TQDK universitetlərin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrini açıqlayıb

b5636b77-eb9f-4f16-92e3-54942b0eb8b4_292Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrini açıqlayıb.

TQDK-dan “Report”a verilən məlumata görə, müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 6 336 bakalavrdan 5 175 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub.

Qəbul olanlardan 2 205 nəfərini dövlət sifarişi, 2 970 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 3 103 nəfəri ali təhsil müəssisələrinin cari, 2 072 nəfəri isə əvvəlki illərin məzunudur.

Bundan əlavə, 6 bakalavr idman sahəsi üzrə, 3 bakalavr isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.

Xatırladaq ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanlar iyunun 28-dən iyulun 11-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Qeyd edək ki, qəbul olunanların siyahısı “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR