Bakının “Nəbatat bağı” məhv edilir? – Rəsmi Açıqlama

1436332022_0001““Nəbatat bağı”nın məhv edilməsi ilə bağlı xəbərlər reallığı əks etdirmir. Bu iddialar yalnış və həqiqəti əks etdirmir”

Bu barədə AzVision.az-a Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev son günlər “Nəbatat Bağı” ilə bağlı yayılan mətbuatda yayılan məlumatlara münasibət bildirərkən deyib.

AMEA rəsmisi bildirib ki, “Nəbatat Bağı” son vaxtlar mətbuatın həddən artıq diqqət mərkəzinə çevrilib və vaxtaşırı bir-birinə tamamilə əks olan fikirlər dərc olunur. Lakin Bağın əməkdaşları həm bəzi jurnalistlərin “həmləsinə”, həm də onların ifrat diqqətinə fədakarcasına müqavimət göstərirlər:

“Hələ 2014-cü ilin oktyabr ayında internet saytların birində “Botanika Bağı- meqapolisin qəlbində bir udum saf hava” adlı son dərəcə gözəl reportaj dərc olunub. Reportajda təbiətin bu canlı muzeyində nadir bitkilərin genofondunun qorunub saxlanması ilə məşğul olan alimlərin əməyinə yüksək qiymət verilib, maraqlı ekspozisiyalar, unikal mikroiqlim və respublikanın həqiqi sərvəti olan bu Milli Qoruğun təkrarolunmazlığı qeyd edilib. Lakin bu yaxınlarda müxalif media orqanlarında Bağın inkişafının bütün müsbət tendensiyalarına kökündən zidd olan və böhtanlarla dolu “Bakının “Nəbatat Bağı” müəmmalı şəkildə məhv edilir” adlı məqalə dərc olunub. Qərəzli yanaşmanın sərgilənmiş olduğu məqalə, fikrimcə, Nəbatat Bağı haqqında reallığı əks etdirmir”.

B.Əliyev bildirib ki, hələ keçən əsrin 30-cu illərində naturalistlər ölkəmizin florasını fəal surətdə tədqiq etməyə başlayıb. Onun sözlərinə görə, ilk botaniki ekspedisiyaların və tədqiqatların nəticələri 1934-1935-ci illərdə Bakı şəhərinin mərkəzində Botanika Bağının canlı kolleksiyasının təməlini qoymağa təkan verib: “Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının inşasının unikal layihəsi keçmiş SSRİ EA-nın Azərbaycan Filialının işçiləri və Qafqaz florasının görkəmli tədqiqatçısı, akademik A.A.Qrossheym başda olmaqla, alimlər tərəfindən işlənib hazırlanıb.

Azərbaycan florası 4500 növdən artıq ali bitkilərdən ibarət fantastik zəngin biomüxtəlifliyə malikdir ki, hazırkı dövrdə onların hər onundan biri təbiətdən yox olmaq təhlükəsindədir. Mərkəzi Nəbatat Bağında bu nadir və endem bitki növlərinin introduksiyası və mühafizəsi elmi işçilərin əsas vəzifələrindən biridir. “Qırmızı kitab”a salınmış belə bitki növləri burada 120-yə qədərdir. Bağın digər mühüm vəzifəsi Abşeronun landşaft və iqlim şəraitinə tropik və subtropik bitkilərin introduksiyası və uyğunlaşması ilə əlaqədardır. Yaxın vaxtlarda inşa olunan böyük oranjereya aktiv şəkildə bitkilərlə zənginləşdirilir. Bu yaxınlarda burada ekzotik növlər nümayiş etdiriləcək”.

Yay aylarında su çatışmazlığı probleminin kolleksiyanın saxlanmasında müəyyən çətinliklər yaratdığını deyən Baba Əliyevin sözlərinə görə, belə ekstremal şəraitdə bitkilərin yaşama qabiliyyətlərini nə dərəcədə saxlamaları haqqında fikir yürütmək çox çətindir. Lakin alimlər nikbindirlər və Bağın inkişaf etdirilməsi üçün Dövlətin diqqətinin müsbət tendensiyası göz qabağındadır:

“2015-ci ilin may ayında Mərkəzi Nəbatat Bağının tarixində ilk dəfə olaraq güllər şahzadəsi sayılan qızılgülün möhtəşəm sərgisi keçirilib. Bağın zəngin növ və sort müxtəlifliyinə malik qızılgül kolleksiyasının haqlı olaraq Qafqazın ən böyük qızılgül kolleksiyalarından hesab olunması heç də təsadüfü deyil. Sərgini ziyarət edən çoxsaylı qonaqlar arasında Yaponiyanın Azərbaycandakı səfiri, Tsuquo Takahaşi təqdim olunmuş sərgini yüksək qiymətləndirib.

Qeyd edim ki, Bağın əsaslı şəkildə yenilənməsi və yenidənqurulması gözlənilir. Çünki, həm də elmi-tədqiqat müəssisəsi olan Mərkəzi Nəbatat Bağının mövcudluğu hər bir millətin simasıdır. Hazırda Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının alimlərinin məqsədi açıq səma altındakı bu elmi, mədəni-maarif mərkəzinin vacib komponentlərini mühafizə etmək və artırmaqdan ibarətdir.

Əlbəttə, Mərkəzi Nəbatat Bağı təkcə canlı kolleksiya deyil, həm də 600 min nüsxədən ibarət unikal herbari kolleksiyasıdır ki, onların arasında ilk dəfə olaraq bizim ölkəmizin ərazisində aşkar olunmuş və dünya Botanika ictimaiyyəti üçün böyük maraq doğuran tip nümunələri də vardır. ABŞ-ın Bitkilər üzrə Qlobal Təşəbbüs Fondu (GPİ) Botanika İnstitutunun Herbarisində saxlanılan nümunələrinin rəqəmsallaşdırılması, herbari məlumatlarının hazırlanması və dünya onlayn xəzinəsinə – məlumat bazasına daxil edilməsi məqsədilə alimlərə qrant təsis edib.

Təəssüflər olsun ki, 2014-cü ildə Mərkəzi Nəbatat Bağının ərazisində Botanika muzeyinin yaradılması haqqında bir çoxlarının məlumatı yoxdur. Botanika Muzeyində ilk ekspozisiya Talış dağlarının unikal relikt bitkilərinə həsr olunub. İsveçrənin Friburq Təbiət-Tarixi Muzeyi, AMEA Botanika İnstitutu və qabaqcıl Avropa dizayner kompaniyasının müştərək işi olan sərgi, müasir interaktiv elementlər və yaraşıqlı innovativ maarifləndirici bazanı özündə cəmləşdirir. Bu sərginin açılışı Avropa ölkələrinin səfirliklərinin böyük marağına səbəb olub, mərasimdə İsveçrə, Avstriya və digər ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri də iştirak edib. Almaniyanın paytaxtı Berlin şəhərinin Botanika Bağı və Botanika Muzeyində Qafqaz florasına həsr olunmuş sərginin açılışında və təşkilində bizim botaniklər də yaxından iştirak ediblər”.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR