“Azərbaycan istəsə, Formula 1-dən imtina edə bilər, amma…” – Nazir

19957“Formula 1 yarışları üçün Azərbaycan 10 illik müqavilə imzalayıb. İlk 5 il ərzində biz bu yarışları keçirməkdən imtina etsək, cərimə ödəməliyik”.

Qaynar.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov deyib. O vurğulayıb ki, “5+5” illik müqaviləyə görə, yalnız ikinci 5 ildə Azərbaycan yarışları keçirməkdən imtina edə bilər.

Nazir Formula 1 yarışlarının Azərbaycanda keçirilməsi üçün 34 milyon manat ödənilməsinə münasibət bildirərkən deyib ki, təşkilati işlər üçün 12 milyon manat ayrılıb, yarışlarının keçirilməsi üçün verilən vəsait isə kommersiya sirridir.

“Formula-1″in büdcəsi 12 milyon manat idi. Hazırda asfalt örtüyünün dəyişilməsi işləri gedir. Azadlıq meydanında 300 metr uzunluq, 21 metr enlilikdə pitstop binasının tikilməsi işləri gedir. Xüsusi hasarlar qurulur, kanalizasiya lukları dəyişdirilir. Formula 1 rəsmisi heç bir söz deməyib, İtaliyada hansısa bir insan açıqlama verib. O adam müqaviləni görməyib. Bu, ikitərəfli müqavilədir və məbləğ kommersiya sirridir. Formula 1-in büdcəsi 2 hissədən ibarətdir: birincisi hər il ödənən haqq, ikincisi isə təşkilati xərclərdir. Onun da açıqlaması tam şəkildə veriləcək”, – Azad Rəhimov belə deyib.

Qeyd edək ki, İtaliya Avtomobil Klubunun rəhbəri Stiççi Damiani ötən ay verdiyi açıqlamasında ölkəmizin Formula 1 rəhbəri Berni Ekklstouna 3 il ərzində təxminən 150 milyon dollar ödəyəcəyini bildirmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR