“Moskva ilə Ankara Dağlıq Qarabağ məsələsini həll edəcəklər”

vladimir_jirinovski_005Ticarət, iqtisadi, hərbi səylərini birləşdirməklə Rusiya və Türkiyə Dağlıq Qarabağ münaqişəsini, eyni zamanda kürd problemini həll etməyə qadirdirlər.

virtualaz.org-a istinadən bildirir ki, bunu “Lider TV”yə müsahibəsində Rusiya Liberal-Demokratik Partiyasının rəhbəri Vladimir Jirinovski deyib.

“Əgər Türkiyə Rusiya ilə münasibətlərini inkişaf etdirərsə, bu əsrlər boyu davam edəcək. İqtisadi, ticari, sənaye baxımından əlaqələr yalnız müsbət nəticələr verə bilər, mənfi heç nə yoxdur. Biz şimaldayıq, onlar cənubda. Biz onlardan cənub ölkəsinin iqtisadiyyatının istehsal etdiyi hər şeyi almağa hazırıq, o cümlədən də çimərlikləri, dənizi, onlara isə dünyanın inkişaf etmiş 10 ölkəsindən biri olan şimal ölkəsindən nə lazımdırsa, verə bilərik.

Hazırda türklər ruslara polyaklardan, finlərdən və hətta ukraynalılardan da yaxşı münasibət bəsləyirlər. Türkiyədə antirusiya aksiyaları keçirilmir. Reallıqdan çıxış edib deyə bilərik ki, Türkiyə sakinlərinin böyük əksəriyyəti Rusiyaya yaxşı münasibət bəsləyir. Çünki alver edirlər, turistləri qəbul edirlər, Rusiya ilə əlaqələrdən xeyir götürürlər. Suriyada müharibədir, Avropa İttifaqı Türkiyənin ünvanına tənqid və təhqir yağdırır. Buna görə də Türkiyənin Rusiya ilə münasibətləri kəskin şəkildə yaxşılaşdırmaq üçün əla imkanları var”, – siyasətçi bildirib.

“Əgər Türkiyə və Rusiya ticarət, iqtisadi, hərbi səylərini birləşdirsələr, kürd və erməni məsələləri öz-özünə həll olunacaq. Aydın məsələdir ki. Dağlıq Qarabağ problemi də həll ediləcək, Azərbaycan bundan razı qalacaq, başqa sözlə, bütün Qafqaz və Yaxın Şərq üçün əla perspektivlər açılır”, – Jirinovski qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinin həllini necə gördüyü ilə bağlı suala isə RLDP sədri belə cavab verib: “Biz burada həll edə bilmərik – qoy bunu Kremldə həll etsinlər, bizim prezident həll etsin. Amma Dağlıq Qarabağ üçün elə bir xüsusi status tapmaq olar ki, həm ermənilər razı qalsınlar, həm də azərbaycanlılar”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR