Çin vətəndaşının Bakıda döyülməsi beynəlxalq skandala səbəb ola bilər – İş böyüyür, səfirlik də məlumatlıdır…

Çin vətəndaşı Yang Songliangın dediyinə görə o bu ilin avqust ayının 20-də Bakı şəhərində çin masajı xidməti üzrə “Şanxay” şirkətini yaradıb: “Mənim şirkətim çin meditasiyası xidmətini nəzərdə tutur. Azərbaycanda fəaliyyət göstərdiyim müddətdə qanunlara riayət eləməyə və rüşvətdən uzaq olmağa çalışdım. Mən şəhərin mərkəzində xidmət salonu açdım və Çindən 4 masajist dəvət elədim. İşçilərimin hər birinin Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olması üçün Dövlət Miqrasiya Xidmətinin rəsmi razılığı var.

Mən işin çoxluğunu nəzərə alaraq 5-ci masajist işə götürməyi qərara aldım. Və mənim şirkətim Çindən mütəxəssis dəvət elədi. Və bunun üçün lazım olan bütün qanuni sənədləri Dövlət Miqrasiya Xidmətinə təqdim elədik. Əmin idik ki, tezliklə zəruri icazəni alacağıq.

Ancaq tam əksi oldu. 13 noyabr 2014-cü il tarxidə saat 15:10-da Dövlət Miqrasiya Xidmətinin əməkdaşları gözlənilmədən və heç bir sənəd təqdim etmədən ofisimizə soxulublar. Xidmətin əməkdaşları ofisimizə soxulanda işə götürməyə hazırlaşdığım masajist xanım da orda olub.

Xidmətin əməkdaşları həmin xanımı qanunsuz sorğu-suala cəlb ediblər. Sonradan saat 19:45-də Xidmətin əməkdaşları yenidən ofisimizə gəliblər. Bu dəfə onlar masajist Taya Senklokdan sənədlərini tələb ediblər.

Belə olanda bizim işçimiz onlardan Miqrasiya Xidmətinin işçiləri olduğunu təsdiq edən sənəd tələb edib. Bu sualdan sonra Miqrasiya Xidmətinin əməkdaşları bizim işçini döyərək salonu tərk ediblər. Şirkətimizin işçiləri ağır zədə almış Taya Senkloku Kliniki Tibbi Mərkəzə aparıblar”.

Konfliktlə bağlı məqalə qafqaznews.org saytında dərc olunandan sonra əcnəbi sahibkarı DMX-nin ofisinə dəvət ediblər. Ancaq Çin vətəndaşı döyülməkdən qorxduğunu əsas gətirərək DMX-nin ofisinə getməkdən imtina edib.

 

Yang Songliang şirkətin ofisinə hücum edən Elman adlı Xidmət əməkdaşı ilə telefonla danışdığını da bildirdi: “ Elman dedi ki, DMX-nin şöbə müdiri Qüdrət Məmmədov səninlə görüşmək istəyir. Mən isə bildirdim ki, onunla görüşməyə qorxuram”.

Belə olanda Elman dedi ki, nədən qorxursan, müəyyən məbləğ verəndən sonra sənin işlərin müsbət həll olunacaq. Mən isə onun təklifindən imtina elədim.

9 dekabrda Çin vətəndaşının hüquqlarını müdafiə edən, Qafqaz Hüquq Mərkəzinin baş direktoru Samir İsmayılov qafqaznews.org-a müraciət edərək bildirdi ki, bu gün səhər mənə məlum oldu ki, Yang Songliang həbs olunub: “ Mən məsələni dəqiqləşdirmək üçün DMX-nin Regional idarəsinə zəng elədim. Ancaq ordan mənə bildirdilər ki, əcnəbi sahibkarın yeri onlara məlum deyil”.

Biz qərara gəldik ki, müstəqil araşdırma aparıb çinli sahibkarın həbs olunub-olunmadığını dəqiqləşdirək. Və DMX-nin mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdimiz uğursuz oldu. Onda DİN-in mətbuat xidmətinə zəng elədik. Oxucuda sual doğa bilər ki, nə üçün DİN? Çünki araşdırmamız zamanı görmüşdük ki, əcnəbi vətəndaşın həbs olunmasında DİN daha çox aktivlik edir.

DİN-in mətbuat xidmətinin rəhbəri Orxan Mansurzadə bizə bildirdi ki, Yang Songliangın həbsi ilə bağlı nazirlikdə məlumat yoxdur.

Qafqaznews.org-un müxbiri bu dəfə DİN-in Miqrasiya Xidmətinə müraciət edib. Nəhayət cavab alınıb. DİN-in Miqrasiya Xidmətindən növbətçi serjant Abışov bildirib ki: “ Çin vətəndaşını biz həbs eləmişik və onu DMX-yə göndərmişik”.

Çin Xalq Respublikasının ölkəmizdəki konsulu Adia Tsyao isə qafqaznews.org-a bildirib ki: “ DİN ÇXR vətəndaşının həbs olunması ilə bağlı bizə heç bir məlumat verməyib, bu beynəlxalq qanunvericiliyin pozulması deməkdir”.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı baş verənlərlə bağlı bildirib ki, əcnəbi həbs olunarkən onun vətəndaşı olduğu ölkənin səfirliyinə mütləq məlumat verilməlidir, görünür bizim məmurlar artıq əcnəbiləri bizimkilərlə səhv salırlar.

Hüquqşünas Erkin Qədirlinin fikrincə isə Yang Songliangın həbsi beynəlxalq qanunvericiliyin kobud pozulmasıdır: “ Bu hərəkəti edən polislər Çində yaşayan həmvətənlərimizi düşünməlidirlər, çünki onlarla da belə davranıla bilər”.

Helsinki Vətəndaş Assambleyasının Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva isə bildirib ki: “ Əcnəbi vətəndaş həbs olunan kimi onun ölkəsinin səfirliynə məlumat verilməlidir. Hazırda baş verənlər beynəlxalq hüquq pozuntusudur”.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (Qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR