Azərbaycanda soyadlar məcburi milliləşdiriləcək

1“Mədəniyyət Komitəsi soyadların sonluğunun 6 variantını tövsiyə edib”.Azərbaycanda soyadlar məcburi milliləşdiriləcək. Qafqaznews.az  xəbər verir ki, bu barədə Lent.az-a Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, bununla bağlı AMEA-nın Adlar və soyadlar komissiyası Nazirlər Kabinetinə tövsiyələr verib.

Hazırda Nazirlər Kabineti bu işin hüquqi tərəfi üzərində işləyir. Bir az geciksə də, Nazirlər Kabineti tərəfindən soyadların milliləşdirilməsi ilə bağlı qərar veriləcək”.

Komitə sədri deyib ki, yeni qərar mənəvi baxımdan dünya azərbaycanlılarını, hüquqi baxımdan isə respublika vətəndaşlarını əhatə edəcək. Nazirlər Kabineti tərəfindən soyadların milliləşdirilməsi ilə bağlı verəcəyi qərar məcburi icra ediləcək:

“Bu, yeni doğulan uşaqlar üçün məcburi olacaq. Məsələn, ola bilməz ki, Nizami Cəfərov bu yaşında soyadının sonluğunu dəyişsin”.

N.Cəfərov onu da vurğulayıb ki, Mədəniyyət Komitəsi də soyadların milliləşdirilməsi ilə bağlı sənədin üzərində işləyir:

“Fikrimcə, ad və soyadlarla bağlı ayrıca yeni qanun qəbul olunmalıdır. Çünki bu sahədə, xüsusən də adlarla bağlı mürəkkəb məsələlər var. Bəzən uşaqlara elə adlar qoyulur ki, onlar özünü doğrultmur. Mədəniyyət Komitəsi soyadların sonluğunun 6 variantını tövsiyə edib. Ancaq bu gün azərbaycanlıların 80 faizinin soyad sonluğunu -ov, -yev, 10 faizini -lı, -li, -lu, -lü, 10 faizini isə -zadə sonluğu təşkil edir”.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR