Özünü doğrayan AMEA əməkdaşı intiharının səbəbini açıqladı

c94293a5161338c94fa6925eff96fc6eAMEA məsələ ilə bağlı açıqlama yayıb

AMEA-nın Neftkimya Prosesləri İnstitutunun əməkdaşı Mağrub Bədəlli bir neçə gün əvvəl özünə xəsarət yetirməsi ilə bağlı məsələyə münasibət bildirib.Lent.az-ın məlumatına görə, hazırda Şəkidə reabilitasiya kursu keçdiyini bildirən M.Bədəlli özünü evə görə öldürmək istəmədiyini deyib: “Bəri başdan deyim ki, özümü öldürmək istəyimin mənzil növbəsi ilə bağlı olmasının və bununla bağlı yalan bilgi verilməsinin özü saxtalıqdır. Torpağımıza təcavüz olunan ilk gündən AMEA-nın Yasamaldakı yataqxanasından döyüşə gedib AMEA üzrə yeganə Qarabağ əlili olmuşam. İşlər İdarəsi elmlər doktoru həyat yoldaşımı 2-3 yaşlı iki körpə uşaqla yataqxanadan çıxarıb, oranı AMEA-ya aid olmayanlara icarəyə verib. Ailəm isə qardaşımın evinə sığınıb. İndi AMEA həmin yataqxanadakılar üçün ev tikir. Mənə isə işlər müdirinin müavini Sərdar Əliyev zəng edib mənzil verilməyəcəyini bildirib. Buna etiraz edəndə isə işlədiyim Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutuna 17 iyun 2014-cü ildə gələrək əlində kompromatlar olduğunu, bir neçə evimin olduğunu bildirib. Bunların saxta olduğunu, belə məlumatların toplanmasının cinayət məsuliyyəti daşıdığını başa salanda isə “döyüşlərdə olmadığımı, saxta əlillik dərəcəsi aldığımı” deyərək məni təhqir edib”.

M.Bədəlli əlavə edib ki, ev tələbinin müxtəlif dairələrdə qəbul olunmamasının təsiri altında AMEA prezidentinə intihar edəcəyi ilə bağlı xəbərdarlıq edib: “Eyni zamanda 102-yə və 161-ə 16.07.2015-də zəng edib, rüşvət vermədiyimə görə təhqir olunmağımdan və 01.08.2015-ə kimi qəbul olunma hüququm təmin olunmasa, 31.07.2015-də AMEA-nın İstiqlaliyyət küçəsində yerləşən binasının qarşısında özümü öldürəcəyimi açıqladım. Ağdamın işğalı günündə – 23.07.2015-də Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsində izahatımı alanda da qanuni sənədlərimi əlavə edib, intihar barədə də bilgiləndirdim. Qısaca intihara sürükləyən nədənlər bundan ibarətdir. 31.07.2015-də AMEA prezidentinin köməkçisinə bir neçə dəfə zəng etsəm də, dəstəyi götürən olmadı. Qəbul olunma hüququm təmin olunmadığına görə AMEA-nın qarşısına gedib,özümü orada öldürəcəyimi və baiskarların adını deyib, yola düşdüm. Saat 15-15-də AMEA-nın binasına girib, daxili telefonla köməkçiyə zəng edib, özümü indi binanın qarşısında öldürəcəyimi dedim. 15 dəqiqəlik “Qarabağda döyüşdə ölmədim, indi burada öləcəyəm” fikri ilə o yan-bu yana gedəndən sonra özümlə gətirdiyim ülgüclə sol biləyimin şah damarını kəsməyə başladım. Bu zaman qapının ağzında olan mühafizə polisi yardımıma yetişib, cəld təcili yardım çağırdı. 102-yə özüm zəng etmişdim və barəmdə öləndən sonra yalan bilgi verilməməsini diləmişdim”.

*****

6 avqust 12:23

Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı Bədəlli Məğrub Ağamalı oğlunun intihara cəhd etməsi ilə bağlı açıqlama yayıb. Lent.az-a daxil olan açıqlamada bildirilir ki, M.Bədəlli və onun həyat yoldaşı Bədəlli İradə Fərrux qızı AMEA-nın yeni inşa edilməkdə olan yaşayış binasından əsassız tələblərlə mənzil əldə etmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə, eləcə də respublikanın rəhbər orqanlarına çoxsaylı müraciətlər edib. AMEA-nın Rəyasət Heyəti aparatının İşlər idarəsi sözügedən şəxsin müraciətlərini nəzərə alaraq onun ailəsinin yaşayış şəraitini öyrənmək məqsədilə araşdırma aparıb. AMEA tərəfindən bu məqsədlə Nizami və Nərimanov rayon icra hakimiyyətlərinə sorğu məktubları göndərilib. Nəticədə məlum olub ki, M.Bədəllinin mülkiyyətində bir neçə mənzil var. Belə ki, M.Bədəlliyə 1988-ci ildə Nizami rayon İcraiyyə Komitəsi tərəfindən Nizami rayonunda, Babək prospekti, ev 71 ünvanında, kooperativ evdə yaşayış sahəsi 28.82 kv.m, ümumi sahəsi 47 kv.m olan 2 otaqlı mənzilə order verilib və hazırda həmin binada yaşayır. Bundan başqa, M.Bədəllinin əlil olduğunu nəzərə alaraq, 2009-cu ildə 4 nəfərdən ibarət ailəsinə Nərimanov rayonu, Ə.Rəcəbli küşəsi, ev 46 ünvanında, yaşayış sahəsi 38.4 kv.m, ümumi sahəsi 70.1 kv.m olan daha 2 otaqlı mənzil verilib. Həmçinin o, Babək prospekti ev 71 ünvanında, mənzili yerləşən binanın qarşısında, 1-ci  mərtəbəsi qaraj  olan 2 mərtəbəli ev inşa etdirib.

AMEA tərəfindən M. Bədəllinin müraciətlərinə dəfələrlə baxılmasına və məsələ ilə bağlı ona ətraflı izahatlar verilməsinə baxmayaraq, ərizəçi onun ailəsinə təcili mənzil ayrılması tələbini irəli sürür.

Sonuncu müraciətlərində isə o, özünün intihara sürüklənməsi iddiası ilə dəfələrlə Akademiya rəhbərliyini hədələyib.

31 iyul 2015-ci il tarixdə M.Bədəlli AMEA-nın Rəyasət Heyəti binasının qarşısında intihara cəhd edərkən Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi tərəfindən bölməyə aparılıb və dilindən izahat alınaraq sərbəst buraxılıb.

***10:41

Bakıda intihara cəhd olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neftkimya Prosesləri İnstitunda elmi işçi vəzifəsində çalışan 1956-cı il təvəllüdlü Bədəlli Məğrub Ağamalı oğlu qolundakı damarları kəsib. 59 yaşlı M.Bədəlli akademiyanın giriş qapısında özünə xəsarət yetirib və daha sonra təcili tibbi yardım maşını ilə 3 saylı təcili tibbi yardım stansiyasına aparılıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, M.Bədəlli AMEA-dan ev tələb edir. O, bildirib ki, növbəyə yazılsa da, ona hələ də ev verilməyib.

Qeyd edək ki, damarını doğrayan şəxsin adı bir sıra qalmaqallı məsələlərdə hallandırılır. M.Bədəlli bir sıra dövlət təşkilatlarını və nazirlikləri məhkəməyə verib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR