“Kapital Bank”ın rəhbərliyi cinayət məsuliyyətinə cəlb olunmalıdır..?

phoca_thumb_l_kapital bank hq1Saytımızda tez-tez bank hesablarındakı maxinasiyalarla bağlı yazılar dərc olunur. Ancaq təəssüf ki, bu, maxinasiyaların azalmasına gətirmir.
Bugünlərdə Qafqaz Xəbər Agentliyinə Balakən rayon sakini Ziyavəddin Mehdiyevin məktubu daxil olub. O, yazır ki: “ 2010-cu ildə “Kapital Bank”-ın Balakən filialına 40 min dollar pul qoydum. Aylıq faizləri götürmürdüm ki, qoy bank hesabımda yığılsın. 2014-cü ilin sentyabrında Balakən filialının direktoru Ruqiyyə Məmmədova və kassirlər Şəhmir Qurbanov, Səkinə Əmciyeva məni ofislərinə dəvət elədilər. Direktor və kassirlər xahiş elədilər ki, mənim hesabımdakı pulu onlara verim. Ruqiyyə Məmmədova dedi ki, bir aydan sonra pulunu qaytaracam. Onda mənim direktorla və kassirlərlə münasibətim əla idi, ona görə onlara inandım. Ruqiyyə Məmmədova mənə bildirdi ki, sənin hesabında 56 min dollar pul yığılıb. Mən etiraz elədim və bildirdim ki, mənim hesabımda 70 min dollar olmalıdır. Onda Ruqiyyə Məmmədova mənə dedi ki, narahat olma, bir aydan sonra sənin hesabında 70 min dollar olacaq. Mən razılaşdım”.
Bir aydan sonra Mehdiyev filialın direktorundan soruşanda ki, pulu mənim bank hesabıma köçürüdünüzmü, direktor bildirib ki: “ Yox. Amma narahat olma, biz pulu qaytaracağıq. Ancaq hələlik kassir Şəhmirin evini sənə girov kimi veririk”.
Təkliflə razılaşmayan Ziyavəddin Mehdiyev “Kapital Bank”ın Mərkəzi ofisinə şikayət edib: “ Məni Mərkəzi ofisin hüquqşünası Qasımov dəvət elədi və xahiş elədi ki, Ruqiyyə Məmmədovanın hərəkətləri ilə bağlı prokurorluq orqanlarına şikayət eləmə. Bu bizim imicimizə zərbə olar. Biz sənin pulunu qaytaracağıq”.
Ziyavəddin Mehdiyev yenidən aldanır: “ Bundan sonra Ruqiyyə Məmmədovanı öz xahişi ilə işdən çıxardılar. Mənim pulumu isə heç kim qaytarmadı”.
Belə olanda Mehdiyev Balakən rayon prokurorluğuna müraciət edir. Mehdiyev qafqaznews.org-a yazır ki : “ Prokurorluq guya istintaq apardı və məlum oldu ki, mənim Ruqiyyə Məmmədovaya verdiyim pul özümə qaytarılıb. Mən etiraz edəndə kassirlərdən biri ilə üzləşmə oldu. Kassir bildirdi ki, şəxsən özü mənə pulu qaytarıb. Bu yalandır. Mən həmin kassirlə heç vaxt qarşılaşmamışam və ondan pul almamışam”.
Məktubu alandan sonra biz Ziyavəddin Mehdiyevlə əlaqə saxladıq. O, yazdıqlarını təsdiq elədi: “ Təəssüf ki, mən hüquqşünas Qasımovun dedikləri ilə razılaşdım və o vaxt hüquq-mühafizə orqanlarına müraciət etmədim”.
Tanınmış hüquqşünas İlham Məmmədov Ziyavəddin Mehdiyevin yazdıqlarını belə şərh elədi: “ Əgər yazılanlar həqiqətdirsə, “Kapital Bank” hüquq-mühafizə orqanlarına müraciət edib, korrupsiya faktı ilə bağlı məlumat verməli idi. Əgər bankın rəhbərliyi bunu etməyibsə cinayət məsuliyyəti daşıyır”.
Biz “Kapital Bank”ın hüquqşünası Qasımova müraciət ( adını bilmirik ) etmək qərarına gəldik.
Bizi aşağıdakı suallar maraqlandırırdı:
Həqiqətənmi, hüquqşünas zərəçəkənə məsləhət bilib ki, hüquq-mühafizə orqanlarına müraciət eləmə, bu bankın nüfuzuna zərbə olar..
“Kapital Bank”ın rəhbərliyi nə üçün hüquq-mühafizə orqanlarına müraciət etməyib?
Təəssüf ki, hüquqşünas Qasımov suallarımıza cavab vermədi.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR