Biləsuvar təhsilində yığılıb qalan problemlər

загруженное_(13)(7)Rayon təhsilini Balaqardaş Kazımovun girovundan qurtarmaq lazımdır

Biləsuvar rayonunun təhsil sistemində illərdən bəri yığılıb qalan müxtəlif problemlər hələ də öz həllini tapa bilmir. Daxil olan məlumatlarda bu problemlərdən biri kimi müəllimlərin dərs saatlarından əlavə, əvəzçilik üzrə verdikləri dərslərin məvacibini ala bilmədiklərinin olduğu bildirilir. Belə ki, müəllimlər həmin dərsləri tədris etsələr də, məvaciblər hesablanmır, bununla bağlı şikayətlərə isə əhəmiyyət verilmir. Həmçinin şikayətçilər bildirirdilər ki, məsələ ilə bağlı dəfələrlə rayon təhsil şöbəsinin müdiri Balaqardaş Kazımovun yanında olublar, ancaq B.Kazımov problemin ondan asılı olmadığını deyərək yaxasını kənara çəkib. Başqa sözlə desək, RTŞ müdiri bu məsələnin Təhsil Nazirliyi səviyyəsində öz həllini tapa bilmədiyini vurğulayırdı. Lakin mənbələr iddia edirlər ki, yaranmış problem yalnız Biləsuvarın təhsil şöbəsi və məktəb direktorlarının birgə həyata keçirdikləri müxtəlif maxinasiyaların nəticəsidir. Həmçinin daxil olan məlumatlara görə belə qənaətə gəlmək olur ki, bütün tənqidi çıxışlara, ictimai müzakirələrə və hətta müəllimlərin Təhsil Nazirliyinə dəfələrlə olunan müraciətlərinə baxmayaraq, Biləsuvar rayon Təhsil Şöbəsində özbaşınalıqlar bu gün də səngimir. Düzdür Təhsil Nazirliyindən bu müraciətlərə cavab gəlir. Hələ bir neçə il əvvəl alınmış belə cavablardan birində isə xüsusi olaraq qeyd olunmuşdu ki, məvacibin hesablanmaması qanunsuzdur və heç bir halda müəllimin adına yazılan əvəzçilik üzrə dərs saatlarının pulu mənimsənilə bilməz. Belə hallara yol verənlər isə cəzalandırılacaqlar. Yeri gəlmişkən, məhz elə bundan sonra müəllimlər tam əmin olmuşdular ki, onların əmək haqqları ilə maxinasiyalara bir başa rayonun Təhsil Şöbəsində yol verilir və şöbə müdiri bu qanunsuz əmələ görə məsuliyyət daşıyır. Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq, Balaqardaş Kazımovu nə cəzalandıran var, nə də onun qanunsuz əməllərinə son qoyan. Yuxarı instansiyalara ünvanlanan şikayət ərizələrində isə bildirilir ki, Biləsuvar rayonunda təhsilin səviyyəsi bütün ölkə üzrə ən geridə qalanlar sırasındadır. Bunu ortalama statistika ilə də görmək olar. Səbəb isə budur ki, Balaqardaş Kazımov rayon təhsilini inkisaf etdirmək əvəzinə, qarşısına bir məqsəd qoyub, o da müəllimlərdən pul toplamaq və dərs saatları ilə alver etməkdir. Məlumatlarda bildirilir ki, Balaqardaş Kazımov öz əməllərinə görə heç kimlə hesablaşmır. Ən adi davranış qaydalarına belə riayət etmir, ətrafındakılarla həddindən artıq kobud davranır və işi gücü ancaq direktorlardan davamlı olaraq pul tələb etməkdir. Biləsuvar məktəblərində kütləvi şəkildə saxta diplomlu şəxslərin dərs dediyinə də diqqət çəkən mənbələr bildirirlər ki, kolleclərdən saxta diplom alan və heç bir savadı, pedeqoji təcrübəsi olmayan bu gənc qızları Balaqardaş Kazımov 5000 manat alaraq işə götürür. Bəzən buna görə qanunsuz olaraq siniflər parçalanır, əlavə siniflər yaradılır və dövlət büdcəsinə ziyan vurulur.

Digər tərəfdən isə, RTŞ müdirinin maxinasiyalarına şərik olan bəzi məktəb direktorları da Balaqardaş Kazımovun dəstəyinə güvənərək rəhbərlik etdikləri təhsil müəssisələrində olmazın özbaşınalıqlıalr törədirlər. Yeri gəlmişkən, qəzetimizin ötən saylarında biz belə müəssisə rəhbərlərindən ikisinin, Biləsuvar rayonu Aşağı Cürəli kənd orta məktəbinin direktoru Ələsgər Şahbazovun və Əliabad kənd orta məktəbinin direktoru Bəsirə Rüstəmovanın qanunsuz əməllərindən bəhs edən tənqidi materiallar dərc etmişdik. Bu xüsusda aldığımız məlumatlarda ilk növbədə qeyd olunur ki, direktorların tapşırığı ilə onların rəhbərlik etdikləri məktəblərdə çalışan müəllimlərdən hər ay müəyən məbləğdə pulyığılır. Belə ki, Bəsirə Rüstəmovanın göstərişinə əsasən hər ay müəllimlərin, eləcə də məktəbin bütün digər işçilərinin maaşlarından hərədən 10 manat olmaqla pul tutulur və yığılan məbləğ direktora təhvil verilir. Daha sonra məlumatda Bəsirə xanımın digər bir qazanc mənbəyi kimi məktəbdə “ölü canlar” təcrübəsinin geniş tətbiqi olunduğu göstərilir. Qeyd olunur ki, Əliabad kənd orta məktəbində adları gedən bir çox müəllimlər əslində burada dərs demirlər. Həm də mənbə bu ittihamın təsdiqi kimi konkret adlar da təqdim edir. Belə ki, iddiaya görə müəllimlərdən Günel Əhmədova, Könül Balaqardaş qızı və Günəş İmanovanı həmin məktəbdə ümumiyyətlə görüb-tanıyan demək olar ki, yoxdur. Halbuki, bu şəxslərin də adlarına hər ay dövlət büdcəsindən əmək haqqı ayrılır. Təbii ki, bu pullar da yığılan aylıqlar kimi direktor tərəfindən mənimsənilir. Bəsirə Rüstəmovanın törətdiyi digər bir maxinasiya da rayonda fəaliyyət göstərən ticarət obyektləri ilə qurduğu “işbirliyi” xüsusundadır. Bu barədə məlumatda bildirilir ki, direktor guya ki, rəhbərlik etdiyi məktəbin təmir olunması məqsədilə rayondakı inşaat materialları dükanlarının bir neçəsindən nisyə mal-material almışdır. Bu zaman ödənişə təminat kimi isə, müəllimlərdən bəzilərinin maaş kartları həmin dükanlara girov qoyulmuşdur. Təbii ki, alınan inşaat materiallarını da məktəbdə görən olmayıb. Digər tərəfdən isə, həm müəllimlər, həm də ticarət obyektlərinin sahibləri sözün əsil mənasında Bəsirə xanımın girovuna çevriliblər. Belə ki, müəllimlər maaşlarını, ticarətçilər isə satdıqları malların pulunu hələ də ala bilmirlər. Redaksiyamıza daxil olan digər məlumatlarda isə rayonun Aşağı Cürəli kənd orta məktəbinin direktoru Ələsgər Şahbazovun fəaliyyətində yer almış bir sıra neqativ hallara dair açıqlamalar təqdim olunmuşdur. Məlumatlarda bildirilir ki, artıq 30 ildən artıq müddət ərzində bu məktəbə rəhbərlik edən Ələsgər müəllim təqaüdə çıxma yaşını çoxdan adlasa da, Biləsuvar Rayon Təhsil Şöbəsinin rəhbərliyi onun bu vəzifədə qalmasını bütün vasitələrlə təmin etməyə çalışır. Təbii ki, Balaqardaş Kazımovun bunda öz maraqları var. Məlumatlarda Ələsgər Şahbazovun rəhbərlik etdiyi kənd orta məktəbində dərs saatlarının bölgüsü zamanı ciddi qanun pozuntularına yol verildiyini vurğulayır. Açıqlamalarda bildirilir ki, direktorun Alimə və Esmir adlı iki qızı da bu məktəbdə müəllim işləyirlər və məktəbdə ən çox dərs saatları da məhz onlara yazılır. Həmçinin direktorla yaxşı münasibətlərdə olan bəzi müəllimlər də kifayət qədər dərs saatları ala bilirlər. Yaxşı münasibətlər isə əlbəttə ki, direktora verilən rüşvətin əsasında qurulur. Lakin direktor “saat satışı” məsələsində özünü də unutmur. Mənbə bildirir ki, məktəbin 7-ci, 8-ci və 9-cu sinifləri üçün nəzərdə tutulmuş riyaziyyat fənnindən maraq dərsləri müxtəlif müəllimlərin adlarına yazılsa da, bu dərsləri əslində Ələsgər müəllimin katibəsi “yola verir”. Ayın axırında isə həmin saatlara görə maaşı direktor özü alır. Təbii ki, direktorun bu özbaşınalıqları bəzi müəllimləri də öz vəzifələrinə “barmaqarası” baxmağa sövq edir. Məsələn, məlumatlarda bildirilir ki, Aşağı Cürəli kənd orta məktəbində informatika fənnindən dərs deyən İlkin müəllim məktəbdə çox nadir hallarda tapılır. Ələsgər Şahbazov isə aralarında olan razılaşmaya “sadiq qalaraq” İlkin müəllimin dərslərinin məktəbin texniki personalı tərəfindən aparılmasına göz yumur. Daxil olan məlumatlarda diqqəti cəlb edən daha bir maraqlı məqam Aşağı Cürəli kənd orta məktəbinin idarəçiliyində az qala “gestapo” üsullarının tətbiq olunduğuna dair iddialarla bağlıdır. Bu xüsusda mənbə bildirir ki, Ələsgər Şahbazov yol verdiyi qanunsuzluqlara görə gec-tez cavab verməli olacağını da yaxşı bilir. Buna görə də həmin vaxtı mümkün qədər uzatmaq üçün idarə etdiyi məktəbi maksimum dərəcədə qapalı informasiya məkanına çevirmək üçün müvafiq tədbirlər görür. Məsələn, belə tədbirlərdən biri olaraq, mənbə müəllim və şagirdlərin xüsusi adamlar tərəfindən güdüldüyünü qeyd edir. Ümumiyyətlə mənbələr bildirirlər ki, Aşağı Cürəli kənd orta məktəbində gedən proseslər bir çox müəammalar ilə müşayiət olunur. Belə ki, məktəbin xadiməsi olan Afət xanımın hansısa təsir vasitələrinə sahib olma səbəbindən, onun direktorun və bəzi rəhbər işçilərin üzərində müəyyən mənada hökmü olması şagird və müəllimlərə yaxşı məlumdur. Lakin bu səlahiyyətlərə hansı maxinasiyalardan xəbərdar olduğuna görə sahib çıxması barədə olan söhbətlərdən Afət xanım hər zaman böyük məharətlə uzaqlaşa bilir.

Təbii ki, bütün bunlar ilk növbədə Biləsuvarın təhsil sistemini bürümüş ümumi böhranın kiçik təzahürləridir və bu neqativ halların tez bir zamanda aradan qaldırılmasına nail olmaq, əslində elə də çətin deyil. Bunun üçün isə ilkin zəruri şərt Biləsuvar təhsilini Balaqardaş Kazımovun girovundan qurtarmaqdır.
Məqalədə adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

bizimdovr.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR