Məmur veteranı inkar edir

1424430635_saatJam.az-ın məlumatına görə, 26 fevral 2015-ci il tarixdə Saatlı RİH-nin binasında Qarabağ müharibəsi əlili Səbuhi Nizami oğlu Fətullayev döyülüb.
Saytın yazdığına görə, Fətullayeva qarşı cinayət işi qaldırılıb. Səbəb isə onun üzləşdiyi problemlərlə bağlı Saatlı İcra Hakimiyyətinə gedərək, orada icra başçısı ilə görüşmək istəyi olub.
Məlumatda deyilir ki, həftənin 4-cü günü olduğundan icra başçısının birinci müavini İlham Quliyevin qəbulu keçirilirmiş. Ora gələn Səbuhi Fətullayev icra başçısı ilə görüşmək istədiyini bildirib. Lakin ona icazə verilməyib. Əvəzində isə bir neçə nəfər onu İcra Hakimiyyətində ağır formada döyərək, müxtəlif xəsarətlər yetiriblər. Qan içində olan Qarabağ əlilini oradan çağırılmış polis əməkdaşları Saatlı RPŞ-ə aparıblar. (Jam.az)
Qarabağ müharibəsi veteranları və əlilləri cəmiyyəti Saatlı şöbəsinin sədri Elməddin Alışanov qafqaznews.org-a bildirib ki: “ Səbuhi Fətullayevi heç kim döyməyib. Səbuhi Fətullayev İlham Quliyevdən pul tələb edib. İcra başçısının müavini isə ondan öz hərəkətlərinə son qoymağı tələb edib. Və dava başlayıb. İcra hakimiyyəti polisi çağırıb. Veteranı sadəcə binadan çıxardıblar və polis şöbəsinə göndəriblər”.
Saatlı RİH-nin ictimai-siyasi şöbəsinin müdiri Lütfəli Şıxəliyev isə Alışanovun dediklərini inkar elədi: “ Səbuhi Fətullayev sel nəticəsində dağılan evinin bərpası üçün kömək etməyi xahiş etmişdir”.
Saatlı RPŞ-nin növbətçisi Eyvazov isə bildirdi ki, Səbuhu Fətullayev artıq  azadlıqdadır: “ Biz təhqiqat apardıq və işi prokurorluğa göndərdik”.
Biz Fətullayevə qarşı cinayət işinin qaldırılıb-qaldırılmadığı ilə maraqlandıq. Və Saatlı rayon prokurorunun köməkçisi Hüseyn Hüseynliyə müraciət elədik. O, bildirdi ki, mən sizin sualınıza cavab verməyə hazırlaşmıram.

R.Həsənoğlu

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR