JP Morgan-ı talayıb pulları Azərbaycana transfer edən kiber-quldurun işi

146180_res_01Tarixin ən böyük kiber-quldurluq əməliyyatını həyata keçirib ABŞ-ın nüfuzlu maliyyə təsisatlarının, o cümlədən JP Morgan bankını talayan İsrail vətəndaşı Geri Şalon Nyu Yorka ekstradisiya olunub və məhkəmə qarşısında dayanıb. Virtualaz.org xəbər verir ki, Nyu York məhkəməsində keçirilən proses zamanı o, irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyib.

Geri Şalon bu misilsiz kibercinayəti həyata keçirən və müştərilərin məlumatlarını oğurlayıb onların bank hesablarını talayan, habelə qeyri-leqal internet-kazino təşkil edən, birja maxinasiyaları həyata keçirib yüz milyonlarla dollar əldə edən mütəşəkkil cinayətkar qruplaşmanın əsas üzvlərindən biridir. ABŞ prokurorluğu qruplaşmaya dünyanın bir neçə ölkəsindən yüzlərlə cinayətkarın daxil olduğunu bildirir.

İstintaq sənədlərinə əsasən qruplaşmanın dünyanın ondan çox ölkəsində haker qrupları fəaliyyət göstərib. Qanunsuz əməliyyatlardan əldə edilən vəsait Kipr, Azərbaycan və İsveçrə banklarına transfer edilib, oradan leqallaşdırılıb.

Qruplaşma 2012-ci ildən 2015-ci ilin ortalarına qədər bank müştərilərini və brokerləri soyaraq pulları saxta adlarla açdıqları hesablara köçürüblər. Prokurorlar bildirir ki, cinayətkarlar pulları yumaq üçün dünyanın hər yerində 75 şirkətdən, bank hesablarından və broker şirkətlərindən istifadə ediblər. Cinayətkarların əməllərinə habelə qiymətli kağızlarla dələduzluq da daxildir.

Şalon və qruplaşmanın liderlərindən Ziv Orenşteyn bu ilin iyul ayında İsraildə həbs olunublar. İttiham aktının daha geniş təfərrüatları hələ məlum olmadığından yüz milyonlarla dolları ələ keçirən beynəlxalq şəbəkənin Azərbaycanda hansı bankdan istifadə etdikləri məlum deyil.virtualaz.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR