Bakı bulvarındakı müftə qazanc yeri… – “Bahalı maşınımı görüb, məndən 3 saat üçün 6 manat tələb etdilər”

1439877238_0001Redaksiyamıza şikayət edən Bakı sakini Nazim Əliyev bildirir ki, Bakı bulvarındakı dayanacaqda, konkret olaraq “Dalğa Plaza”nın yaxınlığında yerləşən avtodayanacaqda vətəndaşlar rəsmən qarət olunur. DİA.AZ-a müraciət edən narazı Bakı sakini bildirir ki, kimindən 1 manat, kimindən də 2 manat dayanacaqhaqqı alınan bu məkanda əməlli-başlı özbaşınalıqdır.

Qeyd edək ki, bu dayanacaq yaxınlıqdakı «Dalğa plaza»ya məxsusdur və bir müddət əvvəl bu dayanacaqda qiymətin artırılması böyük narazılığa səbəb olsa da, reaksiya verən tapılmadı.

Hətta bu barədə mətbuata açıqlama verən Bulvar İdarəsinin rəisi müavini Nazim Məcidov da bildirmişdi ki, həmin dayanacaq bulvar ərazisində yerləşsə də, Dövlət Bulvar İdarəsinin balansında deyil: «Həmin dayanacaq «Dalğa plaza»nındır. Qiymətləri də onlar tənzimləyir».

Onu da bildirək ki, havalar isindikcə bulvara gələnlərin sayının artması dayanacaq rəhbərliyini şirnikləndirib. Buna görə də bu gün hətta 1 manatlıq qiymət tarifi də stabil deyil və hər bir müştəridən fərqli pul tələb olunur.

DİA.AZ-a yazan Bakı sakini bildirir ki, dayanacağın qapısında dayananlar müştəriləri çeşidləndirir: “Bahalı maşınımı görüb, məndən 3 saat üçün 6 manat tələb etdilər və dedilər ki, saatı 2 manatdır. Mən biləni isə burada saat fərqi olmamalıdır və ucdantutma 1 manat alırlar. Görünür, hətta bu qanunsuzluq belə dayanacaq sahibləri üçün yetərli olmayıb və əlavə pul çıxarmaq fikrinə düşüblər”.

Mövzu diqqətimizdədir, qarşı tərəfi də dinləməyə hazırıq…

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR