DSX Xəzər dənizində taktiki təlimlər keçirib

14186330495942110466_750x500

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən Dövlət Sərhəd Xidməti dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində təhdidlərə qarşı effektiv mübarizə fəaliyyətinin təmin edilməsi və dənizdəki şəraitdən müfəssəl şəkildə xəbərdar olma, müasir texniki imkanlardan istifadə etməklə döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirləri davam etdirməkdədir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AzərTAc-a bildiriblər ki, bu il dekabrın 8-dən 11-dək “Dövlət Sərhəd Xidmətinin qüvvə və vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində neft-qaz infrastrukturuna qarşı təhlükə yarandıqda sərhəd axtarışının təşkili, terror-təxribat qüvvələrinin aşkarlanması, raket-artilleriya qurğularından gecə və gündüz döyüş atışı ilə zərərsizləşdirilməsi və baxış əməliyyatlarının aparılması” mövzusunda taktiki təlimlər keçirilib.

Xəzər dənizində mümkün təhdidlərə qarşı hərbi hissə və bölmələrin birgə xidməti-döyüş və əməliyyat-taktiki hərəkət elementlərinin təkmilləşdirilməsi məqsədilə on taktiki epizod üzrə dörd mərhələdə keçirilən təlimlərdə: neft-qazçıxarma rayonlarının, platformaların, ixrac boru kəmərlərinin mühafizəsi və müdafiəsinin gündəlik şəraitdən fövqəladə şəraitə keçirilməsi və birgə sərhəd axtarışının aparılması, sorğuya cavab verməyərək neft platforması istiqamətində hərəkətini davam etdirən gəminin dayandırılması, çevik-hərəkət qrupunun helikopter vasitəsi ilə gəmiyə çıxarılması, şərti düşmənin terror-təxribat qrupunun zərərsizləşdirilməsi, dayandırılmış gəmiyə xüsusi axtarış vasitələri ilə baxış keçirilməsi və kütləvi qırğın silahlarının komponentlərinin, həmçinin narkotik vasitələrin aşkar edilməsi, sərhəd gözətçi gəmiləri tərəfindən şərti düşmənin terror-təxribat qrupunun qaranlıqda aşkarlanması və məhv edilməsi, şərti düşmənin sualtı təxribat qruplarının aşkarlanaraq zərərsizləşdirilməsi, helikopterlərin və sərhəd gözətçi gəmilərinin zenit-artilleriya qurğuları və raket komplekslərindən günün işıqlı və qaranlıq vaxtlarında döyüş atışlarının keçirilməsi kimi təlim tapşırıqları uğurla icra olunub.

Cari il iyulun 18-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin bazasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin açılışını etdiyi “Gəmi inşası zavodu”nda inşa olunmuş itisürətli və yüksək üzmə qabiliyyətinə malik, mükəmməl naviqasiya və radiotexnika avadanlıqları ilə, müasir silahlarla təchiz edilmiş iki yeni sərhəd gözətçi gəmisi təlimlərdə uğurla sınaqdan keçirilib və Azərbaycanın hərbi dəniz tarixində ilk dəfə zenit-artilleriya qurğuları və raket komplekslərindən gecə atışları müvəffəqiyyətlə yerinə yetirilib.

Təlimlərdə qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunub, şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı nümayiş etdirib.

Təlimlərin uğurlu yekunu münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev təlimə cəlb olunan şəxsi heyəti təbrik edib.

General-polkovnik Elçin Quliyev Xəzər dənizində dövlət sərhədlərinin etibarlı mühafizəsinin və neft-qaz hasilatı-daşınması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin Dövlət Sərhəd Xidmətinin əsas vəzifələri olmasını xüsusi vurğulayıb, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının daha da artırılması istiqamətində hərbi hissə və bölmələr qarşısında konkret tapşırıqlar müəyyən edib.

Təlimlər zamanı yüksək peşəkarlıq nümayiş etdirən hərbi qulluqçular təltif olunublar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR