Goranboylu kürəkən 7 nəfəri qumbara və ov tüfəngi ilə öldürüb -VİDEO (Yenilənib)

66077_res_01Daxili İşlər Nazirliyi (DİN) Goranboyda 7 nəfərin qətlə yetirlməsi ilə bağlı məlumat yayıb.

DİN-dən virtualaz.org-a verilən məlumatda bildirilir ki, oktyabrın 1-də saat 5 radələrində Goranboy rayonunun Səfikürd kəndində rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gəlib, kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.

R.Hüseynov könüllü olaraq Goranboy RPŞ-yə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.

*   *   *11:05

Goranboyda törədilən kütləvi qətllə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə qrupu hadisə yerinə göndərilib.

Bunu jurnalistlərə baş prokuror Zakir Qaralov bildirib. Baş prokuror ümid edir ki, hadisəsnin tam obyektiv istinqatı təmin olunacaq: “Goranboy rayonunda belə faciəvi hadisə baş verib. Bu barədə müavinim mənə gecə məlumat verdi. Baş Prokurorluğun məsul əməkdaşları hadisə yerinə ezam olunub. Cinayət hadisəsi ailə münaqişəsi zəminində törədilib. Hadisəni törədən şəxs tutulub və istintaq operativ şəkildə həyata keçirilir. Belə bir hadisənin baş verməsinə çox təəssüf edirik”.

Qeyd edək ki, oktyabrın 1-nə keçən gecə Goranboyda evə silahlı hücum nəticəsində 7 nəfər öldürülüb, iki nəfər isə ağır yaralanıb. Qətli törətməkdə şübhəli bilinən kürəkən saxlanılıb.

*   *   *10:37

Goranboyda 7 nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxs həbs olunub.

Bu barədə “Qafqazinfo”ya hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Hadisəni törədən şəxs 1978-ci il təvəllüdlü Rafiq Hüseynovdur. Məlumata görə, həmin şəxs ailənin yaxın qohumudur.

ANS-in məlumatına görə, hadisə Goranboyun Səfikürd kəndində qeydə alınıb. Qətliamı törədən şəxs Məmmədovlar ailəsinin yeznəsi olub. Ailə bir ay imiş ki, həmin şəxslə qohum olubmuş.

İlkin ehtimala görə, Rafiq bir ay əvvəl ailə həyatı qurduğu həyat yoldaşını gecə saatlarında möhkəm döyüb. Qadın ata evinə gəlib. Rafiq səhər saatlarında qayınatasıgilə gələrək avtomat silahla evdə olan qayınanasını, həyat yoldaşını, qayınlarını, baldızını və evin gəlinlərini güllələyib.

Qətlə yetirilən gəlinin əmisi oğlu Adil Məmmədovun sözlərinə görə, ölənlərdən 4-ü bir, 3 nəfər isə digər ailənin üzvləri olublar. Qətlə yetirilənlər arasında bir azyaşlı uşaq da var.

Ölən şəxslər bunlardır:

Diləzbər (ana)

Fərqanə (baldız)

Südabə (gəlin)

Namiq (qardaş)

Ofilə

Həvayət

İsa (3 yaş)

Məlumata görə, ailənin bir müddət öncə ailə quran qızı Südabə dünən səhər saatlarında ata evinə qayıdıb: “Bundan sonra kənddə ovla məşğul olan Rafiq zəng edərək yoldaşının geri gəlməsini tələb edib. Lakin ailə üzvləri qızlarını geri verməyəcəklərini deyiblər. Bundan snra Rafiq gecə saatlarında evə hücum edib”.

*   *   *10:17

Goranboy rayonunda kütləvi qətl törədilib.

Goranboy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, silahla evə hücum edən şəxs evdə 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb. Hadisə bu gün səhər saat 4 radələrində baş verib. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal edilir.

Goranboy Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR