Orduda 43 rüşvətxor saxlanıldı

11 064 qanun pozuntusu aşkar edilib.

İyulun 24-də Azərbaycan Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2015-ci ilin birinci yarımilində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-a bildiriblər ki, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Azərbaycanın baş prokurorunun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, qeydə alınan cinayətlərin 98,8 faizi, o cümlədən bütün ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub.

Diqqətə çatdırılıb ki, respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2015-ci ilin birinci yarımilində korrupsiya hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək bu xarakterli faktlar üzrə 43 şəxs barəsində 25 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

Törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 82,3 faizinin istintaq zamanı ödənilməsi təmin olunub.

Cari ilin altı ayında hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 34 nəfər tutularaq istintaqa cəlb edilib.

Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 63 yoxlama keçirilib, nəticədə 1 064 qanun pozuntusu aşkar edilib.

Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 98 təqdimat göndərilib, 125 nəfərə xəbərdarlıq edilib, 30 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 76 yazılı göstəriş verilib.

Prokurorun təqdimatlarının baxılması nəticəsində 203 nəfər intizam məsuliyyətinə cəlb edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR