Qızılqayada ən ucuz olanı insandır – Karxanalarda əsl quldarlıq rejimi hökm sürür

1439442365_0001DİA.AZ bildirir ki, Qaradağ rayonu ərazisində yerləşən daş karxanalarında çalışan fəhlələrin ölkənin əmək məcəlləsinin tələblərinə tamamilə zidd olaraq, hədsiz əzab-əziyyətlə pul qazanmlarına rəğmən, onların təhlükəsizliyinin belə təmin olunmaması, karxanalarda tez-tez bədbəxt hadisələrin baş verməsi və insanların burada çalışarkən daim qorxu altında olması təcili həllini gözləyən problemlərindən biridir. Bu karxanalarda işləyən fəhlələrin hüquqlarının müdafiəsi isə, hələ də lazımi səviyyədə təşkil edilməyib. Fəhlələr bildirirlər ki, daş karxanalarının xüsusi və qeyri-rəsmi tarifləri var ki, bunu da karxana sahibləri özləri müəyyənləşdirirlər. Bu xüsusda redaksiyamıza daxil olmuş məlumatlarda isə, rayonun Qızıldaş qəsəbəsi yaxınlığında, Qızılqaya adlanan ərazidə yerıəşən, Yaşar və Eldar adlı iki şəxsə məxsus olduğu iddia olunan karxanada ötən il baş vermiş bir ölüm hadisəsi və hazırda müşahidə edilən bir çox qanun pozuntuları barədə açıqlamalar təqdim olunub. Həmçinin mənbə bildirmişdi ki, sözügedən karxananı Elnur və Arif adlı şəxslər idarə edirlər. Sahələrdə işə ümumi nəzarətin isə, Camal adlı bir nəfər tərəfindən həyata keçirildiyi qeyd olunur. Mənbənin iddiasına görə keçən il, Şəki rayonundan olan Məmməd adlı şəxs idarə etdiyi konla burada işləyən fəhlələrdən birini əzərək onun ölümünə səbəb olmuşdur. Lakin bu hadisəyə görə indinin özünədək heç kəs məsuliyyətə cəlb olunmayıb. Məsələ bundadır ki, karxanada işləyən fəhlələr heç bir əmək müqaviləsi imzalanmadan, tamamilə qeyri-rəsmi şəkildə işə götürülürlər. Təbii ki, bu zaman onların hər-hansı hüquqlarından danışmaq belə yersizdir. Karxana sahiblərinin öz cəzasızlıqlarına olan arxayınlıqları isə, onları ən elementar təhlükəsizlik qaydalarına belə etinasız yanaşmağa sövq edir. Mənbə bildirir ki, hətta elektrik dəzgahlarını qidalandıran kabellərin belə əksəriyyəti tam izolyasiya olunmamış şəkildə, karxananın bütün ərazisi boyunca uzanmaqdadır. Həmçinin iddiaya görə karxananın fəaliyyəti hazırda ərazinin yaxınlığından keçən iri diametrli qaz borusu üçün də əsil təhlükə mənbəyinə çevrilmişdir. Belə ki, mənbə karxanada əmələ gələn daş və qum tullantılarının məhz bu qaz borusunun üzərinə atıdığını bildirir. Daha sonra məlumatda qeyd olunur ki, hazırda “Qızılqaya” karxanasının istismarı mütəxəssislər tərəfindən deyil, mülkiyyətçilər tərəfindən həyata keçirilir. Onların qəbul etdikləri qərarlar isə, təbii ki, çox zaman müvafiq təlimatlara zidd olur. Məsələn, mənbə bildirir ki, karxana sahiblərindən birinin, Yaşarın oğlu olan Elmirin göstərişi ilə hazırda burada daş kəsiminin “divar” üsulu tətbiq olunur. Bu isə, mənbənin deməyinə görə ekoloji qanunlara tamamilə ziddir. Digər tərəfdən isə, məlumatlarda bu karxanada vergidən yayınma hallarının da gen-bol yer aldığı vurğulanır. Bu xüsusda bildirilir ki, bütün il boyu karxanada üç ədəd daşkəsən kombayn istismar olunsa da, hazırda Vergilər Nazirliyi tərəfindən keçirilən yoxlamalarla əlaqədar, karxana sahibləri bu maşınlardan ikisini gizlədiblər. Hətta məlumatda kombaynların gizlədildiyi yerin dəqiq koordinatları da təqdim edilib. Mənbənin iddiasına görə, bu maşınlar Bayram adlı şəxsin işlətdiyi yeməkxananın aşağı hissəsində torpağa basdırılıblar. Qeyd edək ki, Qızılqaya karxanasında baş vermiş və barəsində bəhs etdiyimiz ölüm hadisəsi, sən demə bu müəssisədə yer almış heç də ilk faciə deyil. Əldə etdiyimiz məlumatlara görə daha bir belə hadisə bir neçə il bundan əvvəl həmin karxanada baş vermişdir. Bu xüsusda açıqlamada bildirilir ki, həmin vaxt karxananın mişar daşı sexində maşinist işləyən Neftçala rayonu, Xıl kəndinin sakini, 36 yaşlı Zülfüqar İbad oğlu Əsgərov dəzgahın arasına düşərək parça-parça olmuşdu. Lakin o zaman da karxana sahibləri bu hadisənin ört-basdır olunmasına nail ola bilmişdilər. Ən acınacaqlısı isə budur ki, hətta belə hadisələr də karxanalarda yaşanan dözülməz şəraitin aradan qaldırılması üçün zəmin yaratmır.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR