Nazirin avtovağzalındakı dərinləşən çatların gizlinləri…

img1918312Nəqliyyat Nazirliyinin tabeliyində olan qurum Ziya Məmmədovun obyektinə girişi bağlayıb

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sürüşməsi  mətbuatda geniş müzakirə mövzusudur. Hazırda mediada müzakirə olunan bu məsələ, əslində illər əvvəldən bəlli idi. 2011-ci ildə kompleksin ətrafında çökmələrin baş verdiyi haqda mətbuatda xəbərlər dolaşırdı.
2004-ci ildə özülü qoyulan kompleksin istinad divarlarının dağılacağı 4 il əvvəl də mətbuatda çap olunan yazılarda iddia olunurdu…
Əraziyə baş çəkib orada nə baş verdiyinə aydınlıq gətirməyə çalışdıq. Bakı-Sumqayıt yolunun kənarında yerləşən kompleksə ayrılan yolda çatlar var. Həmin çatlar yoldan kompleksə ayrılan enişli yolun başlanğıcında gözə dəyir. Həmin çatların kompleks ərazisində olan “Comfort İNN” hotelə, Beynəlxalq Avtovağzal Kompleksinə, oradakı qurğulara hər hansı bir təhlükə törədə biləcəyini söyləmək çətindir. Bu gün kompleksin yük maşınlarını üçün nəzərdə tutulan girişində əmələ gələn çatlara respublika ərazisində yeni çəkilən əksər yollarda rast gəlmək olur. Digər ərazilərdəki yollarda çatları yamayır və istismarına davam olunur.
Hazırda Beynəlxalq Avtovağzal Kompleksinə gedən yolu “Azəryolservis” bağlayıb. Yolun ortasına köhnə “Zil” markalı yük maşınını qoyub əraziyə girişdə də üzərində “Nəqliyyat Nazirliyi ”Azəryolservis” ASC, STOP” sözləri yazılan lentlər çəkiblər. Yolda hər hansı təmir işi hələ ki aparılmır.
 

Maraqlıdır ki, Beynəlxalq Avtovağzal Kompleksinin baş mühəndisi İlham İbişov mətbuata açıqlamasında yolda yaranmış çatların Binəqədi Rayon İcra Hakimiyyətinin həmin ərazidə saldığı yamacların, təpəcikləri suvarılması üzündən baş verdiyini söyləyib. Binəqədi Rayon İcra Hakimiyyətinin saldığı yamaclar, qurulan süni təpəciklər isə ərazidən xeyli aralıdadır.
Mühəndisin dediyi kimi ərazidə aparılan suvarma işlərindən sonra yolda belə bir çatların əmələ gəlməsi mümkündür. Amma məsələnin bu tərəfi də var ki, Binəqədi İcra Hakimiyyətinin müvafiq qurumunun işçiləri orada suvarma işlərini 3 ay davam edən yay boyunca həyata keçirilər. İlin 9 ayının böyük hissəsi yağışlı və qarlı günlərlə keçir. Belə bir halda ərazidəki sürüşmə və çökməyə təsir edən amillər sırasında suvarmanın ən son yerdə gəldiyini də söyləmək olar.
Bu baxımdan ərazidəki sürüşmə və çökmə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev fikirlərini daha doğru hesab etmək olar. Ə.Piriyev apa.az-a açıqlamasında deyib ki, əgər yağışlar davam edərsə, ərazidə uçma, böyük çökmə baş verə bilər. Onun sözlərinə görə, sürüşmə atmosfer çöküntülərinin, ərazidə aparılan suvarmanın təsiri nəticəsində baş verib. Baş geoloq əlavə edib ki, lay sularının sürüşmə prosesində rolunun olub-olmamağı aparılan tədqiqatlardan sonra bilinəcək. Ə.Piriyev həmçinin vurğulayıb ki, sürüşmənin kompleksin binasına heç bir təsiri olmayıb.
Tikintisinə 80 milyon dollar xərclənən  kompleksin, xalq arasında “Titanik” adlandırılan Beynəlxalq Avtovağzalın  yağış sularına davam gətirmədiyi haqda xəbərlər də real vəziyyətdən uzaqdır. Ərazidə nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulsa da, bu qadağa piyadalara şamil olunmur. Piyadalar həmin yolda sərbəst şəkildə hərəkət edirlər. Kompleksdə işləyənlər isə yolda baş verənləri  ərazidə drenaj-kanalizasiya sisteminin yoxluğu ilə izah edirlər. Deyirlər ki, kanalizasiya olmadığına görə yağış sularının axıntısı da mümkün olmur, ərazidə süni gölməçələr  yaranır.
Qeyd edək ki, kompleks inşa olunarkən orada tikinti işlərinin başdansovdu aparılması haqda mətbuatda xəbərlər dolaşırdı. Bildirilirdi ki, paytaxtdaxili və Bakıətrafı marşrutlar üzrə sərnişindaşıma xidmətində istifadə ediləcək müxtəlif tutumlu avtobusların Bakı avtovağzalına girişi və çıxışı oradakı asfalt örtüyünün tamamilə çökməsinə səbəb olacaq. Tikintinin aparıldığı 5 il ərzində – 2004-cü ildən 2009-cu ilə qədər mətbuatda bu haqda dərc olunan yazılara sadəcə əhəmiyyət verilmirdi. 2009-cu il fevralın 12-də kompleks istifadəyə veriləndən sonra da belə xəbərlər vardı…
Həmin vaxt əhəmiyyətsiz olan məsələyə  nəqliyyat naziri Ziya Məmmədovun məzuniyyətə göndərilməsindən sonraya təsadüf etməsi də maraq doğurur…
 
Nəzərə çatdıraq ki, Beynəlxalq Avtovağzal Kompleksinin inşası üçün 2003-cü ildə Nəqliyyat Nazirliyi tender elan edib. Tenderin qalibi nazir Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun təsisçisi olduğu “Bakı XXI əsr” şirkəti olub.
E.Məmmədovun şirkəti görüləcək işlərin podratçısı kimi nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi, hazırda “Garant” adlanan “ZQAN Holdinq”i seçib. Və tikinti işlərinə başlanılıb. Layihənin icrasına nə qədər pul xərcləndiyi, kompleksin niyə məhz “ZQAN” tərəfindən tikilməsi haqda ictimaiyyətə heç bir açıqlama verilməyib. Bu gün də kompleksi “Bakı XXI Əsr”, başqa sözlə desək nəqliyyat nazirinin qardaşı deputat Elton Məmmədov idarə edir. Kompleksin Beynəlxalq Avtovağzal kimi fəaliyyətinə də  lisenziyanı verən də nəqliyyat naziri olub.
 

Kompleksə 1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, 4 ulduzlu “Comfort İNN” oteli, 720 yerlik avto dayanacaq, “Bakı XXI Əsr” MMC adlanan  yanacaq doldurma, avto yuma və təmir məntəqələri daxildir. Xatırladaq ki, ümumi sahəsi 170 min kvadrat metr ərazini əhatə edən avtovağzal kompleksinin  I, II, III və IV mərtəbədə yerləşən ticarət mərkəzi, III mərtəbədə yerləşən avtobus platforması, avtobusların dayanması üçün meydançalar, ana və uşaq otağı, poçt, teleqraf, bank, rəsmi şəxslər üçün xüsusi xidmət otağı, gözləmə zalları, kafe və yeməkxanalar, yük saxlama kameraları, oyun zalı, tibb məntəqəsi daxildir. Bir sözlə kompleks ölkə əhəmiyyətlidir. Müvafiq olaraq belə bir obyektə giriş-çıxışı məhdudlaşdırmaq da uyğun deyil. Amma məhdudlaşdırıblar. Belə görünür ki, kompleksin girişində üzə çıxan çatın mənbəyi nəqliyyat naziri ilə hakimiyyət arasında yaranan münasibətlərə söykənir.

(musavat.com)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR