“Sumqayıt Prokurorluğu sələmçilərlə bağlı şikayəti düzgün araşdırmayıb”

prokurorMirvari Qəhrəmanlı: “Bir tərəfdən ata və qızını aldadıb evsiz qoyublar, digər tərəfdən isə Elza Xələfova övladının əməliyyatına pul tapmır”

Mehman Muradlı: “Hüquq-mühafizə orqanlarında buna oxşar yüzlərlə şikayət üzrə cinayət işi açılıb”

İyunun 28-də Legion.az saytında “Sumqayıt Prokurorluğunda səhlənkarlıq: vətəndaşın ərizəsi ətraflı araşdırılmayıb?– FOTOFAKT” başlıqlı yazı dərc olunmuşdu. İyunun 10-da Kavkaznews.az-da “Sumqayıtda sələmçilər övladı xəstə olan qadını aldatdılar” başlıqlı yazı dərc olunmuşdu.Sumqayıt sakini Elza Süleyman qızı Xələfovanın sözlərinə görə, o, mənzilini ələ keçirən cinayətkar qruplaşmanın qurbanı olub. Elman Əliyev adlı şəxs onu Rövşən Mahmudov adlı sələmçi ilə əlaqələndirib və notariusda atası Süleyman Xələf oğlu Xələfovun adına olan evlə bağlı “alqı-satqı” edərək (“Muğanbank”dakı hesab 40 min manat yatırıb, sonra ondan almaqla), 18 min manatlıq sələm borcuna salıb. Bu pulu isə E.Əliyev ondan guya “Qafqaz İnkişaf Bankı”ndan 50 min manatlıq ipoteka krediti üçün “şapka” olaraq alıb. Lakin pul da gedib, ipoteka vədləri də, mənzil də. Övladı xəstə olan, əməliyyata pul tapmaq ümidi ilə fırıldaqçıların toruna düşən ana isə kor-peşman mətbuata üz tutub…13523676_1016442031755372_1989386141_o Lakin burda dayanaq! İyunun 28-də E.Xələfova ilə əlaqə saxladıq. O bizə bildirdi ki, atası S.Xələfov 2015-ci ilin dekabrın Sumqayıt Şəhər Prokurorluğuna müraciət edib: “Ordan bu iş göndərilib Sumqayıt ŞPİ 2-ci polis bölməsinə, bu il fevral ayının 4-də 2-ci PB-nin rəisi Ramiz Əlişanov bizə cavab yazdı ki, bu, mülki məsələdir.

Biz bu dəfə Respubika Baş Prokurorluğuna müraciət etmişik. Fevralın 29-da Müraciətlərə Baxılması İdarəsinin rəis müavini Aynur Osmanova Sumqayıt prokuroru Sərdar İmanova məktub yazaraq, surətini də atamın adına göndərdi. Həmin məktuba görə, Sərdar İmanov atamı prokurorluğa dəvət edib dinləməli, məsələni araşdırmalı idi. Lakin bu baş vermədi. Martın 12-də Sumqayıt şəhər prokurorunun müavini Kamran Mahmudovdan cavab gəldi ki, guya biz mənzilimizi “Muğan Bank”a girov qoyub götürdüyümüz 40 min manatı Kənan adlı şəxsə vermişik və buna görə şikayətçiyik. Bizim “Muğan Bank”la heç bir girov işimiz olmayıb. Sadəcə sələmə pulverilərkən, Rövşən Mahmudov və dostu Kənan Mustafayev alqı-satqı müqaviləsi imzalanan zaman formallıq üçün atamın hesabına pul yatırıblar, sonra da geri alıblar. Bu barədə məktubda yazdığımız halda, heç bir araşdırma aparılmayıb. Bizi prokurorluğa da dəvət etməyiblər… Artıq bilmirəm hara şikayət edim. Üç aydır Sumqayıt Şəhər Prokurorluğuna nə qədər müraciət etsəm də, heç bir nəticəsi yoxdur”.

Biz Süleyman Xələfəvun şikayət ərizəsinə də, Sumqayıt Şəhər Prokurorluğundan Kamran Mahmudovun imzası ilə olan 12 mart tarixli cavab məktubuna da nəzər saldıq. Həqiqətən də, məktubda qeyd olunur ki, guya vətəndaş Süleyman Xələf oğlu Xələfov yaşayış evini “Muğan Bank”a girov qoymaqla 40 min manat pul götürüb… nəhayət , prokurorluq bu məsələni mülki olaraq dəyərləndirib. 13552680_1016955231704052_1987429495_nElza Xələfova bizə S.Xələfovun adına olan mənzilin alqı-satqısına dair notariatdan çıxarışını da göndərdi. Beləliklə, qarşımızda bir məsələ qaldı: prokuror müavini Kamran Mahmudovun qeyd etdiyi “girov” məsələsini “Muğan Bank”ın məlumat bazasında dəqiqləşdirmək. Ona görə də, “Muğan Bank”ın baş mühasibi Arzu xanımla əlaqə saxlayaraq, Süleyman Xələf oğlu Xələfov və ya Elza Süleyman qızı Xələfovanın adına hər hansı girov-kredit əməliyyatının olub-olmadığını yoxlamağı xahiş etdik.

Məlum oldu ki, ümumiyyətlə, “Muğan Bank”ın bütün respublikadakı filiallarında S.Xələfov və E.Xələfovanın girov qoyub pul götürməsi faktı olmayıb. Bəlkə, hörmətli prokuror müavini Kamran Mahmudov şikayət ərizəsini yaxşı oxumayıb, başa düşməyib, ya da çox məşğul olduğuna görə, araşdırmaya lüzum belə görməyib?

Təəssüflər olsun ki, Kamran Mahmudovla gün ərzində əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı – çünki hörmətli prokuror müavininin iş nömrəsində zənglərimizə cavab verən olmadı. İyunun 29-da araşdırmanı davam edərək, yenidən Sumqayıt Şəhər Prokurorluğuna zəng etdik. Kamran Mahmudovla əlaqə saxlamaq cəhdlərimiz yenə boşa çıxdı, lakin dəftərxanadan bu işə baxan müstəntiqin Orxan Hacıyev olduğunu öyrəndik. Orxan Hacıyevə də dəfələrlə zəng etdik, lakin onu işdə tapa bilmədik.

Respublika Baş Prokurorluğu Müraciətlərə Baxılması İdarəsinin rəis müavini, Vətəndaşların Qəbul Şöbəsinin rəisi Aynur Osmanova ilə əlaqə yaratmağa çalışdıq. Sözügedən şöbənin xanım əməkdaşı (adını bizə bildirmədi – red) Legion.Az-a bildirdi ki, A.Osmanova istirahətdədir: “Bu mülki-prosesual məsələdir… Əgər vətəndaş narazıdırsa, yenidən müraciət etsin”.

Bu məsələni Legion.az-a şərh edən hüquqşünas Mehman Muradlı bildirdi ki, məsələ nə qədər dolaşıq olsa da, diqqətlə incələdikdə, ortada mütəşəkkil bir dəstənin olduğu aydın görünür.meh4 “Mən sizin saytınızda gedən yazıları və sənədlərin surətlərini incələdim. Orda cinayət faktı var. Fikrimcə, həm sözügedən hadisədə, həm də verilən cavabda dələduzluq və korrupsiya elementləri hiss olunur. Həmçinin, “Nikoil Bank” və “Qafqaz İnkişaf Bankı” ilə bağlı da suallar yaranır. Prokurorluq məsələni düzgün araşdırmalıydı. Ola bilər ki, ilkin mərhələdə bu şikayətə sahə müvəkkili səviyyəsində baxılıb, Sumqayıt şəhər prokuroru Kamran Mahmudovun araşdırmadan verdiyi cavab isə məhz 2-ci Polis bölməsinin qərarına söykənib. İstənilən halda, vətəndaş çağırılmalı, dinlənilməli idi. Axı “Muğan Bank”ın bura nə dəxli var? Prokurorluq nəyə əsasən, məsələni yoxlamadan vətəndaşın o banka girov qoyub pul götürdüyünü iddia edir? Bu cavabda da korrupsiya elementləri nəzərə çarpır”. Hüquqşünasın fikrincə, vətəndaş bu qərarı və başına gələnləri ayrıca şikayət məktubunda toplayaraq, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edə bilər.

“Ölkənin prokurorluq orqanlarında, polis bölmələrində buna oxşar, hətta daha yüngül yüzlərlə şikayət var ki, onların əsasında cinayət işi açılıb. Sumqayıt şəhər prokuroru Sərdar İmanov və ya onun tabeliyində çalışan müstəntiqlər bu məktubu yaxşı oxuyub araşdırsaydı, cinayət işinin başladılması üçün əlavə “zəhmət”ə ehtiyac qalmayacaqdı”, – deyə M.Muradlı əlavə edib.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da hesab edir ki, Sumqayıt Şəhər Prokurorluğunun 12 mart 2016-cı il tarixli cavabında korrupsiya elementləri hiss olunur. “Bu qərarın özündən də daha yuxarı instansiyalara şikayət olunmalıdır. Kamran Mahmudov cavab verməlidir ki, nəyə əsasən məsələyə elə yanaşıb və niyə şikayətçini dinləməyib? Bilmirəm, orda adıkeçən tərəfləri çağırıb ifadələrini alıblar, ya yox…662B50E7-A3ED-4372-A876-96826E56D20C_mw1024_n_smirvard Amma çox təəssüf ki, sözügedən məsələyə ciddi yanaşılmadığı aydın hiss olunur. Bir tərəfdən ata və qızını aldadıb evsiz qoyublar, digər tərəfdən isə Elza Xələfova övladının əməliyyatına pul tapmır. Xanım həm Respublika baş prokuroru Zakir Qaralova, həm Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə, həmçinin də Respublika Korrupsiyaya qarşı Mübarizə Komissiyasının sədri, PA rəhbəri Ramiz Mehdiyevə də şikayət ərizəsi yaza bilər. O, öz şikayət məktubunda Sumqayıt prokurorluğunun başdansovdu yanaşmasından da şikayət edə bilər və bu, onun konstitusyon haqqıdır”.

13553180_1016955235037385_2091130717_n - копияXatırlatma: Elza Xələfovanın Qafqaz Xəbər Agentliyinə yazdığı ərizədə deyilir ki, bütün bu hadisələr övladının əməliyyatı üçün təcili pul axtarışına çıxandan sonra başlayıb: “Mənim üç uşağım var. Ortancıl oğlumun ürəyi xəstədir. O, təcili əməliyyat olunmalı idi. Əməliyyat üçün bizdən böyük məbləğdə pul tələb olundu. Bunun üçün mənzilimi girov qoyub bankdan pul götürmək qərarına gəldim. Bu məqsədlə Nikoil Bank”-ın Sumqayıtdakı filialına müraciət etdim. Bankın Ruslan adlı əməkdaşı dedi ki, “Nikoil Bank” mənzil girov qoymaqla kredit vermir. “Amma mən sizi bir adamla tanış edərəm ki, sizə ipoteka krediti götürməyə kömək edə bilər”, – deyə Ruslan mənə bildirdi. O, məni Elman Əliyev adlı biriylə tanış etdi. Elman Əliyev dedi ki, ən yaxşısı, bir hərbçinin adına kredit götürməkdir, çünki banklar hərbçilərə ipoteka kreditini 2 faizə verirlər. O mənə söz verdi ki, hərbçini özü tapacaq, 50 min manat dəyərində bank krediti almağa nail olacaq. Buna görə isə, Elman Əliyev mənim 18 min dollar ona “otkat” verməli olduğumu dedi”.

Xələfovanın sözlərinə görə, onun belə pulu yox idi və öz atası Süleyman Xələfova müraciət edib: “O isə mənə dedi ki, cəmi iki min manat pulu var. O zaman Elman Əliyev belə bir plan təklif etdi. Mən adam taparam ki, sizə ayda 10 faizlə 18 min manat sələmə pul verər. Bu pulları isə mən “şapka” kimi Elmana verməliydim. Elman da öz növbəsində Qafqaz İnkişaf Bankının Sumqayıtdakı filialınından 50 min manat kredit almağıma kömək edəcəkdi. Sələmçiyə borcumu hesablamaqla, qalan məbləğ mənə qalmalı idi. Bu, riskli əməliyyat idi. Amma mənə təcili pul lazım idi və buna razılaşmağa məcbur idim”. O tezliklə sələmçi ilə də tanış olduğunu deyir:“Sələmə pul verən şəxs Rövşən Mahmudovdur.O, mənə 10 faizlə 18 min manat sələmə borc verməyə razılaşdı, amma bir şərtlə: “siz mənimlə evinizin alqı-satqısına dair yalançı müqavilə bağlayırsınız. Elman dedi ki, narahat olmayım. Qafqaz İnkişaf Bankından kredit alınan kimi, mənim mənzilim onun tapdığı hərbçinin adına keçiriləcək, o isə bizə etibarnamə verəcək. Mən razılaşmağa məcbur idim. 2015-ci il sentyabrın 15-də Rövşən Mahmudov evimizə baxmağa gəldi, sentyabrın 16-da isə alqı-satqı müqaviləsi bağlandı. Rövşən Mahmudov dostu Kənan Mustafayev və atam Süleyman Xələfovla notarial kontora getdi. O, atamın hesabına 40 min manat keçirdi. Atam pulu “Muğanbank”da hesabdan çıxarıb, ela bankın içindəcə hamısını Elmana verdi. Rövşən Mahmudov isə atama 18 min manat verdi və biz bu pulu Elmana verdik. Ondan başqa biz Elmana 3 min manat da verdik”.

Elza Xələfovanın sözlərinə görə, Elman Əliyev, Kənan Mustafayev və Rövşən Mahmudov onu aldadıb evini alıblar. «Heç bir kredit də ala bilmədim”, – deyə E.Xələfova Kavkaznews.az-a bildirib. Elza Xələfovanın dələduzluqda günahlandırdığı Elman Əliyev Kavkaznews.az-a bildirib ki, onun bu hadisəylə heç bir əlaqəsi yoxdur. Kənan Mustafayev bildirdi ki, o, bankda kredit alınması məsələsində iştirak etməyib. K.Mustafayevin sözlərinə görə, o, sadəcə Elza Xələfovanın mənzilini satın alıb. Elza Xələfova Kənan Mustafayevlə telefon danışığının audioyazısını bizə təqdim etdi. Söhbət zamanı Kənan Mustafayev etiraf edir ki, Elman Əliyevlə birlikdə Elza Xələfovaya ipoteka krediti almağa kömək edir. Kənan Mustafayev səs yazısında Elza Xələfovanı sakitləşməyə və Elman Əliyevə inanmağa çağırır.

“Əgər o sizi doğrudan aldatsaydı, mən özüm onu danlayardım. Bankda doğrudan da ipoteka krediti üçün xətt hələ açılmayıb”. Söhbətin sonunda Kənan Mustafayev Elza Xələfovaya 10 faizlə 18 min manat sələmə pul verildiyini etiraf edir. Bununla yanaşı,Legion.az olaraq xatırladaq ki, Elza Xələfova onu Elman Əliyevlə tanış edən şəxsin “Nikoilbank”ın Sumqayıt filialında çalışan Ruslan adlı şəxs olduğunu deyib. Araşdırmamız zamanı o da məlum oldu ki, son üç ildə “Nikoil Bank”ın Sumqayıt filialında yeganə Ruslan olub – filial müdiri Ruslan Talıbov… Araşdırmamız davam edir.

Rüfət Əhmədzadə

Legion.az

 

 

13553309_1016955238370718_581949138_n 13576396_1016420851757490_152217037_n 13563679_1016420858424156_1447003154_n 13552675_255279468178787_526040544_n 13552510_255278794845521_1235621613_n

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR