TQDK tarixə qovuşdu; yeni qurum nə vəd edir?

img1906917Firudin Cəlilov: “Bu qurum təkcə tələbələrin qəbulunda yox, həm də müəllimlərin, direktorların seçilməsində, olimpiyadalarda iştirak etməlidir”; Etibar Əliyev: “Prezidentin bu fərmanı biliklərin qiymətləndirilməsinin daha təkmil formada həyata keçirilməsinə şərait yaradacaq”
Məlahət Mürşüdlü: “Söhbət testin ləğvindən getmir”
Prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması, eləcə də Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğvi haqqında fərman imzalayıb. Fərmana əsasən bu iki qurum ləğv olunur və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.

Fərman təhsil müəssisələrinə tələbə qəbulunun beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını nəzərdə tutur. Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs Azərbaycanda dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsini, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə, AMEA-da magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılır. Qurumun idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır.

Şura sədrinin, sədr müavinlərinin və digər üzvlərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi prezident tərəfindən həyata keçirilir. Yeni yaradılan qurumun necə fəaliyyət göstərəcəyi, test imtahanlarında hansısa dəyişikliklərin edilib-edilməyəcəyi isə cəmiyyətdə sual doğuran əsas məqamlardan biridir.

Təhsil ekspertləri yeni qurumun yaradılmasının müsbət tendensiya yaradacağını deyirlər.

Sabiq təhsil naziri Firudin Cəlilov “Yeni Müsavat”a açıqlamasında TQDK-nın ləğvini və yeni qurumun yaradılmasını alqışladı və bu təklifi illər öncə səsləndirdiyini vurğuladı: “Mən bu islahatı çoxdan gözləyirdim. Bizim TQDK-nı yaratmaqda məqsədimiz o idi ki, bu sistem qurulsun, bir neçə ilə sistem oturuşsun, daha sonra ümumiyyətlə, qəbul imtahanları ləğv olunsun. Bu mənada TQDK-nı ancaq tələbə qəbuluna işlətmək düzgün deyildi. Biz onu yaradanda fikirləşmişdik ki, bugünkü kimi müxtəlif sahələrdən bu quruma sifariş verilsin. TQDK da sifariş verən qurum üçün imtahan keçirsin. Məsələn, dövlət qulluğunda müxtəlif sahələrə, Xarici İşlər Nazirliyi, Gömrük Xidmətinə və digər sahələrə işçi qəbulunun həyata keçirilməsində bu qurum iştirak edir. Çünki bunların təcrübəsi var, imtahan proqramı var. Yəni biz bu qurumu təkcə tələbə qəbul etmək üçün yaratmamışdıq. Təəssüf ki, 20 il ərzində mənim dediklərim havada qaldı və indi bunu reallaşdırıblar”.

Test imtahanlarının bundan sonra necə həyata keçiriləcəyinə gəlincə, Firudin Cəlilov bildirdi ki, bu haqda məlumatlı deyil: “İndi test imtahanlarının necə keçiriləcəyini mən deyə bilmərəm. Ancaq mənim təklifim belə olub ki, qəbul məsələlərini qaydaya salandan sonra, orta məktəblərdən buraxılış imtahanı həm də qəbul imtahanı olsun. Burada həm də ixtisaslar müəyyənləşsin ki, hansı abituriyent hansı sahəyə gedə bilər. Sonrakı mərhələ isə abituriyentlərin özlərindən asılıdır. Oxumaq istəyirsə, gedib sənədlərini verib özü oxuyur, oxumaq istəməyən də sənəd vermir. Daha sonra, birinci semestrdən sonra institutlarda ələnmə gedir, oxuya bilən qalır, oxuya bilməyən isə gedib başqa sahəyə yönəlir. Bu, dünya təcrübəsində mövcud olan bir sistemdir və mən gözləyirəm ki, nə vaxtsa Azərbaycanda da olacaq”.

Sabiq təhsil naziri qeyd etdi ki, Dövlət İmtahan Mərkəzi sifariş qəbul edən bir quruma çevrilməlidir: “Təhsil Nazirliyi də bu quruma tələbə qəbulu ilə bağlı sifariş verməlidir. Təkcə tələbələrin qəbulunda yox, həm də müəllimlərin, direktorların seçilməsində, olimpiyadalarda bu qurum iştirak etməlidir”.

Təhsil eksperti Etibar Əliyev isə”Yeni Müsavat”a açıqlamasında TQDK-nın bu günə qədərki fəaliyyətini müsbət qiymətləndirdi: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yarandığı gündən şərəfli tarixi yol keçib. Və ölkədə ən nüfuzlu qurumlardan biri olub. TQDK təkcə abituriyentlərin biliklərini qiymətləndirmirdi. Bu qurumun genişlənmiş fəaliyyəti ilə adı arasında bir uyğunsuzluq mövcud idi. Nə vaxtsa biliklərin qiymətləndirilməsinin vahid mərkəzi yaradılmalı idi. Biz bunu təhsil eksperti kimi dəfələrlə vurğulamışıq. Yeni qurumun Dövlət İmtahan Mərkəzi adlandırılması doğrudur. Bu mərkəz Azərbaycanda dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsini, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılıb. Əslində göstərilən istiqamətlərdə biliyin qiymətləndirilməsində müəyyən sistemsizlik mövcud idi və prezident fərmanı bu işlərin müəyyən sistem halına salınmasına şərait yaradacaq”.

Etibar Əliyevin fikrincə, TQDK-nın tətbiq etdiyi imtahan fəlsəfəsi saxlanılacaq: “Çünki bu təcrübə artıq oturuşub və hələlik alternativi də yoxdur. Sadəcə, işlərin uzlaşdırılması prosesi həyata keçiriləcək ki, bu da əhəmiyyətli məsələdir. Prezidentin bu fərmanı cəmiyyət üçün çox böyük əhəmiyyət kəsb edən biliklərin qiymətləndirilməsinin daha təkmil formada həyata keçirilməsinə şərait yaradacaq. Daha mühüm bir məqam ondan ibarətdir ki, bu fərman həm də biliklərin qiymətləndirilməsinin ierarxiyasını müəyyənləşdirdi. Bunun özü də çox önəmli məsələdir”.

Etibar Əliyev həmçinin bu quruma verilən əlavə səlahiyyətləri də müsbət qiymətləndirdi: “Bütün bunlarla yanaşı, yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarının keçirilməsi, imtahan fənləri üzrə qəbul proqramlarının hazırlanması və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla təsdiq edilməsi, həmçinin ölçmə-qiymətləndirmə materiallarının nümunələrinin hazırlanması bu yeni quruma həvalə olunub. Göründüyü kimi, qurumun şəffaf və obyektiv fəaliyyəti üçün xeyli səlahiyyətlər verilib. Dərsliklərdəki qüsurların aradan qaldırılması məqsədilə mərkəzin daha səmərəli çalışması naminə ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərs və digər tədris vasitələrinin Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodik monitorinqini həyata keçirmək səlahiyyətini də müsbət qiymətləndirmək olar. Cari tədris ilinin abituriyentləri bilməlidirlər ki, imtahanların təşkili və formatında dəyişiklik aparmaq mümkün deyil. Buna görə də imtahanqabağı hansısa narahatçılığa heç bir əsas olmamalıdır. Bu qurumun yaradılması biliyin qiymətləndirilməsi işinin daha da yaxşılaşdırılmasına xidmət edəcək”.

Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu çox doğru bir dəyişiklikdir: “TQDK-nın funksiyası adının daşıdığı məzmundan daha geniş idi. Bütün qəbul proseslərinin bir qurumda birləşdirilməsi həyata keçirilməli idi. Yeni yaradılan qurum daha geniş profilli imtahanlar həyata keçirəcək. Mən test sisteminin ləğv ediləcəyinə inanmıram. Mən fərmandan da belə başa düşdüm ki, söhbət testin ləğvindən getmir. Gələcəkdə ola bilər test ləğv edilsin. Lakin hazırda ən obyektiv seçim vasitəsi testdir. Testin ləğv edilməsinə yox, təkmilləşdirilməsinə ehtiyac var”.

musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR