Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Prezidentin əmrini pozur?-FOTO,VİDEO

16 noyabr 2014-cü ildə qafqaznews.org saytında “Dövlət Miqrasiya Xidmətinin əməkdaşları mənim işçimi döyüblər” başlıqlı məqalə dərc olunmuşdu.

Məqalə Çin Xalq Respublikasının vətəndaşı, “Şanxay” MMC-nin sahibi Yang Songliang ilə Dövlət Miqrasiya Xidmətinin arasındakı konflikdən bəhs edirdi.

Çinli sahibkarın sözlərinə görə : “Bu ilin avqust ayının 20-də öz şirkətimi yaratdım. Mənim şirkətim çin meditasiyası xidmətini nəzərdə tutur. Mən şəhərin mərkəzində xidmət salonu açdım və Çindən 4 masajist dəvət elədim. İşçilərimin hər birinin Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olması üçün Dövlət Miqrasiya Xidmətinin rəsmi razılığı var”.

Yang Songliangın qafqaznews.org-a dediklərinə görə : “ Mənim salonuma tanınmış biznesmenlər və mədəniyyət xadimləri müraciət edirdilər. Mən işin çoxluğunu nəzərə alaraq 5-ci masajist işə götürməyi qərara aldım. Və mənim şirkətim Çindən mütəxəssis dəvət elədi. Və bunun üçün lazım olan bütün qanuni sənədləri Dövlət Miqrasiya Xidmətinə təqdim elədik. Əmin idik ki, tezliklə zəruri icazəni alacağıq. Ancaq tam əksi oldu. 13 noyabr 2014-cü il tarxidə saat 15:10-da Dövlət Miqrasiya Xidmətinin əməkdaşları gözlənilmədən və heç bir sənəd təqdim etmədən ofisimizə soxuldular. Mənim işçilərim qanuni yoxlamalar üçün zəruri olan “Ədliyyə nazirliyinin reestrindən çıxarış” tələb etsələr də Xidmətin əməkdaşları çıxarış təqdim eləməkdən imtina ediblər”.

Yang Songliang sonra qeyd edir ki, Xidmətin əməkdaşları ofisimizə soxulanda işə götürməyə hazırlaşdığım masajist xanım da orda olub: “ Xidmətin əməkdaşları həmin xanımı qanunsuz sorğu-suala cəlb ediblər. Ondan sonra saat 19:45-də Xidmətin əməkdaşları yenidən ofisimizə gəliblər. Bu dəfə onlar masajist Taya Senklokdan sənədlərini tələb ediblər. Belə olanda bizim işçimiz onlardan Miqrasiya Xidmətinin işçiləri olduğunu təsdiq edən sənəd tələb edib. Bu sualdan sonra Miqrasiya Xidmətinin əməkdaşları bizim işçini döyərək salonu tərk ediblər”.

Yang Songliang bildirir ki, şirkətimizin işçiləri ağır zədə almış Taya Senkloku Kliniki Tibbi Mərkəzə aparıblar.
Ofisə hücumdan sonra Şanxay MMC-nin sahibi öz hüquqlarını qorumaq üçün Qafqaz Hüquq Mərkəzi ilə müqavilə bağılayır.

Mərkəzin baş direktoru Samir İsmayılovun qafqaznews.org-a dediyinə görə, o, Ədliyyə Nazirliyinə müraciət edib: “ 15 fevral 2011-ci il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrinin forması və aparılması qaydası haqqında” sənədə görə istənilən yoxlama reyestrdə qeyd olunandan sonra baş tuta bilər. Əks halda yoxlama qanunsuz hesab olunur. Ədliyyə Nazirliyinin məktubuna əsasən “Şanxay”dakı yoxlamanın vaxtı reyestrdə 13 noyabr 2014-cü il, saat 17:56-dır. Ancaq “Şanxay”ın ofisində yoxlama 13 noyabr 2014-cü il, saat 15:10-da, yəni reyestrə qeyd olunandan əvvəl keçirilib. Deməli, DMX yoxlamalarla bağlı Prezident tərəfindən təsdiq edilən qaydanı kobud şəkildə pozub.

Həqiqətənmi, DMX ölkə başçısı tərəfindən təsdiq olunmuş qaydanı pozub?

Bu suala cavab almaq üçün dəfələrlə DMX-yə müraciət eləsək də cəhdlərimiz nəticəsiz oldu.

Yeri gəlmişkən, DMX əməkdaşlarının “Şanxay”ın ofisinə hücumunu araşdıran 22-ci Polis Bölməsinin əməkdaşı Kazımov da müxbirimizə bildirmişdi ki, ofisdə yoxlama gündüz saat 3-də olmuşdur.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR