da, sonra külli miqdarda rüşvət alaraq azadlığa buraxdı. Biz Emil Hacıyevlə əlaqə saxlayıb məsələyə aydınlıq gətirmək istədik. O, bildirdi ki: “ Bu yalandır. Mən Ali Karanın metalını müsadirə etməmişəm. Biz ancaq oğurlanmış malı müsadirə etmişik”. “Bəs nə üçün Bilal Yetimovanı azadlığa buraxmısınız” sualına müstəntiq belə cavab verdi: “ O bilməyib ki, aldığı mal oğurluqdur.” Müxbirimizin “Bilal Yetimova dövlətə vergi ödəmədiyinə görə nə üçün məsuliyyətə cəlb olunmayıb” sualına müstəntiq çox əcaib cavab verib: “ Azərbaycanda dövlət qurumlarından yan keçərək hamı alver edir. Həm də istintaqa məlum deyil ki, o, oğurluq malı kimdən alıb”. Bilal Yetimova isə müxbirimizə bildirib ki, Emil Hacıyev yalan danışır, mən ona oğurluq malın kimdən alındığını demişdim. Müstəntiqin deyilənlərə münasibətini öyrənmək istəsək də, o vaxtının olmadığını əsas gətirərək, dəstəyi asdı.

Rəşad Rüstəmov, Araz Məmmədov
Qafqaz Xəbər Agentliyi ( qafqaznews.org)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR