Aydın Bəşirov dövlət əmlakı olan gəmini oğlunun adına özəlləşdirib

1438928832_aydin-besirov50000O, oğlu İlqar Bəşirovun adına Türkiyədə nəhəng şirkət qeydiyyatdan keçirib

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq rəisi biznesinin əhəmiyyətli bir hissəsini hansı yolla sığortalamağı bacarıb?

Xatırlayırsınızsa, təxminən, bir həftə öncə müxtəlif kütləvi informasiya vasitələrində Bakı bulvarından yaxtanın oğurlanmasına dair məlumat yayılmışdı. Belə ki, polisə müraciət edən 1967-ci il təvəllüdlü Füzuli Daşdəmir oğlu Abdullayev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tabeliyində olan Yaxt Klubda saxladığı katerinin naməlum şəraitdə yoxa çıxdığını bildirib. Şikayətçi qeyd edib ki, katerinin uzunluğu 65 metrə yaxındır və bu gəmi onun şəxsi mülkiyyətində olub. Həmçinin o da qeyd edilib ki, yaxta 2006-cı ilin iyun ayından Yaxt Klubun ərazisində müqaviləsiz əsaslarla saxlanılıb.

Hadisədən bir gün sonra isə Yaxt Klubun yetkili şəxsləri oğurlandığı iddia edilən gəminin sahibinin əslində QSC-nin keçmiş rəisi Aydın Bəşirovun oğlu olduğunu bildiriblər. Öz növbəsində, Aydın Bəşirov da baş vermiş olayla bağlı münasibət bildirib. O, qeyd edib ki, həmin gəmi artıq sahibinə qaytarılıb. Bununla bağlı əldə etdiyimiz ən son bilgilərdə isə deyilir ki, artıq Xəzər Dəniz Gəmiçiliyinin keçmiş rəisinin oğluna məxsus olan yaxtanın yoxa çıxması məsələsinə aydınlıq gəlib. Bəlli olub ki, yaxtanı kimsə oğurlamayıb. Mövzu ilə əlaqədar əldə etdiyi məlumatları redaksiyamızla paylaşan mənbə isə iddia edir ki, aparılmış araşdırmalar zamanı əslində yaxtanın oğurlanmadığı aşkara çıxıb: “Ortaya çıxan daha bir maraqlı fakt isə oğurlandığı iddia olunan gəminin Aydın Bəşirovun oğluna məxsus olması idi. Deməli, Aydın Bəşirov Xəzər Dəniz Gəmiçilik idarəsinə rəhbərlik etdiyi vaxtlarda, Bakıdan İranın Ənzəli limanı marşrutu üzrə hərəkət edən “Vətən” adlı gəmini oğlunun adına özəlləşdirib. Oğlu isə özləlləşdirilən dövlət əmlakını yaxta kimi yenidən qurdurub. Bu məlumatları Xəzər Dəniz Gəmiçilik İdarəsində də təsdiqləyirlər. Düzdür, yaxtanın sahibinin soyadı Bəşirov olmasa da, keçmiş rəis Fizuli adlı şəxsin oğlu olduğunu bəyan edib. Necə olur ki, bir məmur övladı dövlət əmlakını özəlləşdirir və onun saxlanılmasına külli miqdarda vəsait sərf edir? Axı yaxtanın saxlanılma xərcləri heç də az deyil. Nəzərə alsaq ki, Aydın Bəşirovun məmur işlədiyi zaman aldığı məvacib 1500-2000 manat arasında olub, o zaman ortaya ilginc sual çıxır: Bu pulla yaxtanı necə saxlamaq olar?..”

Bu arada, məlumatlı şəxsin sözlərinə görə, Aydın Bəşirovun ailəsinin nəzarətində olan 70-dən artıq gəmi Panama bayrağı altında əsasən Qara və Aralıq dənizlərində yükdaşımada istifadə olunur: “Deyilənlərə görə, uzaq səfərlər kapitanı olan Aydın Bəşirovun donanmasında 50-yə yaxın yük gəmisi var. Ümumilikdə isə onun ailəsinin nəzarətində 70-dən artıq gəminin olduğu haqda məlumat var. Həmin gəmilər müxtəlif dövlətlərin, Panama bayrağı altında əsasən Qara və Aralıq dənizlərində yükdaşımada istifadə edilir. Onu da qeyd edim ki, Aydın Bəşirovun biznesinə oğlu İlqar Bəşirov nəzarət edir. Belə ki, oğul Bəşirov atasının və özünün gəmiçiliklə əlaqəli biznesini əsasən dəniz vağzalı yaxınlığındakı “Zema” inşaat şirkətindəki ofisdən idarə edir. Atasının fəaliyyəti ilə bağlı aparılan gizli yoxlamalardan kənar qalması üçün razılaşmasının baş tutmasında İlqar Bəşirovun da rolunun olduğu deyilir. Bildirilir ki, artıq Aydın Bəşirov 4 min 750 ton yükgötürmə qabiliyyətli olan 3 gəmini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə təhvil verib. Deyilənlərə görə, 2006-2008-ci illərdə istifadəyə verilmiş həmin quru yük gəmilərinin hər birinin qiyməti 5-10 milyon dollardır”. Aydın Bəşirovun tutduğu vəzifədən uzaqlaşdırılmamışdan bir neçə ay öncə oğlunun adına Türkiyədə “Sailtrade Denizcilik ve Ticaret Ltd” adı ilə “Sti.: Nispetiye cad. Dilhayat Sokak No.24 34337, Etiler, İstanbul, Turkey” ünvanında şirkət qeydiyyatdan keçirdiyini vurğulayan məlumatlı şəxs bildirir ki, həmin şirkətin 12 yük və bir neçə sərnişin daşıyan gəmisi var: “Deyilənlərə görə, bu gəmilərin hər birinin qiyməti 5-15 milyon dollar arasındadır. Gəminin 1 günlük icarə haqqı 5-10 min dollardan başlayır. Oğul Bəşirovun sahibi olduğu bu gəmilərin toplam dəyəri 120 milyon dollar civarındadır. İlqar Bəşirovun adına Türkiyədə qeydiyyatdan keçirdiyi şirkətin ortağı isə “Kent Denizcilik Limited” şirkətinin rəhbəri Səbahəddin Sudur. Bu şirkətin nizamnamə kapitalı yarım milyon dollara yaxındır. Ən maraqlı məqamlardan biri isə şirkətin qeydiyyatdan keçmə tarixidir. Sənədlərə görə, Aydın Bəşirovun oğlu 17 iyul 2013-cü ildə şirkətin qeydiyyatı üçün Türkiyənin müvafiq qurumuna müraciət edib. 1 həftə sonra, 23 iyul 2013-cü ildə şirkət qeydiyyata alınıb. İlk baxışdan bu tarix təqvimdəki adi günlərdən biridir. Amma nəzərə alsaq ki, cəmi 3 ay sonra, yəni 22 oktyabr 2013-cü il tarixdə Aydın Bəşirov işdən çıxarılıb, deyə bilərik ki, sabiq QSC rəisi cəld tərpənib. Və bununla da biznesinin əhəmiyyətli bir hissəsini sığortalamağı bacarıb…”

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.gundelik-baku.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR