Bakı Sağlamlıq Mərkəzində problem bir deyil, iki deyil…

b8423ecc78f4Direktor vəzifəsində Tərlan Bəbirovu əvəzləyən Hikmət Həsənov dövlətin bu sahəyə qayğısından istifadə edir Pasiyentlər və tibb personalı bu şəxsin fəaliyyətindən narazıdırlar Ölkəmizdə səhiyyə sisteminin davamlı inkişaf etməsi üçün bu sahəyə diqqət mühüm əhəmiyyət kəsb edir. Dövlət tərəfindən tibb sektoruna göstərilən qayğı, ayrılan vəsaitlər, tikilən səhiyyə obyektləri təqdir olunsa da, sosial durumu zəif olan şəxslərin pulsuz müalicəsi üçün şərait yaradılsa da, lakin bəzən bu kifayət etmir. Səhiyyə sistemi hələ də sosial inkişaf cəhətdən zəif nöqtələrdən biridir. Bu gün bu sistemin fəaliyyəti qənaətbəxş deyil. Dövlət büdcəsindən səhiyyə sistemi üçün ayrılan vəsaitlər lazımi yerlərə xərclənmir. Ölkədə sosial durumu aşağı olan və müalicəsi üçün külli miqdarda pul tələb olunan ailələrə Səhiyyə Nazirliyi tərəfindən ya pulsuz müalicə təşkil edilməli, ya da müalicəsi üçün pul ayrılmalıdır. Dövlət büdcəsindən səhiyyə sektoruna hər il külli miqdarda vəsaitin ayrılmasına baxmayaraq, bəzi tibb müəssisələrində hələ də problemlər qalmaqdadır. Bakı Sağlamlıq Mərkəzində də işlər qaydasında getmir. Bu barədə bir qədər sonra danışacağıq. Qeyd edək ki, Bakı Sağlamlıq Mərkəzi ötən il istifadəyə verilib. Səhiyyə müəssisəsi 1,2 hektar sahədə yerləşir. Xəstəxana 550 çarpayılıqdır. Tibb ocağı on iki, beş, altı mərtəbəli üç binadan ibarətdir. Altı mərtəbəli binada əsasən əməliyyatxanalar, cərrahiyyə, reanimasiya, qəbul, şüa diaqnostika şöbələri yerləşir.

Beş mərtəbəli korpusda isə endikrinologiya, lor, nevrologiya, terapiya şöbələri fəaliyyət göstərir. On iki mərtəbəli blokda doğum şöbəsi yerləşir. Ümumilikdə mərkəzin 9 əsas, 7 yardımçı şöbəsi var. Doğum şöbəsinin isə özünün ayrıca 9 yardımçı bölməsi fəaliyyət göstərir. Xatırladaq ki, səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı əmrlə mərkəzin direktoru Tərlan Bəbirov bir müddət əvvəl tutduğu vəzifədən kənarlaşdırıldı. Onun yerinə Şirvan Diaqnostika Mərkəzinin rəhbəri Hikmət Həsənov təyin edildi. Vurğulamaq lazımdır ki, Tərlan Bəbirov mərkəzə rəhbərlik edərkən şikayət halları artmış və burda tibbi xidmətlərin keyfiyyəti aşağı düşmüşdü. Onun işdən uzaqlaşdırılmasını mərkəzin kollektivi, habelə bura müraciət edən pasiyentlər də təqdir etdilər. Lakin onu əvəz edən Hikmət Həsənovun fəaliyyəti elə də ürəkaçan səviyyədə deyil. Redaksiyamıza daxil olan məlumatlara əsasən vətəndaşların bir çoxu burda göstərilən tibbi xidmətlərin keyfiyyətindən razı qalmır: “Əvvəlcə bir vacib məqamı xatırlatmaq istəyirəm. Cənab prezident dövlət büdcəsindən maliyyələşən bütün səhiyyə müəssisələrində tibbi xidmətin pulsuz olması barədə tapşırıq verib. Əfsuslar olsun ki, Bakı Sağlamlıq Mərkəzində pulsuz tibbi xidmət işlək deyil. Belə ki, həkimlərin demək olar ki, hamısının gözü vətəndaşların cibindədir.

Əgər pasiyent həkimə hörmət edirsə, onu yaxşı qəbul edib, yaxşı da yola salırlar. Yox əgər kimsə həkimə pulsuz yoxlanmaq istədiyini bildirirsə, onun üzünə belə baxmırlar. Bakı Sağlamlıq Mərkəzində ən son tibbi avadanlıqlar quraşdırılıb. Burda elə aparatlar var ki, dünyanın ən inkişaf etmiş ölkələrinin xəstəxanalarında yoxdur. Amma mərkəzdə çalışan həkimlərin əksəriyyətinin tibbi savadı normal səviyyədə olmadığı üçün həmin aparatlardan düzgün istifadə edə bilmirlər. Mərkəzdə direktor dəyişikliyi baş verəndən sonra keyfiyyət göstəriciləri daha da aşağı düşüb. Dövlət səviyyəsində güzəştli kateqoriyadan olan xəstələrin pulsuz dərman və zəruri tibbi ləvazimatlarla təmin olunması üçün hər cür qayğı göstərilir. Bakı Sağlamlıq Mərkəzində həm şəkərli xəstələr, həm də güzəştli kateqoriyaya daxil olan digər vətəndaşlar əlavə problemlə üzləşmək məcburiyyətində qalırlar. Hikmət müəllim Şirvanda necə işləyibsə, burda da elə işləyir. Müsbətə doğru heç nə dəyişməyib”.

Bu arada, vurğulayaq ki, bir müddət əvvəl “Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti” İctimai Birliyinin sədri Növrəstə Yusifova mətbuata müraciətində Bakı Sağlamlıq Mərkəzində özbaşınalıq və qanunsuzluq hallarının olmasını bildirmişdi. Onun sözlərinə görə, tibb personalına daxil olan şəxslərin çoxu xəstələrə mənfəət vasitəsi kimi baxır: “Xəstələrə dərmanlar verilmir, özümüz aldığımız iynəni bizə 5 manata vururlar. Mərkəzdə verilən qidaların keyfiyyəti aşağı olduğundan xəstələrin qohumu tərəfindən meyvələr gətirilir. Mühafizə xidməti bunu bizə vermir. Mərkəzin dəhlizində su aparatları yoxdur. Xüsusən gecə saatlarında su içmək üçün qapı-qapı düşüb içməli su axtarışına çıxırıq. Qida az olduğundan və mühafizə xidməti içəri yemək buraxmadığından bəzi xəstələr hətta mərkəzdən kənarda yemək məcburiyyətində qalırlar”. Bütün bunlar onu göstərir ki, Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyi dövlətin tibbə və insan sağlamlığına yönəltdiyi diqqətdən sui-istifadə edir. Səhiyyə naziri Oqtay Şirəliyevə demək istəyirik ki, etimad göstərib direktor təyin etdiyi Hikmət Həsənov mərkəzə lazımi səviyyədə rəhbərlik edə bilmir. Həm pasiyentlər, həm də tibb personalı onun fəaliyyətindən narazıdır. Odur ki, sözügedən səhiyyə müəssisəsində təcili yoxlamalara ehtiyac var. Bu ittihamlara aydınlıq gətirmək məqsədilə mərkəzin (012) 440-96-33 nömrəli əlaqə telefonuna zəng vursaq da, dəstəyi qaldıran olmadı. Qarşı tərəfin də münasibət bildirmək hüququ var.

gundelik-baku.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR