Azərbayanda real inflyasiya nə qədərdir?

inflyasiyaAzər Mehdiyev: “Azərbaycan iqtisadiyyatı son bir ildə ciddi sarsıntı keçirdi”

Vahid Əhmədov: “Bayram ərəfəsində qiymətlər artıb, inflyasiya göstəricisinə bu da təsir edir”

Eyyub Hüseynov: “Dövlət Statistika Komitəsinin son məlumatı ictimaiyyəti aldatmağa xidmət edir”

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 11,7% bahalaşıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ərzaq məhsullarının qiymətləri 14,8%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,7%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4% artıb (APA).

Beləliklə, Dövlət Statistika Komitəsinin məlumatına inansaq,  Azərbaycanda illik inflyasiya 12 faizə yaxınlaşıb. Bu, özlüyündə kiçik rəqəm deyil. Lakin keçən ilin fevralından bəri manatın məzənnəsinin iki dəfə düşməsini nəzərə alsaq, 11,7 faiz göstəricisi reallığa nə dərəcədə uyğundur?скачанные файлы

Qafqaznews.az-ın bu sualına cavab verən iqtisadçı-ekspert  Azər Mehdiyev bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatında bazardakı real mənzərə yetərincə əks olunmayıb.

“Adətən, komitədə inflyasiyanı hesablayarkən 600-ə yaxın məhsulun qiymətlərini nəzərə alırlar. Lakin çox güman ki, keçən ilin fevral ayından bəri 2 dəfə baş verən devalvasiya dalğaları yetərincə nəzərə alınmayıb. Şübhəsiz ki, bu devalvasiya ərzaq qiymətlərinə də təsir edib”.

Əməkdaşımızın “əslində inflyasiya nə qədərdir?” sualına ekspert belə cavab verib: “Dəqiq deyə bilmərəm, bunun üçün diqqətli təhlil aparılmalıdır. Amma düşünürəm ki, real inflyasiya Dövlət Statistika Komitəsinin açıqladığından daha çoxdur. Azərbaycan iqtisadiyyatı son bir ildə ciddi sarsıntı keçirdi”.

Onun sözlərinə görə, bu il ölkə iqtisadiyyatında stabilləşmə ehtimalı azdır: “Neftin qiymətində də ciddi bahalaşma gözlənilmir. Fikrimcə, bir barelin qiyməti 35-45 dollar arasında var-gəl edəcək”.

Milli Məclisin üzvü, müstəqil deputat Vahid Əhmədov Dövlət Statistika Komitəsinin məlumatına inanmağı təklif etsə də, açıqlanan rəqəmlərin reallıqla fərqləndiyini istisna etmir.

img1707592“Bu, rəsmi məlumatdır. Əlbəttə, biz rəsmi məlumata inanmalıyıq. Amma müəyyən qədər fərqlər də ola bilər. Mən yanvar ayında bu göstəricini daha az olaraq bilirdim, amma bu ay rəqəmlər artıb. Bizdə ənənə var… Bayram ərəfəsində qiymətlər artıb, inflyasiya göstəricisinə bu da təsir edir. Bəli, bir ildə manat 100 faiz devalvasiyaya uğrayıb. Çoxu düşünür ki, inflyasiyada məhz bunu nəzərə almaq lazımdır. Lakin komitə hesablamalarını ərzaq səbəti əsasında aparır”.

V.Əhmədov qeyd edib ki, bəzən komitənin məlumatlarında göstəricilər aşağı olur: “Ola bilər ki, ora 300 məhsul daxil edirlər, ya da gündəlik və ya az istifadə olunan məhsulların qiymətləri hesablanır… Bu, səbətdə hesablanan məhsulların qiymətindən asılıdır. Amma düşünürəm ki, fərq çox yüksək deyil. Ola bilər 5 faiz az göstərilib, ya da 2 faiz, 1 faiz… Fərq elə də yüksək olmaz”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə hesab edir ki, real inflyasiya 35-40 faizdir: “Biz monitorinq aparmamışıq, amma hər gün onlarla zəng daxil olur, məhsulların qiyməti həddən çox bahalaşıb. Statistika Komitəsinin məlumatı reallığı əks etdirmir. Düşünürəm ki, bu məlumat ictimaiyyəti aldatmağa xidmət edir”.9263_src

AİB sədrinin sözlərinə görə, Dövlət Statistika Komitəsi öz hesablamalarını sovet dövründən qalan metodika ilə aparır: “Onlar köhnə üsulla işləyirlər. Ona görə də, komitənin məlumatlarına çox da etibar etmək olmaz. Real inflyasiya 3 dəfə çoxdur”.

E.Hüseynov bahalaşmada sahibkarları günahkar çıxarmağın da əleyhinədir: “Sahibkarlar nə etsinlər? Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır. Dövlətin əlində rıçaqlar var, bazarda bolluq yaradılmalı, monopoliyalar aradan qalxmalıdır. O zaman biz bu mövzuda daha nikbin danışa bilərik”.

Rüfət Əhmədzadə

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR