Qardaşı gecə saat 3-4 radələrində Heydər Babayevə nə üçün zəng vurmuşdu?

timthumb (1)12  ildir  bağlı  qalmış cinayət  işinin izi ilə…

Son 20-25 ildə bir çox ağır cinayət hadisələri, qətllər baş vermişdir ki, bu günədək müxtəlif səbəblərdən üstü açılmamış, yəni bağlı  qalır. Söhbət təkcə hüquq-mühafizə orqanlarında çalışanların  səriştəsizliyindən getmir. Belə ağır cinayətlərin açılmamasında cinayətkara yüksək vəzifəli məmurun himayədarlıq  etməsi də əsas ola bilər. Ya da ortada belə bir ehtimalın olması  qaçılmazdır. Əlbəttə bizim kimisə ittiham etmək fikrimiz yoxdur. Və eyni zamanda biz iddia eləmirik ki, ortada olan şübhələr tam reallığa uyğundur.

Qafqaznews.az  saytı  olaraq 12 ildir bağlı qalan belə cinayətlərdən birinin üzərinə işıq salmağa, açılmasına yardımçı olmağa çalışırıq.

Və bu məqsədlə ötən ilin sonunda bu cinayət işi ilə bağlı iki  yazı dərc etmişik. Bu yazılar  son həftədə xəbər saytlarında ən çox oxunan yazılardan biri, bəlkə də birincidir. Görünür, açılmayan cinayət işləri ilə bağlı yeni xəbərlər cəmiyyət tərəfindən maraqla qarşılanır. Əslində belə də olmalı və haqq-ədalət gec-tez öz yerini tapmalıdır.

Bəli, düz 12 il əvvəl, daha dəqiq desək, 2002-ci ilin mart ayının 15-dən 16-a keçən gecə təxminən saat 3-4 radələrində Bakı sakini Tərlan Əhmədov qətlə yetirilib. Onu da qeyd edək ki, Tərlan Əhmədov  o zaman Qiymətli Kağızlar Dövlət Komitəsinin sədri işləyən Heydər Babayevlə qohum olub. Belə ki, Tərlan Əhmədovun bacısı Zümrüd xanım Heydər Babayevin qardaşı Elçinin həyat yoldaşı olub. Elçin Babayev özü isə Sumqayıt Gömrük İdarəsində çalışıb. Məlumat üçün onu da qeyd edək ki, Tərlanın Reyhan adlı digər bacısı da olub. Bu qardaş-bacılar Yasamal rayonunun sakinləri olublar.

Hadisə barədə ilk məlumat  Yasamal RPİ-in 27-ci polis bölməsinin Qubanov 28 ünvanında xidmət edən sahə inispektoru İntizar Şahməmmədova və əməliyyat müvəkkili  İlkin Abbasova verilib.

Qətlə yetirilən Tərlanın meyidi isə Saray qəsəbəsi qəbristanlığının yaxınlığında çobanlar tərəfindən aşkarlanıb.

İlkin istintaq  zamanı məlum olub ki, Tərlanın baş nahiyəsindən yaxın məsafədən odlu silahla gicgahına güllə atılıb, güllənin yaxın məsafədən atıldığına görə mərhumun saçları  silahın odundan yanmışdır və beyin nahiyəsini dağıdaraq güllə çıxmışdır. Hadisə yerində güllənin gilizləri tapılmamışdır.

02 aprel 2002-ci il  tarixdə ilkin istintaqı  aparan Abşeron rayonunun prokuroru Aqşin Ziyadovun kabinetində əməliyyat müşavirəsi keçirilib. Qərara alınıb ki, Tərlanın cib telefonunun kitabçası yoxlanılsın. İstintaq zamanı məlum olmuşdur ki, qətlə yetirilən Tərlanın bacısının əri Elçin Babayev həmin gecə saat 3-4 radələrində Saray qəsəbəsində olub. İstintaq zamanı o da məlum olub ki,  hadisə baş verən zaman saat 3-4 radələrində Elçin Babayev  qardaşı Heydər Babayevə zəng edib.

İstintaq zamanı o da məlum olub ki, Tərlan başqa yerdə qətlə yetirilib və  onun meyidi sonradan Saray qəbristanlığına atılıb.

O da məlum olub ki, həmin gecə saat 3-4 radələrində Saray postunda Elçin Babayev  YPX-in əməkdaşları serjant  Əhmədağa Əliyev, Gülağa Hüseynov və  Vasif  Abbasov  tərəfindən idarə etdiyi avtomobildə saxlanılmışdır.

Düzdür, Tərlanın qətli ilə bağlı açılan cinayət işi hadisədən 1 ay sonra Daxili İşlər Nazirliyi  tərəfindən götürülüb.

Ortada bu qədər şahidlər  və faktlar olduğu halda görəsən cinayət işi niyə 12 ildir ki, bağlı qalıb..?

Sullar da çoxdur:

Gecə saat 3-4 radələrində Elçin Babayev Saray qəbristanlığı tərəfdə nə gəzirdi?

Gecə saat 3-4 radələrində Elçin qardaşı Heydər Babayevə nə üçün zəng etmişdi..?

Tərlanın bacıları  bu cinayət işi barədə nə düşünürlər..?

Bütün  bunlar və qətlin digər nüansları ilə bağlı növbəti yazımızda bəhs edəcəyik.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR