Bülbülə sakini Südabə Məmmədova Əfv Komissiyasının rəhbərliyindən imdad diləyir

1427781358_1419666333_efv-fermani-cenubnewsHəyat yoldaşını Vətənə qurban verən qadın oğlunun əfv olunmasını istəyir

“Emil şəhid həyat yoldaşımın mənə qoyub getdiyi yadigardır”

Təxminən bir il öncə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 3, ev 7-də yaşayan Məmmədova Südabə Yunus qızı redaksiyamıza gələrək oğlu Məmmədov Emil Telman oğlunun haqsız yerə həbs olunmasından danışmış və onun azadlığa buraxılması üçün aidiyyəti dövlət qurumlarının rəhbərlərindən kömək istəmişdi.

Qeyd edək ki, 1994-cü il yanvarın 3-də dünyaya gəlmiş və 2012-ci il yanvarın 1-də könüllü əsgərliyə yollanan Emil Məmmədov atasının şəhid düşdüyü Füzuli rayonunda hərbi xidmət keçib. Bir müddət sonra şəhid övladı özündən qabaq hərbi xidmətdə olan əsgər yoldaşı Nurlan Etibar oğlu Babayevlə mübahisə edib və bu zaman 3 barmağını itirib. Oğlunun buna görə istintaqa cəlb olunduğunu qeyd edən Südabə Məmmədova işin istintaqını müstəntiq Amid Verdiyevin apardığını bildirib. Müstəntiq isə nədənsə bütün günahı şəhid övladının üzərinə yıxıb və nəticədə Füzuli Rayon Hərbi Məhkəməsi Emil Məmmədova 8 il 2 ay həbs cəzası verib. Südabə Məmmədova Füzuli Rayon Hərbi Məhkəməsinin qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət verdikdən sonra oğlunun cəzası 1 il 1 ay azaldılıb. “Gündəlik Bakı”da dərc olunan məqalələrdən sonra keçən ilin mart ayının 6-da Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə Emil Məmmədovun işinə yenidən baxılıb. Və məhkumun cəzası daha 2 il azaldılıb. Övladını azadlıqda görmək arzusu ilə yanıb-tutuşan Südabə xanım oğlunun azadlığa buraxılması üçün Əfv Komissiyasına müraciət edib. Dünən yenidən redaksiyamıza gələn şəhidin həyat yoldaşı üzləşdiyi vəziyyətdən gileyləndi: “Sizin qəzetdə dərc olunan şikayətlərimdən sonra baş prokuror cənab Zakir Qaralov məni qəbul etdi və lazımi köməkliyi göstərdi. Daha sonra Ali Məhkəmənin sədri Ramiz Rzayev tərəfindən qəbul olundum. Ali Məhkəmənin sədri də mənə kömək edəcəyinə söz verdi. Sağ olsun, sözünün üstündə durdu. Oğlumun cəzasını 2 il azaltdılar. Ancaq bununla da kifayətlənməyib əfv üçün Əfv Komissiyasının üzvü Kəmalə xanımın qəbuluna getdim. Özüm onkoloji xəstəyəm, oğlum üç barmağını itirib. Prezident həyat yoldaşım şəhid olduğuna görə ömürlük 200 manat təqaüd təyin edib. Həmin pulun da üstünə bir qədər qoyub hər ay oğlumun yanına gedirəm. Bu yaşa kimi atasız oğul böyütmüşəm ki, türmələrdə çürüsün?”. Südabə xanım deyir ki, bütün sənədləri götürüb Kəmalə xanımın yanına gedib: “Kəmalə xanım bildirdi ki, sizin vəziyyətinizi nəzərə alırıq, yəni uşağınız əfvə düşə bilər. O həm də mənə sənədləri komissiya üzvlərinin qarşısına çıxaracağına söz verdi. Daha sonra Əfv Komissiyasının üzvlərinə yazılı şəkildə müraciət etdim. Aradan bir müddət keçəndən sonra mənə zəng gəldi ki, sənə mütləq kömək olunacaq. Ümidləndim, çox sevindim. Bundan sonra ombudsman Elmira Süleymanovanın qəbuluna getdim. Elmiraxanım oğlumun aldığı cəzasının yalnız yarısını çəkəndən sonra mənə köməklik edə biləcəyini vurğuladı. Əfv Komissiyasına oğlumun həbsxanadan xasiyyətnaməsini alıb verdim. Gözləyirdim ki, mart ayında Emil əfvə düşəcək. Təəssüf ki, əfv olunmadı. Bayram günlərini göz yaşı axıtmaqla keçirdim. Oğlumun əfvə düşmədiyini görüb, yenidən Kəmalə xanımın yanına getdim. O isə mənə bildirdi ki, komissiya üzvləri guya oğlumun törətdiyi cinayətin ağır cinayət olduğunu deyib və bunun üçün Emil əfv olunanların siyahısına salınmayıb. Məgər mənim oğlum adam öldürüb, yoxsa dövlətə xəyanət edib? Emilin belə ağır cəza almasında istintaqın günahı var idi. Aprel ayında oğlumun həbs edilməsinin 3 ili tamam olacaq. Deyilənə görə, may ayında da əfv gözlənilir. Sizin vasitənizlə ilk növbədə cənab prezidentə, daha sonra Əfv Komissiyasının rəhbərliyinə və üzvlərinə müraciət edib, onlardan kömək istəyirəm. Mən şəhid ailəsiyəm. Emilin atası Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olub. Heç olmasa bunu nəzərə alıb oğlumu may ayında gözlənilən əfvə salsınlar. Gecə-gündüz Allaha dua edirəm ki, gözümün ağı-qarası bircə oğlum azadlığa çıxsın. O şəhid həyat yoldaşımın mənə qoyub getdiyi yadigardır. Emil sərbəst buraxılsa, atasının da ruhu şad olar. Mən inanıram ki, Əfv Komissiyasının üzvləri mənim fəryadımı eşidəcək və oğlumun adı əfv siyahısına salınacaq”.

gundelik-baku.com

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR