Polis FHN-in rəsmi məlumatını inkar etdi

Безымянный copyFövqəladə Hallar Nazirliyinin saytının yaydığı məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşlara məxsus bir dam alında tikilmiş birmərtəbəli, mansar tipli, ümumi sahəsi 100 kvadrat metr olan ticarət obyektində, sahəsi 70 kvadrat metr olan kafenin mətbəxinin yanar konstruksiyaları 25 kvadrat metr sahədə, ümumi sahəsi 30 kvadrat metr olan plastik qapı-pəncərə sexinin yanar konstruksiyaları, sahibi məlum olmayan ümumi sahəsi 30 kvadrat metr olan ev alqı-satqısı ofisinin tavanı 6 kvadrat metr sahədə və ümumi binanın mansarı 100 kvadrat metr sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ticarət obyektinin qalan hissəsi yanğından mühafizə olunub və yanğın saat 09:56-da söndürülüb. Qafqaz Xəbər Agentliyi olaraq hadisə barədə ətraflı məlumat əldə etmək üçün Abşeron rayon polis şöbəsi ilə əlaqə saxladıq. Zəngimizə növbətçi Quliyev cavab verdi və bildirdi ki: “ Bizdə belə yanğın olmayıb.” Həmçinin polis sahə inspektoru Sərxan (soyadını bildirməkdən imtina etdi) bildirdi ki: “ Ticarət obyekti yanmayıb xəsarət alan da yoxdur.” Hüquq müdafiəçisi Elçin Behbudov agentliyimizə açıqlamasında bildirdi ki, ümumiyyətlə nəyisə gizlətmək düzgün deyil: “ Nə varsa, onu deməyi bacarmaq lazımdır. Elə şey var ki, açıqlama vermirlər. FHN məlumat verirsə, polisin təsdiqləməməsi düzgün deyil, ancaq yanğının polisə aidiyyətı yoxdur. Bəlkə doğrudan da xəbərləri yoxdur.” Hüquq müdafiəçisi Novella xanım isə polisin xəbəri inkar etməsini belə şərh etdi: “Birinci növbədə baş verən yanğın hadisəsi barədə məlumatı polis və icra hakimiyyəti bilməlidir. Əgər Abşeron rayon polis şöbəsinin adi yanğından xəbəri yoxdursa, bu haqqda mütləq Daxili İşlər Nazirliyinə xəbər verilməli və həmin polislər haqqında ölçü götürülməlidir”. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Orxan Mansurzadə isə müxbirimizə bildirib ki, hər kəsin öz sahəsi var: “ Əgər belə bir şey olubsa, bunu FHN-lə dəqiqləşdirin. Mən onların fikrinə şərh vermək istəmirəm.”

Kəmalə Şükür

“Qafqaznews”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR