Özlərini nazirlik işçisi kimi təqdim edib sahibkarları aldadırlar

111812_res_01Son günlər sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə ilə bağlı şikayətlər çoxalıb.

Bu barədə virtualaz.org saytına İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat veriblər.

Xəbərdə deyilir ki, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə ilə bağlı və dövlət qurumlarına şikayət olunacağı ilə hədələnmə barədə nazirliyə daha bir müraciət daxil olub.

Araşdırmalar zamanı “VS Hüquqların Müdafiəsi Mərkəzi” MMC-nin əməkdaşlarının özlərini İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində olan qurumun nümayəndələri kimi təqdim edərək sahibkarlıq subyektlərinin fəaliyyətinə yoxlama adı ilə qanunsuz müdaxilə etdiyi, “yoxlamanın” nəticələri ilə bağlı tədbir görülməməsi müqabilində obyekt sahiblərinə müəyyən məbləğ ödəməklə müqavilə bağlanmasını tələb etdikləri, tələbin yerinə yetirilmədiyi təqdirdə müvafiq dövlət qurumlarına şikayətlə hədələdikləri müəyyən olunub.

Şikayətlə bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

İqtisadiyyat və Sənaye Nazirliyi bir daha sahibkarlara yoxlamaların qanunvericiliyin tələblərinə uyğun təyin edilməsinə xüsusi diqqət yetirmələrini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamış yoxlamanın və yoxlama suallarında göstərilməmiş mövzular üzrə, eləcə də özlərini yoxlayıcı dövlət orqanlarının əməkdaşları və ya yoxlayıcı dövlət orqanları ilə əməkdaşlıq edən qurumun nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən istənilən yoxlamaların aparılmasına imkan verməməyi tövsiyə edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR