Milli Məclisin üzvü Yaqub Mahmudov: “Xocalı faciəsi 1918-ci il mart-aprel genosidinin davamıdır” (FOTO)

164714252ff102239bd91392447522_yaqub-mahmudov-29 apreldə Qubada “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər ” adlı II beynəlxalq elmi konfrans keçirilib.
Quba şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən konfransı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu Atatürk Araşdırma Mərkəzi və Quba Şəhər İcra Hakimiyyəti birgə təşkil edib.
Konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən – Almaniya, Albaniya, Bolqarıstan, Fransa, İran, Qazaxıstan, Özbəkistan, Kipr, Gürcüstan, Polşa, Rusiya və Türkiyədən nümayəndələr iştirak edib.
Qafqaz Xəbər Agentliyinin (qafqaznews.org) baş redaktoru, AMEA-nın Tarix İnstitutunun “ Azərbaycan Demokratik Respublikası tarixi “ şöbəsinin böyük elmi işçisi Rəşad Rüstəmov da konfrans iştirakçıları arasında olub.
Konfrans iştirakçıları əvvəlcə Qubada kütləvi məzarlığı ziyarət ediblər. Ziyarətçilərə 2007-ci ilin aprelində aşkarlanmış Quba kütləvi məzarlığı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kütləvi məzarlıqdan əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.
Bundan başqa, ziyarətçilər Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olublar. Qeyd edilib ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, müxtəlif dövrlərdə burada aparılmış tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotoşəkillər var.
Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar da yer alıb. Kompleksdə quraşdırılan sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı həyata keçirdikləri soyqırımlar barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin gördüyü işlərin, imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb.
Konfransın açılışında çıxış edən millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub. Müraciətdə deyilir:
“Hörmətli konfrans iştirakçıları!

Sizi səmimi qəlbdən salamlayır və mötəbər elmi toplantınızın işə başlaması münasibətilə təbrik edirəm.

İnsanlığa qarşı törədilən cinayətlərin ən ağırı sayılan soyqırımı probleminin dərindən və hərtərəfli öyrənilməsi mühüm əhəmiyyətə malikdir. Hər bir humanitar faciənin elmi cəhətdən araşdırılması və tarixi faktların dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması həmin hadisəyə obyektiv siyasi-hüquqi qiymətin verilməsinə, günahkarların layiqli cəzasına çatmasına və gələcəkdə belə halların qarşısının alınmasına həlledici təsir göstərə bilər.

Azərbaycan xalqı da son yüz ildə dəfələrlə amansız təcavüzün qurbanı olmuş, qırğınlara, deportasiya və etnik təmizləmələrə məruz qalmışdır. Konfransın keçirildiyi Quba şəhərində 8 il əvvəl aşkar edilmiş kütləvi insan məzarlığı erməni millətçilərinin XX əsrin əvvəllərində Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi sistemli və məqsədyönlü qətllərin yalnız bir fraqmentidir. Sovet hakimiyyəti dövründə bu cinayətlərin ört-basdır olunması, tarixçilərin öz elmi-tədqiqat işlərini məhdud ideoloji çərçivələr və yanlış metodologiya əsasında aparmağa məcbur edilməsi erməni ekspansionist şovinizminin daha da güclənməsinə rəvac vermiş, 23 il əvvəl dünya ictimaiyyətinin gözü qarşısında Xocalı soyqırımı kimi ağır faciənin baş verməsinə zəmin yaratmışdır. Etnik mənsubiyyətə görə törədilmiş bu kütləvi qırğına beynəlxalq birliyin vaxtında adekvat münasibət bildirməməsi sonralar planetin başqa yerlərində, o cümlədən Avropanın mərkəzində soyqırımı cinayətlərinin təkrarlanmasına yol açmışdır.
Qloballaşma proseslərinin geniş vüsət aldığı müasir dövrdə xalqlar arasında əlaqələrin güclənməsi universal bəşəri dəyərlərə hörmətlə yanaşmağı tələb edir. Belə şəraitdə, Azərbaycanda olduğu kimi, humanitar əməkdaşlığın, sivilizasiyalararası dialoqun və multikulturalizm ənənələrinin təşviq edilməsi, milli və dini tolerantlıq mühitinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi zəruridir. Ona görə də dünyanın mütərəqqi qüvvələri, ictimai, siyasi, elm və mədəniyyət xadimləri soyqırımı cinayətlərinə yol açan etnik, irqi və dini dözümsüzlüyə, düşmənçilik yaradan bütün hallara qarşı qətiyyətlə mübarizə aparmalıdırlar. Bu sahədə atılmalı olan ən mühüm addımlardan biri də tarixi yaddaşın təzələnməsi, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlərin açılması, təhrif edilmiş tarixi hadisələrə obyektiv elmi qiymətin verilməsi ola bilər.
Şübhə yoxdur ki, dünyanın müxtəlif ölkələrindən tədqiqatçıların qatıldığı bu beynəlxalq elmi konfrans maraqlı məruzə və çıxışlarla, problemin ayrı-ayrı aspektlərinə dair qiymətli faktların təqdimatı ilə yadda qalacaqdır. Əminəm ki, gələcək araşdırmalarınız da türk-müsəlman xalqlarının şanlı keçmişinin faciəli məqamlarına işıq salmağa və tarixidən ibrət dərsi götürməyə xidmət edəcəkdir. Bu nəcib fəaliyyətinizdə Sizə uğurlar arzulayıram”.
Daha sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransı açıq elan edib. Plenar iclasda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Türkiyə Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev və digər alimlər çıxış edərək, ikinci dəfə keçirilən beynəlxalq tədbirin əhəmiyyətindən söz açıblar.
Tarix İnstitutunun direktoru Yaqub Mahmudov öz çıxışında bildirib ki, Xocalı faciəsi 1918-ci il mart-aprel genosidinin davamıdır.
Konfrans çərçivəsində “Şimali Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)” və “Şərqi Anadolu, Urmiya, Salmas və digər bölgələrdə türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)” adlı iki bölmədə məruzələr dinlənilərək, mövzular üzrə müzakirələr aparılıb.

Araz Məmmədov

Qafqaz Xəbər Agentliyi (Qafqaznews.org)

quba_merkez_tedbir_090415_01 quba_merkez_tedbir_090415_02 quba_merkez_tedbir_090415_03 quba_merkez_tedbir_090415_04 quba_merkez_tedbir_090415_05 quba_merkez_tedbir_090415_06

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR