Bank-hüquqşünas çəkişməsində maraqlı fakt – Hakim borclu olduğu bankın iddiasına baxır

hakim-1Bu gün Yasamal rayon məhkəməsində “Nikoyl Bank”ın, hüquqşünas Əkrəm Həsənova qarşı  iddiası üzrə hazırlıq iclası keçirilib. Hakim Zəfər Quliyev məhkəmə tərkibini elan edərək tərəflərdən ona etiraz edib etmədiklərini soruşub.Prosesin gedişi barədə Strateq.az-a məlumat verən Ə.Həsənov bildirib ki, onun Xətai rayonunda qeydiyyatda olduğu halda, işə Yasamal rayon Məhkəməsində baxılmasının səbəbi aydın olub: “Hakim məhkəmə tərkibinə etirazın olub-olmaması barədə sual verən kimi mən söz istədim. “Nikoyl Bank”ın nümayəndəsinə bildirdim ki, hakim mənim uzaq qohumumdur: onun həyat yoldaşı mənim qaynımın həyat yoldaşının dayısı qızıdır. Soruşdum ki,  bununla bağlı hakimə etirazı varmı? Bankın  nümayəndəsi cavab verdi ki, xeyr, yoxdur. “Nikoyl”un hakimə etiraz etməməsi mənim hakimə etiraz etməyim üçün əsasımı daha da ciddiləşdirir. Məlum olduğu kimi, iddia predmeti olan “Facebook”dakı yazımı 15-dən çox KİV dərc edib. Amma iddiada mənimlə bərabər cavabdeh qismində yalnız “Aznews.az” portalı göstərilib. Məhz onun ünvanı üzrə də iddia Yasamal rayon Məhkəməsinə verilib. Mənim ünvanım üzrə verilsəydi, işə Xətai məhkəməsi baxmalı olacaqdı”.

Bəs bankın belə addım atmasının səbəbi nədir?

Sualın cavabını hüquqşünas belə izah edib:“Hələ avqust ayında “Nikoyl Bank” rəsmisi mənə məktub yazaraq təkzib verməyimi xahiş etmişdi. Həmin məktubu bankın İdarə Heyəti sədrinin hüquqi məsələlər üzrə müşaviri Ayxan Rüstəmzadə imzalayıb. Həmin şəxs hakim Zəfər Quliyevin yaxın dostudur. 2012-ci ilədək A.Rüstəmzadə məhkəmə sistemində çalışıb. 2012-ci ildən isə “Nikoyl Bank”a keçib. Məhz 2012-ci ildə də Rüstəmzadənin köməyi ilə hakim Zəfər Quliyev “Nikoyl bank”dan 25 il müddətinə 50 min manat məbləğində ipoteka krediti götürərək Bakı şəhəri, Gəncə prospekti, ev 73-də 47 nömrəli mənzili alıb. Başqa sözlə, hakim borclu olduğu bankdan asılı vəziyyətdədir. Ən azı ona görə ki, “Nikoyl”un kredit üzrə ona edilmiş və (və ya) ediləcək güzəştlərində maraqlıdır. Beləliklə, hakimi “Nikoyl bank”la şəxsi dostluq və kredit öhdəliyi bağlayır. Məhz buna görə də iş Yasamal Rayon Məhkəməsində və Z.Quliyevin araşdırmasına verilib.  Ona görə də “Nikoyl”u heç mənim hakimlə qohumluq əlaqəm də narahat etmir”.ekrem-1

Qeyd edək ki, bu deyilənləri hakim Z.Quliyev özü də etiraf edib və bunların onun obyektivliyinə xələl gətirmədiyini vurğulayıb. Mülki Prosessual Məcəllənin 19-cü maddəsinə görə, hakimin obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, ona etiraz edilə bilər. Bu halda hakim, ümumiyyətlə, özü-özünə etiraz etməyə borcludur. Ona görə də Ə.Həsənov hakimə etiraz edib: “Mən dedim ki, birinin digərinə borcu varsa, ondan necə obyektivlik gözləmək olar? Bu faktın özü qanunla nəzərdə tutulan hala aid deyilsə, onda daha nə aiddir?! 40-dan çox bank var. Hakim hamısından kredit almır ki. Kredit aldığı bankların işinə baxmasın. Həm də ki, ipoteka krediti almaq elə də asan iş deyil, amma bu hakim ala bilib. Baxılan işə gəldikdə isə, burada faktlar kompleksdir.  “Nikoyl”un iş üzrə məsul şəxsi hakimin yaxın dostudur, banka krediti var. Üstəlik, Xətai Rayon Məhkəməsinin baxmalı olduğu iş məqsədli şəkildə Yasamala və məhz bu hakimə düşüb. Bundan da ciddi əsas nə ola bilər? Xətai məhkəməsi evimin yanında ola-ola məni Əhmədlidən Badamdara gətizdiriblər”.

nikoyl-1Hüquqşünasın etirazına baxılması üçün məhkəmə prosesi təxirə salınıb. Növbəti baxış oktyabrın 27-nə təyin edilib. Digər cavabdeh “Aznews.az” portalı iclasda iştirak etməyib.

Xatırladaq ki, Ə.Həsənovun məhkəməyə verilməsinə bu ilin avqust ayında sosial şəbəkədəki yazısı səbəb olub. Hüquqşünas  həmin yazısında banklara əmanət qoymağın təhlükəli olduğunu açıqlayıb. Ən təhlükəli banklar qismində isə Rusiyaya mənsubluq meyarına görə “VTB” və “Nikoyl Bank”ın adlarını qeyd edib. Bir həftə sonra “Nikoyl Bank”dan yazıya təkzib verilməsi ilə bağlı məktub alıb. Bank rəsmiləri Rusiya bankı olmadıqlarını,  səhmdarının hamısının yerli hüquqi şəxslər olduğunu bildiriblər.Ə.Həsənov həmin məktuba əsasən, əvvəlki statusunu təkzib edən yeni yazı paylaşıb. Lakin bununla kifayətlənməyən “Nikoyl Bank” hüquqşünası və xəbəri yayan xəbər saytını məhkəməyə verib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR