Şirvan Mərkəzi Xəstəxanasında özbaşınalıq hökm sürür

1416509907_shirvan_cityHəkimlər nə vaxt istəyir gəlir, nə vaxt istəyir gedirlər 

Şirvan şəhər Mərkəzi Xəstəxanası pasiyentləri lazimi tibbi xidmətlə təmin etmir. Bizə verilən məlumata görə, sözügedən poliklinikada həkim özbaşınalığı baş alıb gedir. Qeyd edək ki, mərkəzi xəstəxananın baş həkimi Fərhad Səfərovdur. Baş həkim başda olmaqla bütün həkimlər xəstələrə gəlir mənbəyi kimi baxırlar. Xəstə əlini cibinə salmasa, pasiyentə qarşı laqeyd münasibət göstərirlər.

Ora müayinəyə gələn yaşlı insanlara göstərilən tibbi xidmət isə sıfıra bərabərdir. Xəstələr bunun səbəbini Fərhad Səfərovun fəaliyyətində görürlər. Ölkəmizdə səhiyyənin inkişafı istiqamətində bir sıra addımlar atılsa da, təəssüf ki, səhiyyəmiz günü-gündən geriləyir. Xüsusilə də tibb müəssisələrində özbaşınalıq aradan qalxmır.

Məsələn, bu gün dövlət büdcəsindən maliyyələşən xəstəxanaların yetərli hissəsində vətəndaşlara pulsuz tibbi xidmət göstərilmir. Pasiyentlərin sözlərinə görə, Fərhad Səfərovun baş həkimi olduğu şəhər mərkəzi xastəxanasında bəzi həkimlər şəxsi maraqlarını ortaya qoyaraq müayinə və müalicə müqabilində xəstələrdən nəsə umurlar. Səhiyyə Nazirliyi tərəfindən vətəndaşlara pulsuz verilən dərman preparatlarının taleyi isə məlum deyil. Əfsuslar olsun ki, belə olan təqdirdə səhiyyə sisteminin inkişafı bir kənarda qalır və maddi məsələlər ön planda durur. Səhiyyə Nazirliyi rəhbərliyinin vəzifəsinə uyğun olmayan işlərə qol qoyan həkimlərə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bəziləri bundan nəticə çıxarmır ki, çıxarmır.

Nəzərə almaq lazımdır ki, maddi baxımdan imkansız vətəndaşlarımız müayinə və müalicə üçün xarici ölkələrə üz tuta bilmirlər. Düzdür, bu gün ölkəmizdə tibbi xidmətin keyfiyyəti o qədər aşağıdır ki, xəstələrin çoxu xaricə üz tuturlar. Təkcə keyfiyyətin aşağı olması deyil, hətta tibbi xidmətin bahalığı da xəstələri başqa ölkələrə getməyə vadar edir. Lakin maddi durumu aşağı olan insanlar isə nəinki xarici ölkə xəstəxanalarına hətta ölkə daxilindəki tibb müəssisələrinə də müayinə və müalicə üçün müraciət edə bilmirlər. Ona görə də yalnız dövlət xəstəxanasına üz tuturlar. Lakin bu dövlət xəstəxanasında müxtəlif tibbi aparatlardan, müayinələrdən keçməyin adı pulsuz olsa da, heç kim hansısa həkimi lazımi səviyyədə “görməsə” ona yüksək səviyyəli tibbi xidmət göstərilmir. Birbaşa qəbz şəklində olmasa da, vətəndaşlardan istər ultrasəs müayinə, istər laboratoriya və s. xidmətlərə görə açıq şəkildə nələrsə tələb olunur. Nəzərə almaq lazımdır ki, bu gün ölkə vətəndaşlarının tibbi sığortası yoxdur ki, əməliyyata ehtiyac olanda rahatlıqla hər hansı poliklinikaya getsinlər. Vətəndaş öz qazancı hesabına həkim qəbulu, müayinələr, dərmanlar, bəzi cərrahi əməliyyatların xərcini ödəyir. Lakin bahalı, bəzən xaricdə əməliyyat tələb edən xəstəliklər, aztəminatlılar, pensiyaçılar, tələbələr üçün həkim qəbulunun, müayinələrin ödənişi böyük problemə çevrilir.

Bizə verilən məlumata görə, mərkəzi xəstəxanada həkim tapmaq müşkül məsələdir. xəstələr  deyir ki, gedib saatlarla həkim gözləyirik. belə çıxır ki, kim neçədə istəyir xəsətxanaya gedir. Xəstələri veclərinə də almırlar. Görünür, bütün bunlardan baş həkimin xəbəri var. Əks halda həkimlər tibb müəssisəsindən öz əmlakı kimi istifadə etməz. Nə vaxt istəyir gəlirlər, nə vaxt istəyir gedirlər. pasiyentlər bu haldan bezdiklərini bildirirlər.

Bundan başqa xəstələr bildirirlər ki, sağlamlıq haqqında arayış belə alanda bizdən açıq şəkildə nəsə tələb edirlər. Əks halda vətəndaşları get-gələ salırlar. Ona görə də müvafiq qurumlar Şirvan şəhər Mərkəzi Xəstəxanası ilə bağlı ciddi ölçü götürməlidirlər.

Xalqxeber.Az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR