Gəncə Tibb Kollecində korrupsiya

images(285)Niyazi İbrahimovun qudası tələbələrdən pul yığır
 Qəzetimizin ötən saylarında dərc olunmuş tənqidi materiallardan birində Gəncə Tibb Kollecində baş verən neqativ hallardan bəhs edilirdi. Bu xüsusda aldığımız məlumatlarda kollecdəki mənbələr bildirmişdilər ki, sözügedən təhsil müəssisəsinin direktoru Niyazi İbrahimovun fəaliyyəti, bir vaxtlar öz məzunlarının nailiyyətlərilə öyünə biləcək kollecdə təhsilin səviyyəsini demək olar ki, heçə endirib. İddia olunur ki, bu gün Gəncə Tibb Kollecində qiymətləndirmə zamanı tələbələrin savadından daha çox onların maddi durumlarına fikir verilir. Kollecə yeni qəbul olmuş tələbələr növbəti dərs ili başlayandan tələbə biletlərini və qiymət kitabçalarını almaq üçün get-gələ salınırlar. Bəzi imkanlı tələbələr rüşvət müqabilində dərslərdən azad olunurlar ki, bu da birbaşa müəssisədə davamiyyətin aşağı düşməsi ilə müşayiət olunur. Bu isə əlbəttə ki, kollecdə tədrisin səviyyəsinə öz mənfi təsirini göstərməyə bilməz. Sessiya imtahanlarının vaxtı yaxınlaşdıqca isə tələbələr öz biliklərini deyil, məhz maliyyə imkanlarını səfərbər etməyə başlayırlar. Həm də məlumatlara görə yay imahan sessisyası üçün pul yığımlarına GəncəTibb Kollecində artıq start verilib. Artıq qeyd olunduğu kimi, tələbələrdən pul yığımı prosesinə nəzarəti isə direktorun müavini Kərimxan müəllim və Niyazi İbrahimovun qudası olduğu bildirilən Rima xanım həyata keçirirlər. Yeri gəlmişkən mənbələr bunu da qeyd edirlər ki, bu il hər imtahan üçün tələb olunan pulun məbləği ötən illə müqayisədə iki dəfə artıq təyin olunub. Məlumatlarda qeyd olunur ki, kollecdə rüşvətin kök salması səbəbindən tələbə-müəllim münasibətləri də etik qaydalardan xeyli uzaqlaşıb. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti tamamilə dəyişib. Həmçinin, bəzi tələbələr davranışlarında da mənfiyə doğru xeyli sərbəstləşiblər. Yəni, bu və ya digər fənn üzrə imtahandan pulla qiymət almağın mümkünlüyünü görən tələbə artıq dərslərdə iştirak etməyə də maraq göstərmir. Bütün bunlara baxmayaraq kollec rəhbərliyinin yol verdiyi özbaşnalıqlar və çeşidli qanun pozuntuları hələ də Səhiyyə Nazirliyinin diqqətini cəlb edə bilmir. Elə buna görə də, hazırda kollecdə təhsilin səviyyəsi heç də ürəkaçan deyil. Belə məlum olur ki, Niyazi İbrahimov illik tədris dövrünün hər növbəti mərhələsini ilk növbədə məhz kollec direktorunun maddi maraqlarının təminatı üçün yeni imkanların açılması baxımından dəyərləndirir. Bu səbəbdən də Müalicə işi, Mamalıq, Əczaçılıq və Tibb bacısı ixtisasları üzrə mütəxəssislər hazırlayan, 400-ə yaxın tələbənin təhsil aldığı və 100-dən artıq müəllimin dərs dediyi Gəncə Tibb Kollecində bu gün bir çox xoşagəlməz hallar yaşanmaqdadır. Kolleclə bağlı məlumatları təqdim edən mənbənin sözlərinə görə, hazırda adıçəkilən təhsil ocağında müxtəlif səpkili özbaşınalıqlar hökm sürdüyündən bu, kollecin müəllim və tələbə heyətinin ciddi narazılığına səbəb olur. İş o yerə çatıb ki, artıq tələbələrlə yanaşı, müəllimlərin də bir qismi Gəncə Tibb Kollecində baş verənlərə, direktorun əməllərinə, yol verilən ciddi nöqsanlara etiraz edirlər. Bu narazılıqlara səbəb olan amillərdən daha biri kimi də kollec direktorunun qeyri-ixtisas fənlərinə görə müəllimlərin dərs keçdiyi saatların pulunu onlara verməkdən imtina etməsi göstərilir. Məlumatlarda bildirilir ki, direktor həmin dərs saatlarını kollecdə çalışan 3-5 nəfər tanışının adına yazdırır, sonra isə həmin pulları mənimsəyir. Halbuki, həmin dərs saatlarını digər müəllimlər keçirlər. Lakin əvəzində əməkhaqlarını ala bilmirlər. Bununla bağlı nə qədər təkid etsələr də, kollecin direktoru müəllimlərin halal pulunu onlara verməkdən imtina edir…bizimdovr.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR