İlham Əliyev türkmənistanlı həmkarı ilə görüşüb

10c21c3276f60f5abb1390184938c4ae“Şadıq ki, bizim üçün çox önəmli gündə qonağımızsınız”.

Azərbaycan prezidenti İlham Əliyev I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb.

Oxu.Az-ın məlumatına görə, görüş zamanı Azərbaycan prezidenti türkmənistanlı həmkarının Bakıya səfərinə çox böyük əhəmiyyət verdiyini deyib.

“Şadıq ki, bizim üçün çox önəmli gündə qonağımızsınız. Bu, bir daha dostluğumuzu, qardaşlığımızı ifadə edir. Türkmənistan ilə Azərbaycan arasındakı əlaqələr məhz dostluq, qardaşlıq əsasında qurulub. Xalqlarımız da daim bir yerdə yaşayıblar, yaradıblar, bir-birinə arxa-dayaq olublar. Bu gün iki müstəqil dövlət kimi Türkmənistan və Azərbaycan uğurla inkişaf edir. Biz sizin uğurlarınızı məmnunluqla qeyd etmək istəyirik. Bu, bizi çox şad edir. Sizin rəhbərliyinizlə Türkmənistan inkişaf yolu ilə uğurla gedir. Əminəm ki, gələcəkdə bizim dostluğumuz, qardaşlığımız daha da möhkəmlənəcək. Sizin bu gün Bakıda olmağınız özlüyündə bir nümunədir, göstəricidir”.

Öz növbəsində Türkmənistan prezidenti “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana dəvətə görə prezident İ. Əliyevə minnətdarlığını bildirib. O, I Avropa Oyunlarının çox əhəmiyyətli və vacib idman tədbiri olduğunu qeyd edib.

Ölkələrimizin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə yüksək səviyyədə əməkdaşlıq etdiyini bildirən Türkmənistanın dövlət başçısı ümumi tarix, dil və mənəvi dəyərlərin mövcudluğunun ikitərəfli əlaqələri daha da genişləndirməyə kömək etdiyini deyib. Q. Berdiməhəmmədov Türkmənistanın bitərəfliyi ilə bağlı BMT-nin ikinci qətnaməsinin qəbul edildiyini deyərək Azərbaycanın bu sənədi dəstəkləyən ilk ölkələrdən olduğunu vurğulayıb. O, bu ilin dekabrında ölkəsinin bitərəfliyinin 20 illiyi ilə bağlı keçiriləcək konfransa Azərbaycan prezidentini dəvət edib.

Q. Berdiməhəmmədov 2017-ci ildə Türkmənistanda qapalı məkanlarda döyüş növləri üzrə 5-ci Asiya Oyunlarının keçiriləcəyini diqqətə çatdırıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR