Şərqşünas-iranşünas alim Boris Nikolayeviç Zaxoderin şəxsi kitabxanasının təqdimatı keçirilib

Foto-1Mərkəzi Elmi Kitabxanada görkəmli şərqşünas-iranşünas alim Boris Nikolayeviç Zaxoderin şəxsi kitabxanasının təqdimatı keçirilib.

AMEA Mərkəzi Elmi Kitabxananın Mətbuat xidmətindən   Qafqaznews.az-a verilən məlumata görə  təqdimatla bağlı şıxış edən MEK-in direktoru Leyla İmanova 2000 nüsxədən artıq ədəbiyyatı olan Şərq Ədəbiyyatı Fondunda uzun illərdir şərqşünas alimlərimizin diqqətini cəlb edən nadir əsərlərlə zəngin kolleksiyaların olduğunu bildirib. Qeyd edib ki, 1984-cü ildə çapdan çıxmış “B.N.Zaxoderin Şəxsi Kitablarının Kataloqu” fondun böyük tarixi əhəmiyyətli elmi-bədii əsər və nadir nüsxələri oxuculara geniş məzmunda çatdırmaq nöqteyi nəzərdən xüsusilə əhəmiyyətlidir.

Sonra təqdimatla çıxış edən MEK-in Şərq Ədəbiyyatı Fondunun rəhbəri Aidə Hüseynova Yaxın və Orta Şərq tarixi üzrə görkəmli şərqşünas-iranşünas alim Boris Zaxoderin şəxsi kolleksiyası haqqında  məlumat verib. 75 elmi əsərin müəllifi olan B.N.Zaxoderin şəxsi kitabxanasında nadir kitabların olduğunu deyən fond rəhbəri bu kitabların respublikada yeganə nüsxə olaraq ancaq Mərkəzi Elmi Kitabxanada qorunub saxlanıldığını deyib. A.Hüseynova buna nümunə kimi Nəsirəddin Tusinin “Risalələri”nin (1335) adını vurğulayıb.

A.Hüseynova həmçinin kolleksiyada Katib Çələbinin “Kəşkül-Zünun” (1310), Mahmud Qaşqarinin “Divani-mücətit-hürr” (1333), Səid Nəfisinin “Babək Xürrəme Din Delavəre Azərbaycan” (1333) və “Tarixe Təməddone İRan Sasani” (1321) əsərləri, Əbu Əli İbn Sinanın (980-1037) “Kitabul-uyumu-hikmət”, “Kitabüş-şəfa”, Firdovsinin “Şahnamə”, Əbülqazi Bəharın “Şəcəreyi-türk” və İbn-əl-Əsərin 3 cilddə “Tarixu-l-kamil” əsərinin yer aldığını qeyd edib. Bundan başqa Əbül Qasım Səhabın “Tarixe zendeqane Şah Abbas Kəbir” (1325), Həsənəli Vəzirinin “Kəmalü-l-Mülk” (1315), Muhəmməd Təqi Mostafanın “Nasihu-t-Təvarix” (1315), Təbəri Əbu Cəfər Məhəmməd bin Cəririn “Tarixu-l-Uməm va-l-Muluk” (1483), Nizamu-l Mülk Əbu Əli Həsən bin Əlinin “Siyasətnamə” (1897), Hadi Hedayətinin “Tarixe Zendiye İran dər zəmane Kərim xan”, Nizaməddin Saminin “Zəfərnamə”sini və başqa kitabları təqdim olunub.

Fond rəhbəri B.N.Zaxoderin kolleksiyasında rus dilində nəşr olunmuş bir çox qiymətli kitabların da olduğunu vurğulayıb ki, bunlardan Baron Tornaunun 1866-cı ildə Sankt-Peterburqda nəşr olunmuş “Мусульманское право”, V.A.Proxorovun “Констан kilsəsi” (1875), V.V.Bartoldun “Мусульманский Мир” (1922) və “Култура Мусульманства” (1918), N.P.Ostroumovun “İsgəndər Zülqərneyn” (1826) və “Коран” (1912), Sədinin “Gülüstan” (1882) və “Bustan” əsərləri, məşhur ədəbi abidələr olan “Kəlilə və Dimnə” (1934), “Qabusnamə” (1953), A.Bakıxanovun “Gülüstani-İrəm” (1926) və digər kitabların adları çəkilib.

Təqdimatda B.N.Zaxoderin şəxsi kolleksiyasında Şərq ədəbiyyatına, tarixinə, fəlsəfə və hüquqa aid Avropa dillərində kitabların da yer aldığı bildirilib. Qeyd olunub ki, bu nəşrlərdən V.Ceksonun “Qədim İran Ədəbiyyatı” (London, 1909), E.Braunun “İran Tarixi” (London, 1906), Vaşinqton İrvinqin “Məhəmməd Peyğəmbərin həyatı” (Paris, 1876), Minorskinin “Şirvan və Dərbənd tarixi” (Kembric, 1958), Mirzə Kazımbəyin “Dərbəndnamə” (1851) və Əbdül Kərim İbn Məhəmməd əs-Səlmaninin “Kitabül-ənsab”ı (London, 1912)  olduqca qiymətlidir.

A.Hüseynova alimin zəngin şəxsi kitabxanasında dünyaca məşhur türk yazılı abidələrindən “Kutadğu-Biliğ”in də yer aldığını vurğulayıb. Qeyd edib ki, bu məşhur yazılı abidənin Viyana, Fərqanə və Misir nüsxələri (1941, 1942, 1943) də mövcuddur və hər üç nüsxə fondda mühafizə olunur.

Tədbirin sonunda kolleksiyanın daha geniş şəkildə təqdimatı məqsədilə fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Foto-4 Foto-2 Foto-3

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR