Bulvarın bahacıl çayxanalarda vəziyyət dəyişməz qalır (VİDEO)

img1865206Bulvarda ucuz qiymətə, daha dəqiqi, öz qiymətinə çay içmək istəyənlər hələ də bu nemət və lüksə tamarzıdılar. Belə ki, bulvar ərazisində əksər iaşə obyektlərində vətəndaşlara sadə çay verilmir.
ANSPRESS saytının hazırladığı reportajda bildirilir ki, vətəndaşlar 2 manat ödəməli olduğu halda bəzi obyektlər buna məhəl qoymurlar. İnsanların da elə şikayəti əsasən bundandır.
Sayt yazır: “Bu ərazilərdəki kafelərdə menyuda sadə çayın olduğu göstərilsə də, nədənsə çayçı işləyən şəxs bu təklifin icra edilmədiyini bildirib. Kafenin administratoru isə deyilənləri təkzib edib və bildirib ki, sadə çayın verilməməsi mümkün deyil. O, hətta belə səhv edən işçinin işdən azad edilə biləcəyini də deyib.
Analoji vəziyyətə bir çox çay evlərində rast gəlinir. Sadə çay verilməsi Dənizkənarı Milli Park İdarəsi tərəfindən obyekt sahiblərinə əslində tapşırılıb. Amma bəzi kafelər deyəsən bu təlimata barmaqarası yanaşır.
Sadə çayın verilməməsi ilə bağlı qaynar xəttə şikayətlərin çox olduğunu deyən Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov kafelərdə bu cür halların baş verməsini özbaşınalıq kimi qiymətləndirir. Onun fikrincə, bulvarda mütləq şəkildə sadə çay verilməlidir. Çünki, buraya dincəlməyə gələn insanların hamısının çay dəstgahı sifariş etməyə maddi imkanı olmaya da bilər.
Rəis müavini bu məsələdə bir problemlə üzləşənlərə (055) 282 70 00 nömrəli telefon nömrəsinə günün 24 saatı zəng etməyi məsləhət görüb”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR