Arvadını öldürüb meyiti maşına qoydu, yolda qəzaya düşdü

88599_res_01Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri Göyçayda qətl hadisəsi ilə bağlı birgə məlumat yayıblar.

Məlumatda deyilir ki, martın 30-da saat 10 radələrində Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonu ərazisində rayon sakini, 1973-cü il təvəllüdlü Abdullayev Fərhad Qubad oğlu idarə etdiyi “VAZ-21074” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb, nəticədə aldığı bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı avtomobilin arxa salonunda qadın meyiti aşkar edilib. Araşdırmalarla meyitin F.Abdullayevin arvadı, 1981-ci il təvəllüdlü Lamiyə Abdullayeva olması müəyyən edilib və meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsində müayinə olunarkən üzərində çoxsaylı bıçaq xəsarətləri aşkar olunub.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində L.Abdullayevanın əri F.Abdullayev tərəfindən Ucar şəhərində yaşadıqları mənzildə qısqanclıq zəminində çoxsaylı bıçaq xəsarətləri yetirilərək qəsdən öldürüldüyü müəyyən edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR