Qadınlar, ehtiyatlı olun, Bakıda fırıldaqçı kosmetoloqlar var…

86595_res_01Son günlər küçədə, mağazalarda,digər ictimai obyektlərdə qadınlara yaxınlaşaraq onlara öz xidmətini təqdim edən gözəllik şirkətləri ilə bağlı şikayətlər artıb.

Bu barədə virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Nəsimi rayonu, Atatürk prospekti, 138 ünvanında fəaliyyət göstərən “Dsheli”  gözəllik salonu da qadınları aldatmaqda ittiham edilir: “Təşkilatımıza şikayət edən istehlakçılar bildiriblər ki, şirkətin nümayəndələri mağazada onlara yaxınlaşaraq üzdəki ləkə və qırışları təmənnasız təmizləyəcəklərini vəd ediblər. Sonradan şirkətə gedən xanımlarla söhbət aparılıb, onlarla müqavilə bağlanıb. Qadınlara 3-4 min manat dəyərində kosmetik vasitələr verilib və pulun hissə-hissə ödənilməsi təklif olunub. Kostetik vasitələrin heç də bu qədər bahalı olmadığını öyrənən və onları geri qaytarmaq istəyən qadınlar müqavilə şərtlərini pozmaqda suçlanaraq hədələniblər”.

E.Hüseynov bildirdi ki, şirkətlə qadınlar arasında bağlanan müqavilələrin hüquqi əsası yoxdur: “Kosmetik vasitələr geri qaytarılmayan mallar siyahısındadır. Bəzi şirkət və ya salonlar da bundan istifadə edərək mallarını satırlar. Aldandığını bilən qadınlar isə malları geri qaytara bilmirlər”.

E.Hüseynov şikayətlərlə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edib: “Qadınlara zəng vurub onları problemli dərini pulsuz müayinə vədi ilə aldadırlar. Qadın gözəllik salonlarına gedəndən sonra isə problemdən çıxış yolu kimi 4-5 min manatlıq kosmetik vasitələr təklif olunur. Qadınlar reklamlarla aldadılırlar. Buna görə də nazirlikdən məsələ ilə bağlı tədbir görülməsini istəyirik”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR