Səhiyyə Nazirliyi “donuz qripi” ilə broşurlarla mübarizə aparır?

1425461294_sn_71452867436Səhiyyə Nazirliyi “donuz qripi”nə qarşı əhali arasında maarifləndirmə işini davam etdirir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu məqsədlə “donuz qripi”nə qarşı özünü qorumaq üçün əhalinin bilməsi zəruri olan tövsiyələri əks etdirən broşur hazırlanıb.

Bildirilir ki, “donuz qripi”nə qarşı qorunmaq üçün xəstə görünən, hərarəti olan və öskürən şəxslərlə təmasda olmamalı, tez-tez əllərini sabunla yumalı, sağlam həyat tərzi keçirməli, kifayət qədər yatmalı, yaxşı qidalanmalı və fiziki aktiv olmalıdır.

“Evdə xəstəyə baxarkən xəstəni digər ailə üzvlərindən təcrid etmək (ən azı 1 metr məsafədə saxlamaq), xəstə ilə təmasda olarkən ağız və burunu maska ilə örtmək, xəstənin istifadə etdiyi məişət əşyalarını təmiz yumaq, xəstə ilə hər bir təmasdan sonra əlləri təmiz yumaq, xəstə olan otağın havasını mütəmadi olaraq dəyişmək, xəstənin olduğu mühiti kifayət qədər təmiz saxlamaq lazımdır”, –  deyə broşurda qeyd olunub.

Broşurda o da qeyd olunub ki, əgər xəstədə hərarət, ümumi halsızlıq, öskürək və ya boğaz ağrısı olsa, mütləq evdə qalın işlədiyiniz yerə və ya təhsil müəssisəsinə getməkdən, habelə kütlə ilə təmasdan çəkinin, kifayət qədər istirahət edin və çoxlu miqdarda maye qəbul edin, öskürdükdə və ya asqırdıqda ağzınızı və burnunuzu birdəfəlik tənziflə örtün, silin və bu tənzifi ayrıca zibil qutusuna atın, mütəmadi olaraq, xüsusilə öskürdükdə və ya asqırdıqda əllərinizi sabunla təmiz yuyun, insanlarla təmasa girməmək üçün ailə üzvlərinizə və yaxınlarınıza xəstəliyiniz haqda məlumat verin: “Xəstəliyin ilk simptomları baş verdikdə sahə həkiminə evə çağırış edin. Ağır vəziyyətdə və ya işdən kənar vaxtda təcili tibbi yardıma müraciət edin”.thumb_20160115064708853-300x225

“Donuz qripi” yüksək dərəcədə yoluxucu xəstəlik hesab olunur və  bu xəstəlik hava-damcı yolu ilə yoluxa bilir.  “Donuz qripi”nin simptomları yüksək  temperatur, titrətmə və hərarət ilə müşahidə olunur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə,  son 5 ay ərzində “donuz qripi”nə 285 min 138 nəfər yoluxub, 3635 nəfər ölüb. Təşkilat rəhbərliyinin fikrincə, xəstəlikdən müdafiə üçün ən səmərəli və iqtisadi cəhətdən əlverişli vasitə peyvənddir.

Səhiyyə Nazirliyinin açıqlamasını Qafqaznews.org  saytına şərh edən 8 №-li poliklinikanın baş həkimi Tamilla Kərimova deyib: “əlləri yumaq, sağlam həyat tərzi sürmək və fiziki cəhətdən aktiv olmaq lazımdır ki, “donuz qripi”ndən uzaq qalasan”.

T.Kərimova vurğulayıb ki, “donuz qripi” nin ciyərləri ildırım sürəti ilə yoluxdurur: “Buna görə də, ilk simtompların görüldüyü anda həkimə müraciət etmək lazımdır. Bu xəstəliyə nə qədər çevik reaksiya verilsə, yoluxmamaq şansı daha çox olar”.

“ÜST-nin məlumatına görə, “donuz qripi”nə qarşı ən səmərəli mübarizə üsulu peyvənddir”, – deyə müxbirimiz xatırladıb.

Baş həkim bildirib ki, peyvənd çox  baha başa gəlir.

“Amma dövlət əhalini yoluxmadan qorumalıdır”, – deyə əməkdaşımız qeyd edib.

“Bəli, amma bizdə ümumi peyvənd aparılmır”, – deyə T.Kərimova əlavə edib.

Rəşad Rüstəmov

Qafqaznews.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR