“AAAF-İnşaat” MMC-nin rəhbəri haqda yeni şok faktlar

1412225149AZAL prezidenti Cahangir Əsgərovun himayəçisi olduğu şirkətin rəhbəri Tofiq Heydərovun ən müxtəlif dini qruplarla müdhiş əlaqələri üzə çıxır; MMC rəhbərinin hətta dindarların 2011-ci ildəki mitinqlərinə maliyyə dəstəyi verdiyi də iddia olunur.
Bir müddət əvvəl mətbuatda “AAAF Park” yaşayış kompleksində əməliyyat keçirildiyi və kompleksin daxil olduğu “AAAF İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərovun saxlanıldığı barədə məlumatlar yayılmışdı. Bu əməliyyatın həm vergidən yayınma, həm də korrupsiya faktları ilə bağlı keçirildiyi bildirilirdi. Eyni zamanda T.Heydərovun radikal dini qruplarla, vəhhabilərlə əlaqələrinin olduğu qeyd olunurdu.

Sonra MMC rəhbərliyi tərəfindən bu məlumatlar təkzib olunsa da, “AAAF İnşaat” daxilindən gələn məlumatlarda ortada ciddi problemlərin olduğu bildirilirdi.

Həmin məlumatlarda bildirilirdi ki, Xırdalanda yerləşən “AAAf Park” yaşayış kompleksində əməliyyat keçirilməsinin əsas səbəbi heç də T.Heydərovun vergidən yayınması deyil. Deyilirdi ki, bu əməliyyat daha çox T.Heydərovun Xırdalanda və ümumilikdə Abşeron rayonunda radikal vəhhabilərə maliyyə dəstəyi verməsi və onlarla sıx əlaqələr qurmasıdır.

Həmin məlumatlara görə, uzun illər T.Heydərov radikal vəhhabilərlə əlaqələri əsasən “AAAF İnşaat” MMC-nin rəhbərliyində təmsil olunan Pərvin Əliyev vasitəsilə qurub.  Onun şirkətində P.Əliyev vasitəsilə xeyli vəhhabi işə götürülüb. T.Heydərovun isə dini cərəyanlarla münasibətdə ikibaşlı oyun oynamasına dair məlumatlar dolaşırdı.  Bildirilirdi ki, əgər o, P.Əliyev vasitəsilə bir tərəfdən vəhhabilərlə münasibətlər qurur və onlara maddi dəstək verirsə, digər kanallarla nüfuzlu şiə dindarlarla münasibətlər yaradır, onlara köməkliklər göstərir.

Vəhhabilərə qarşı bir sıra əməliyyatlar keçirilməsi, özünün radikal dini qruplarla əlaqələrinin üzə çıxması, eləcə də elə Xırdalanda yerləşən “Sevil Massivi Yaşayış Komleksi”ni inşa etdirən “Sevil” MMC-nin rəhbəri Aynur Zeynalovun vəhhabilərlə əlaqələrinə görə həbsi T.Heydərovu qorxuya salıb.

Qeyd edək ki, “Sevil Yaşayış Massivi” Kompleksi ilə bağlı keçirilən əməliyyat və aparılan araşdırmalar zamanı bu massivdə vəhhabilərin çoxluq təşkil etdiyi, vaxtaşırı orada toplantılar keçirdikləri, hətta kompleksin ərazisində onlar üçün məscid tikintisinə başlandığı aşkarlanıb. Buna görə də “Sevil” MMC-nin fəaliyyəti dayandırılıb və rəhbəri həbs edilərək şirkətin qapısı möhürlənib.

Bütün bunlardan əndişələnən T.Heydərov isə vəhhabilərlə əlaqələri kəsmək qərarına gəlib. Bu isə həm “AAAF İnşaat”da gərginlik yaradıb, həm də bu şirkət və T.Heydərovun əməlləri ilə bağlı şok məlumatların yayılmasına səbəb olub. Belə ki, vəhhabilərlə əlaqələrinin üzə çıxmasından qorxuya düşən T.Heydərov “AAAF İnşaat” MMC-nin rəhbərliyində təmsil olunan Pərvin Əliyevi və onun vasitəsilə şirkətdə işə düzələn vəhhabiləri işdən çıxarıb. Bu isə işdən çıxarılanları qəzəbləndirib və mətbuata T.Heydərovun fəaliyyəti ilə bağlı müdhiş məlumatlar ötürülüb.

“Yeni Müsavat”a daxil olan məlumatda bildirilir ki, T.Heydərovun 2011-ci ildə Bakıda Azərbaycan İslam Partiyasının (AİP) xətti ilə mitinqlər təşkil edən ilahiyyatçı Zülfüqar Mikayılzadə ilə sıx əlaqələri olub və bu mitinqlərin təşkilinə dəstək verib.

Xatırladaq ki, Z.Mikayılzadəyə bu mitinqlərə görə şərti həbs cəzası verilib.
Aldığımız yeni məlumatda bildirilir ki, T.Heydərov “AAAF Park” yaşayış kompleksində toplanan xumsu Z.Mikayılzadəyə verirmiş. Xəbərdə kompleksdə toplanan xumsun illik məbləğinin 1 milyon dollar olduğu deyilir. O da qeyd edilir ki, İran müştehidləri bu xumsu dini fəaliyyət üçün Z.Mikayılzadənin götürməsinə icazə veriblərmiş.

Bundan başqa, T.Heydərov “AAAF Park” yaşayış kompleksindən Z.Mikayılzadəyə 87.565 manat dəyərində olan ev verib. Məlumatda o da qeyd edilir ki, T.Heydərovla Z.Mikayılzadənin 2015-ci ilin parlament seçkilərinə yönəlik bir sıra ciddi planları var. T.Heydərovun axşamlar AİP-in sədr əvəzi Elçin Manafovla görüşdüyü və tez-tez İrana səfər etdiyi də bildirilir.

Yayılan məlumatda T.Heydərovun İrana tez-tez səfərinin arxasındakı sirr pərdəsinin artıq açıldığı və bunun Azərbaycandakı dindarlarla sıx əlaqələri ilə bağlı olduğu bildirilir.

Qeyd edək ki, T.Heydərov əvvəllər AZAL prezidenti Cahangir Əsgərovun rəhbəri olduğu Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti olub.
Elə onun təsis etdiyi “AAAF-İnşaat” MMC-nin də adı məhz bu federasiyanın abreviaturasından götürülüb, himayəçisinin C.Əsgərov olduğu bildirilir.

Amma T.Heydərovun vəhhabilərlə və başqa dindarlarla sıx əlaqələrinin ortaya çıxması indi onu bitirə bilər. İndiki şəraitdə C.Hacıyevin də onu xilas edə biləcəyi çox çətin görünür.

Mövzu ilə bağlı əlavə məlumatlar əldə etməyə çalışacağıq.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR