Biz düşməndən çox güclüyük

f14eaa1e1153f90456278541074e799b_LÜzeyir Cəfərov: “Müharibənin nə olduğunu bilən adamlar belə gülünc şeylərdən yazmazlar”

Dünən axşamdan Gədəbəy rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutan işğalçı Ermənistan ordusu layiqli cavabını aldı. Azərbaycanın güclü ordusunun qüdrəti qarşısında tab gətirməyən düşmən itki verərək geri çəkildi.
Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov İslaminsesi.org-a verdiyi açıqlamada ordumuzun düşmən güclərindən qat-qat üstün olduğunu bildirdi:
“Əgər biz atəşkəs rejiminin pozulması statistikasına baxsaq görərik ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri demək olar ki, hər gün cəbhənin ayrı-ayrı istiqamətlərində həm atəşkəs rejimini mütamadi pozurlar, həm də müxtəlif təxribatlar həyata keçirməyə cəhd edirlər. Elə iyulun 24-ü gün ərzində və gecə vaxtı cəbhənin Goranboy, Tərtər, Ağdam, Füzuli rayonları istiqamətində, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədinin Gədəbəy rayonu sahəsində Azərbaycan Ordusunun mövqelərini müxtəlif silahlardan intensiv atəşə tutulub. Eyni zamanda məkrli düşmən aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstərib.
Lakin, ordumuzun o istiqamətdə yerləşən hərbi hissəsinin əsgər və zabitlərinin sayıqlığı nəticəsində düşmənə atəş açılıb və onların niyyətləri baş tutmayıb. Müdafiə Nazirliyinin verdiyi rəsmi məlumata inansaq, qarşı tərəf ən azı 5 nəfər itki verməklə geri çəkilməyə məcbur edilib. Bizim əsgərlərimizdən də şəhid olanı var. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub. Allah rəhmət eləsin, doğmalarına və yaxınlarına səbr arzulayıram. Ona görə də, bəzi məsuliyyətsiz jurnalsitlərin və onların çalışdıqları sayt və qəzetlərin rəhbərlərinin fantaziyasını alt-üst edərək demək istəyirəm ki, heç bir aktiv döyüş əməliyyatları aparılmır. Bunun müharibə adına qətiyyən aidiyyatı yoxdur və ola bilməz. Müharibənin nə olduğunu bilən adamlar belə gülünc şeylərdən yazmazlar. Müharibədə tanklar, toplar, təyyarə və döyüş vertolyotlarından istifadə edirlər.
Onu da qeyd edim ki, bölgədə baş verən hadisələrin son günlər Türkiyədə və Suriyada vəziyyətin kritik həddə çatması ilə də heç bir əlaqəsi də yoxdur. Onsuz da belə toqquşmalar bundan əvvəl də baş verirdi.
Sonda onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, cəbhə xəttində əməliyyat şəraiti ordumuz tərəfindən tam nəzarət altındadır. Ona görə ki, bizim Silahlı Qüvvələrimizin həm təminatı, həm də bütün göstəricilər üzrə parametrləri düşməndən qat-qat üstündür”.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR