Astaranın bir nömrəli problemi icra başçısının özü imiş… – Sakinlər kömək istəyir

1427778648_0001Astara rayonunda vəziyyət acınacaqlı həddə çatıb. Bu barədə DİA.AZ-a şikayət edən narazı vətəndaşlar iddia edirlər ki, Astaranın icra başçısı Qəzənfər Ağayev rayonda əməlli-başlı «gestapo» rejimi yaradıb.

Vətəndaşların dia.az-a ünvanladıqları və kifayət qədər maraq doğuran məktubunu diqqətinizə təqdim edirik:

«Elə bir təəssürat yarana bilər ki, sanki Astarada hər şey yaxşıdır. Yəni mətbuatdan oxunur ki, filan rayonda sakinlər filan şeyə etiraz etdi, filan rayondaun sakinləri isə filan cürə etiraza qalxdılar. Amma düşünməyin ki, Astarada vəziyyət yaxşıdır.

Əksinə bu gün Astara ən ağır günlərini yaşayır. İcra başçısı postuna təyin olunduğu gündən üzü bu yana rayon camaatı ilə başqa bir dildə danışmağa başlayan Qəzənfər Ağayev Astarada «gestapo» rejimi yaradıb, rayonu mafiya qanunları ilə idarə edir.

Bu gün onun bir mafioz olduğunu təkcə biz yox, bütün respublika bilir. Amma nə olsun ki… Hələ də Qəzənfər Ağayev astaralıların problemi olaraq qalmaqdadır.

Etiraz edəni, başını qaldıranı «narkoman», «narkotik alverçisi» adı ilə həbs edirlər. Statistikaya baxsanız, görərsiniz ki, Astara sakinlərinin az qala tən yarısı həmin ittihamlarla həbs olunub. Halbuki bizim rayonun camaatı dindardır. Amma özünün adı narkotik qaçaqmalçılığında hallanan bu icra başçısı ondan şikayətçi düşənləri həmin damğa ilə həbsə atdırır».

Narazı sakinlər dia.az vasitəsilə ölkə rəhbərliyinə də müraciət edirlər: «Biz dövlətimizi sevirik. Və inanırıq ki, ölkəmizin rəhbərliyi yaxın günlərdə Astara camaatının bir nömrəli problemini – Qəzənfər Ağayev problemini həll edəcək».

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR