Səadət Bənənyarlı: “ Mən inanmıram ki, məhbus həkimin səhlənkarlığından ölüb”

Penitensiar_Xidmet_190912Azərbaycanda məhkum xəstəlikdən vəfat edib.  Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində baş verib.
Orada müalicə alan, məhkum, 1962-cı il təvəllüdlü Nail Kərim oğlu Şirinov xəstəlikdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. ( APA ) Bu hadisədən 7 gün əvvəl, 2 oktyabrda Qobustan həbsxanasında cəza çəkən 1961-ci il təvəllüdlü ömürlük məhbus Xanbala Məmmədovun səhhəti qəfildən pisləşib və müalicə müəssisəsinə köçürülüb. Həkimlərin səyinə baxmayaraq, X. Məmmədovu xilas etmək mümkün olmayıb.
Hüquq müdafiəçisi Əliməmməd Nuriyev isə qafqaznews.org-a bildirib ki, fakt üzrə diqqətlə araşdırma aparılacaq: “ Bu məsələ ilə prokurorluq və başqa qurumlar məşğul olacaq. Məlum olacaq ki, məhbusa zəruri prosedurlar aparılıb, ya yox. Nəticədən asılı olaraq PX-nin əməkdaşları məsuliyyətə cəlb oluna bilər”.
Məsələ ilə bağlı PX-nin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov qafqaznews.org-a bildirdi ki, hər insan xəstələnə bilər.
Müxbirimizin “ Nə üçün Xanbala Məmmədova və Nail Şirinova tibbi yardım göstərilməyib?” sualına İftixar Qurbanov belə cavab verdi: “ Hər məhbusun ölümündən sonra patoloji-anatomik ekspertiza aparılır. Həkimlərin işində səhlənkarlıq olarsa, bu barədə Tibb İdarəsinə məlumat verilir. Haqqında söhbət gedən hər iki məhbus xroniki xəstə idi”.
Məsələ ilə bağlı Helsinki Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva qafqaznews.org-a bildirdi ki, PX üzərində vətəndaş nəzarəti olmadığı üçün qurumun rəhbərləri heç nədən çəkinmədən istədiklərini edirlər.
Müxbirimizin “ Axı, PX-nin yanında İctimai Komitə var..?” sualına Arzu Abdullayevanın cavabı belə oldu: “ Bu barədə həmin komitənin üzvlərindən soruşun”.
Biz İK-nin üzvü Səadət Bənənyarlıya müraciət etdik.
O, bildirdi ki, adamlar adi xəstəxanalarda da ölür: “ Müalicə müəssisəsində çoxlu məhbuslar müalicə olunub. Mən inanmıram ki, məhbusların ölümünün səbəbi həkimlərin səhlənkarlığı olub”.
Müxbirimizin “Sizcə, ölümün səbəbi nə ola bilər?” sualına Bənənyarlı belə cavab verdi: “ Çətin sualdır, gərək diqqətlə araşdırma aparılsın. Bəlkə, məhbusun böyrəkləri xəstə olub, ürək xəstəsi olub, həkimə gec müraciət edib?”

Rəşad Rüstəmov

Qafqaznews.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR