Təhsil Nazirliyi Gürcüstanda təhsil alanlardan niyə imtina edir? – ŞİKAYƏT

1451110312_0001Tbilisi Humanitar Universitenin məzunu Valeh Əliyev Avropa.info-ya müvaricət edib.

Valeh Əliyev müraciətində məzunu olduğu universitetin diplomunun Təhsil Nazirliyi tərəfindən tanınmamasından şikayət edir.

V.Əliyev bildirir ki, o, 1999-cu ildə Tbilisi Humanitar Universitetinin hüquqşünaslıq fakultəsinə daxil olub. Bununla yanaşı, ildə iki dəfə olmaqla hər altı aydan bir Təhsil Nazirliyinə təhsil adığı universitetdə təhsil almağı ilə bağlı müvafiq arayışı təqdim edib: “Qeyd etdiyim arayış Təhsil Nazirliyinə təqdim edildikdən sonra təsdiqlənib əvvəllər hərbi uçotda olduğum Ucar rayon Hərbi Komissarlığına təqdim olunub. Qeyd etdiyim təhsil müəssisəsində 5 il təhsil və 2004-cü ildə təhsilimi başa vuraraq diplom almışam. 2004-cü ildə hərbi xidmətə çağrılmış və 1 il hərbi xidmət keçmişəm.

V.Əliyev 2013-cü ilin may ayında Təhsil Nazirliyinə diplomun nostrifikasiyası ilə bağlı müraciət etdiyini deyir: “Təhsil Nazirliyi məktubla müvafiq sənədlərin toplanması və notarial qaydada təsdiqlənməsi zəruri olan sənədlərin təqdim edilməsini bildirib. Mən də öz növbəmdə həmin sənədləri toplayaraq Təhsil Nazirliyinə təqdim etmişəm. Hətta Gürcüstan Respublikası Təhsil Nazirliyindən diplomuma apostil vurulub. 2013-cü ildə sənədlərlə tam formada tanış olunduqdan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qəbul edilib. Lakin buna baxmayaraq 19.12.2014-cü il tarixli məktubda mənim təhsil aldığım təhsil müəssisəsindən verilmiş diplomun ölkə ərazisində tanınmamağı barədə məlumat verilib. Buna baxmayaraq bu cür imtinanın səbəbləri barədə mənə heç bir məlumat verilməyib. Məhz buna aydınlıq gətirmək məqsədilə dəfələrlə Təhsil Nazirliyi müraciətlər etmişəm və imtinanın səbəbləri barədə yazılı məlumat verilməsini tələb etmişəm. Əlavə olaraq qeyd etmək istəyirəm ki, Təhsil Nazirliyinin səlahiyyətli əməkdaşı olan Nəzakət Hacıyeva adlı xanımın qəbulunda da olmuşam və onun tərəfindən də tam etinasızlıq və qərəzli münasibət sərgilənib. Nəticəsidir ki, mən bu gün də diplomumun hansı səbəblərdən dolayı tanınmadığı barədə Təhsil Nazirliyi tərəfindən rəsmi rəyi ( keçirilmiş ekspertiza və yaxud araşdırma barədə məlumatı) ala bilmirəm. Yəni mən bir vətəndaş olaraq bilməliyəm ki, mənim diplomum hansı səbəblərdən dolayı Azərbaycan Respublikasında tanınmır.
Sonra mənə bəlli oldu ki, Təhsil Nazirliyinin notrifikasiya oyununun tələsinə düşən təkcə mən deyiləm. Xaricdə, xüsusilə Gürcüstanda təhsil alan tələbələrin aqibəti mənimki kimidir. Hərəsinə də bir bəhanə ilə imtina verilir. Məsələn mənə verilmiş imtinada bildirilir ki, guya mən “3 gün ərzində 55 fənni mənimsədiyim” (??) üçün mənim diplomumumun tanınması mümkün deyil. Bu cür gülünc və biyabırçı cavabı görəndə özümdən çıxmışam. Necə yəni 3 gün ərzində 55 fənn ? Yəni Təhsil Nazirliyi hələ müəyyənləşdirməyib ki, 55 fənn mənim təhsil aldığım 5 il ərzində mənimsənilib. Digər tələbə yoldaşıma isə cavab olaraq bildirlib ki, sizin təhsil aldığınız təhsil müəssisəsi Azərbaycanda akkreditə olunmayıb və sizin diplomunuz tanınmır. Maraqlıdır ki, bunları niyə bizə təhsil aldığımız vaxt, hər 6 aydan bir ərazi üzrə hərbi komissarlığa səfirlikdən, Təhsil Nazirliyindən ali təhsil almağım barədə arayışlar təqdim etdiyim zaman demirdilər. Mənə təsir edən budur ki, Gürcüstan Təhsil Nazirliyi diplomuma apostil də vurulub. Mənə bu gün sabah deyə deyə Təhsil Nazirliyi dolayıb. İndi müraciət etmədiyim nazirlik qalmayıb. Hal hazırda Təhsil Nazirliyindən diplomun təsdiqlənməsini gözləyən bəlkə də onlarla tələbə var. Hərəyə də bir bəhanə ilə cavab verirlər. Əlavə yazdığımız məktubları isə sadəcə lazımsız kağız kimi kənara atırlar”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR