“Rusiyanın Dəniz registri” həkimlərin dələduzluğunu gizlədir? (II hissə)

registr_sudov (1)(Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz )

Şirkətin hüquqşünası Larisa Yahyazadə Tamara Şıxsəidovanın dedikləri ilə razı deyil: “Şıxsəidova ilə bağlanan müddətli əmək müqaviləsi obyektiv səbəbdən dayandırılıb. Şirkətin onunla müqaviləsi 30 dekabr 2013-cü ilədək olub. Bizim əsas işçi analıq məzuniyyətində olduğu üçün Tamara onun yerinə müvəqqəti götürülüb. 27 dekabrda əsas işçimizdən ərizə daxil oldu ki, işə qayıdıram. Onu da bildirim ki, Şıxsəidova şirkətimizlə bağlı Dövlət Əmək Müfəttişliyinə də müraciət edib. Həmin qurumun əməkdaşları bizdə yoxlama apardılar və əmin oldular ki, heç bir qanuna zidd hərəkət yoxdur. Şıxsəidovanın müraciət elədiyi bütün məhkəmələr də bizim haqlı olduğumuz barədə hökm çıxarıblar. Biz Əmək məcəlləsinin 79.2-ci maddəsinə əsaslanmışıq”. Larisa Yahyazadə qeyd elədi ki, Tamara Şıxsəidova əmək müqaviləsinin 30 dekabr 2013-cü ilədək uzadılmasını xahiş edərək ərizə yazmışdı: “ 24 dekabr 20013-cü ildə ona rəsmi bildiriş verildi ki, 30 dekabrda onunla bağlanan müvəqqəti əmək müqaviləsinin müddəti başa çatır. Bu bildirişi bütün sənədlərdə qeyd eləmişik. Şıxsəidova şəxsən özü də bu bildiirşi almağı ilə bağlı imza edib. Beləliklə müqavilə hər iki tərəfin razılığı ilə qüvvədən düşüb”. Hüquqşünasın sözlərinə görə, şirkətin Şıxsəidovaya göndərdiyi bildirişdə əsas işçimizin öz işinə qayıtması qeyd olunmayıb. Müxbirimizin “ Nə üçün?” sualına hüquqşünas “Buna ehtiyac görməmişik” cavabını verib. Müxbirimizin “ Nə üçün şirkətiniz 8 yanvar 2014-cü ildə bitən xəstəlik bülleteni üçün pul ödəyib?” sualına hüquqşünas belə cavab verib: “ Xəstəlik kağızı ilə bağlı pulu şirkət öz gəlirindən ödəyir. Biz müqavilənin müddətinin keçməsinə görə pulu ödəməyə də bilərdik. Ancaq xeyirxahlıq naminə bunu elədik”. Şıxsəidovanın “əmək müqaviləsi pozulanda işçi iş yerində olmalıdır” fikrinə isə hüquqşünas belə aydınlıq gətirdi: “ Bu ancaq ştatlar ixtisara düşəndə, ya da şirkət bağlananda olur…”. Hüquqşünasın fikrincə, Şıxsəidovanın xəstəlik tarixçəsi də qanun pozuntusu ilə tərtib olunub: “ Faktiki olaraq bu bülleten pulla alınıb”. Müxbirimizin “Siz Şıxsəidovanı cinayətdə ittiham edirsiniz. Siz bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermisiniz?” sualına hüquqşünas sadəcə “yox” cavabını verdi. Müxbirimizin “Deməli, siz cinayəti bilərəkdən gizlətmisiniz” fikrinə hüquqşünas belə münasibət bildirdi: “ Şirkətin rəhbərliyinin ona rəhmi gəldi…o hamilə idi…Biz həm də saxta xəstəlik kağızı verən həkimlərə də yazığımız gəldi. Həkimlər də az maaş alır”. Vəkil Həbibə Cənnətovanın fikrincə, Nəsimi rayon məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə Şıxsəidovanın iddiası ilə bağlı Əmək məcəlləsinin 73.2-ci maddəsini səhv tətbiq ediblər: “ Qısa müddətli əmək müqaviləsi başa çatanda əlavə kompensasiya nəzərdə tutulmayıb. Ancaq bu o demək deyil ki, əmək müqaviləsi istənilən vaxt dayandırıla bilər”. Vəkil onu da qeyd elədi ki, Əmək məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsində işçinin üzrlü səbəbdən iş yerində olmaması göstərilib: “ Bu hala işçinin xəstə olması, məzuniyyətdə, ezamiyyətdə olması və digər hallar aiddir. Əmək müqaviləsi işçi işə çıxanda dayandırıla bilər”.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR