Salyan sakini “Azsığorta”dan şikayətçi düşüb

1427775081_0001Cəmiyyətdə özəl sığorta şirkətlərinə münasibət birmənalı deyil. Əksəriyyətin fikrincə, bu şirkətlərin çoxu müştəriyə dəyən ziyanı ödəmək üçün yox, qazanc əldə edə bilmələri üçün yaradılıb.

Şirkətlər, lotoreya oyunlarında olduğu kimi, əldə olunan ümumi gəlirin ən çoxu 30 faizini zərərçəkənlərə ödəyir. Təqribən 20 faiz adminstrativ xərclərə və özlərini təbliğ edən reklamlara gedir.

Deməli, ödənilən hər sığorta məbləğinin yarısı birbaşa şirkət rəhbərliyinə çatır. Sığorta hadisəsi yaranan kimi, şirkət haqq aldığı müştəri ilə elə münasibət yaradır ki, sanki o bu işdə tərəfdir. Müxtəlif bəhanələrlə ya zərəri qarşılamamaq, bu mümkün olmadıqda isə, mümkün qədər az pul ödəmək istəyir. Ona görə də ölkədə sığorta şirkətlərinə etimad get-gedə azalır.

Salyan şəhəri, M. Əzizbəyov küçəsi, ev 73 ünvanında yaşayan sahibkar Emin Məcidovun başına gələnlər isə əsil tragikomediyadır.

O, 73 714 manat dəyərləndirilən ticarət obeyktini 2014-cü ilin sentyabrın 1-də “daşınmaz əmlakın icbari sığortası”na uyğun olaraq ildə 200 manat ödəməklə “Azsığorta” ASC-də sığortalatdırıb.

Bu ilin fevral ayının 21-22-sində Muğana yağan güclü qar Salyan rayonunda infrastruktura, ictimai və şəxsi mülkiyyətə xeyli ziyan vurub. Emin Məcidovun obyekti də bu fəlakətdən zərər çəkib. Belə ki, qarın ağırlığından binanın tavanı mebellərin üzərinə çöküb. Yerli icra və FHN nümayəndələri tikiliyə baxış keçirib və müvafiq aktla təsdiqləyiblər ki, vətəndaş bu fəlakətdən 15 min manat ziyan çəkib.

Obyekti sığortalandığından Emin Məcidov istəyib ki, sığorta şirkətindən dəymiş zərərin əvəzini alsın. Amma nə qədər qəribə olsa da, şirkət baş verəni sığorta hadisəsi hesab etməyib.

Ona bildirilib ki, bağlanmış müqavilədə göstərilən “təbii fəlakətlər”ə zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi daxildir, burada “qar” sözü olmadığından dəyən ziyanın əvəzini ödəyə bilməycəyik.

Emin Məcidovu da yandıran budur. Axı qar yağmağı təbii hadisədir,- bu, vətəndaşın istəyindən, iradəsindən, səhlənkarlığından asılı olmayıb. Əgər normadan artıq yağıbsa və zərərə səbəb olubsa, bu, elə “fəlakət” hesab olunmalıdır. Bir də ki, o, baş vermiş hadisənin necə adlandırılmasında yox, zərərin əvəzini almaqda maraqlıdır.

Emin Məcidova qəribə gələn odur ki, “hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri” sığorta hadisəsi hesab olunur, amma bu boyda “zırıltı” yox?

O, deyir ki,şirkət qarı “təbii fəlakət” hesab etmirsə, onda “predmet” kimi qəbul etsin. “Azsığorta”dan hay çıxmadığını görən sahibkar ölkə rəhbərinə və Maliyyə Nazirliyinin sığorta nəzarəti departamentinə müraciət edib.

Qeyd edək ki, Emin Məcidov Salyanda baş verən təbii fəlakətdən zərər çəkən yeganə sahibkar deyil. Lakin əksər dükan, sex, salon sahibləri obyektlərini sığortalatdırmayıb. E. Məcidova olan münasibətdən sonra çətin ki, bu istəkdə bulunalar.

Sonda onu da qeyd edək ki, “Azsığorta” ASC 2007-ci ildə dövlət qeydiyyatından keçəndə nizamnamə kapitalı 1 milyon manat olub. 1 il sonra kapitalı 2, 2008-ci ildə 4, 2012-ci ildə 20 milyon manat təşkil edib. infom.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR