Dövlət Miqrasiya Xidməti qanunları pozduğunu etiraf edir? –FOTO,VİDEO

11 dekabrda qafqaznews.org saytında “Dövlət Miqrasiya Xidməti çinli biznesmeni gizlədir?” başlıqlı məqalə dərc olunmuşdu. Məqalədə çinli biznesmenin DİN-in Miqrasiya Xidməti tərəfindən saxlanılaraq DMX-yə təhvil verilməsindən bəhs edilirdi.

Xatırlatma üçün bildirək ki, Çin vətəndaşı Yang Songliang bu ilin avqust ayının 20-də Bakı şəhərində çin masajı xidməti üzrə “Şanxay” şirkətini yaradıb. Yang Songliang Dövlət Miqrasiya Xidmətinin rəsmi razılığı ilə Çindən 4 masajist gətirib. İşin çoxluğunu nəzərə alan əcnəbi sahibkar 5-ci masajist işə götürməyi qərara alaraq Çindən mütəxəssis dəvət edib. Və bunun üçün lazım olan bütün qanuni sənədləri DMX-yə təqdim edib. Əcnəbi iş adamı düşünüb ki, tezliklə zəruri icazəni alacaq.

Lakin 13 noyabr 2014-cü il tarxidə saat 15:10-da Dövlət Miqrasiya Xidmətinin əməkdaşları gözlənilmədən və heç bir sənəd təqdim etmədən ofisə soxulublar.

Yang Songliangın Qafqaz Xəbər Agentliyinə(qafqaznews.org) dediyinə görə: “Xidmətin əməkdaşları ofisə soxulanda işə götürməyə hazırlaşdığım masajist xanım da orda olub. Xidmətin əməkdaşları həmin xanımı qanunsuz sorğu-suala cəlb ediblər. Sonradan saat 19:45-də Xidmətin əməkdaşları yenidən ofisimizə gəliblər. Bu dəfə onlar masajist Taya Senklokdan sənədlərini tələb ediblər. Belə olanda bizim işçimiz onlardan Miqrasiya Xidmətinin işçiləri olduğunu təsdiq edən sənəd tələb edib. Bu sualdan sonra Miqrasiya Xidmətinin əməkdaşları bizim işçini döyərək salonu tərk ediblər. Şirkətimizin işçiləri ağır zədə almış Taya Senkloku Kliniki Tibbi Mərkəzə aparıblar”.

Döyülmə faktı ilə bağlı Nəsimi RPİ-nin 22-ci PB-də təhqiqat başlayıb. Təhqiqat bitəndən sonra Nəsimi rayon prokurorluğunda cinayət işi açılıb. Cinayət işinin istintaqı müstəntiq Vüsal Tağıyevə həvalə olunub.

Məsələ ilə bağlı qafqaznews.org saytında məqalə dərc olunandan sonra Yang Sonqliang bizimlə yenidən əlaqə saxlayaraq bildirdi ki: “ Şirkətimizin ofisinə hücum edən Elman adlı Xidmət əməkdaşı mənə telefonda dedi ki, DMX-nin şöbə müdiri Qüdrət Məmmədov səninlə görüşmək istəyir. Mən isə bildirdim ki, onunla görüşməyə qorxuram. Onda Elman mənə dedi ki, nədən qorxursan, müəyyən məbləğ verəndən sonra sənin işlərin müsbət həll olunacaq. Mən isə onun təklifindən imtina elədim”.

9 dekabrda Çin vətəndaşının hüquqlarını müdafiə edən, Qafqaz Hüquq Mərkəzinin baş direktoru Samir İsmayılov qafqaznews.org-a müraciət edərək bildirib ki, bu gün səhər mənə məlum oldu ki, Yang Songliang həbs olunub.
DİN-in Miqrasiya Xidmətindən növbətçi serjant Abışov qafqaznews.org-a bildirib ki: “ Çin vətəndaşını biz həbs eləmişik və onu DMX-yə göndərmişik”.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə bizə bildirdi ki, DMX mütləq çinli vətəndaşın yeri ilə bağlı onun vəkilinə və Çin səfirliyinə məlumat verməlidir.

Çin Xalq Respublikasının ölkəmizdəki səfirinin köməkçisi Katya Sya isə müxbirimizə bildirib ki, Yang Songliangın saxlanması ilə bağlı Miqrasiya Xidməti bizə heç bir məlumat verməyib.

Nəhayət 15 dekabrda Yang Songlianq tapıldı. O, bizə Çindən zəng elədi: “ 13 dekabrda DMX-nin əməkdaşları məni zorla təyyarəyə mindirdilər. Mən Çinə qayıtmaq istəmirdim. Mənimlə bərabər Taya Senkloku da ölkədən çıxardılar”.

Xatırlatma üçün bildirək ki, Taya Senklokun döyülməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda cinayət işi açılıb və Yang Songliangın adı həmin işdə şahid kimi keçir.

Nəsimi rayon prokurorluğunun müstəntiqi Vüsal Tağıyev bizə bildirib ki, zərərçəkən, yaxud şahid ölkəni könüllü tərk edə bilər, bunu qanun qadağan eləmir.

Müxbirimizin “Axı, onlar ölkədən zorla çıxarılıblar. Yeri gəlmişkən, siz DMX-yə müraciət edib bu məlumatı dəqiqləşdirə bilərsiniz” sualına müstəntiq belə cavab verib:“ Mənə onların cavabı əvvəlcədən məlumdur. DMX deyəcək ki, Yang Songliang və Taya Senklokı biz ölkədən çıxarmamışıq”.

Biz hər iki əcnəbi vətəndaşın ölkədən zorla, yoxsa könüllü getdiyinə aydınlıq gətirmək üçün DMX-yə zəng elədik.
DMX-nin əməkdaşı İsmayıl ( soyadını demədi ) bildirdi ki:” Bəli, “Şanxay” şirkətinin sahibini biz Çinə yola salmışıq. Əgər narazılığı varsa, məhkəməyə müraciət eləsin”.

Çin vətəndaşının hüquqlarını müdafiə edən, Qafqaz Hüquq Mərkəzinin baş direktoru Samir İsmayılov isə qafqaznews.org-a bildirib ki: “ DMX-nin əcnəbi vətəndaşı ölkədən çıxartmaq hüququ yoxdur. Bunu ancaq məhkəmə edə bilər. Ona görə də DMX qanunları pozub”.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi(qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR