“NATO Azərbaycanın sağlam tərəfdaş olduğunu anlayır”

tehlilRamil Məmmədli: “Azərbaycanın hərbi diplomatiyası və NATO üzvü olan Türkiyə ilə də sıx əməkdaşlığı Brüsseli qane edir”

Qabil Hüseynli: “NATO-nun Varşava Sammitində qəbul etdiyi kommunikedə yeni yanaşma hiss olunur”

NATO-nun Varşava sammitində üzv dövlətlər tərəfindən dövlət və hökumət başçıları səviyyəsində yekun kommunike qəbul edilib.Kommunikenin 24-cü paraqrafında NATO üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləməkədə sadiq olduqlarını bir daha vurğulayaraq, Cənubi Qafqazda mövcud olan münaqişələrin məhz beynəlxalq hüququn bu prinsipləri və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun aktı əsasında həllini dəstəklədiklərini ifadə ediblər.

Xatırladaq ki, NATO-nun bundan əvvəlki zirvə toplantılarında, o cümlədən 4-5 sentyabr 2014-cü ildə Uelsdə keçirilmiş sammitinin yekun bəyanatında da alyansın üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə edərək, Cənubi Qafqazdakı münaqişələrin məhz bu prinsiplər əsasında həllini dəstəklədiklərini vurğulayıblar. Dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməyin qəbuledilməzliyi vurğulanmış və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinin vacibliyi qeyd olunub (APA).

Görəsən, bu da formallıq naminə növbəti bir “dəstək”dir, yoxsa NATO-ya üzv dövlətlərin, xüsusilə də, ATƏT-in Minsk Qrupu həmsədri olan ABŞ ,Fransanın Qarabağ münaqişəsinə yanaşmasında müsbət dəyişiklik, temp artımına ümid edək?

Xatırladaq ki, iyulun 8-də Varşavada Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ dövlət katibi Con Kerrinin görüşü olub, görüşdə qarşılıqlı əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb. Bu və digər suallarımızı şərh edən politoloq Qabil Hüseynli bildirib ki, NATO-nun Varşava Sammitində qəbul etdiyi kommunikeni təhlil edərkən, burda söhbət yeni yanaşma tərzindən gedə bilər.

8628250576e70a1805411466855585_Qabil Huseynov_1“Kommunikedə qonşu dövlətlərin ərazilərinə göz dikmək kimi təcavüzkar hisslərin cilovlanmasına toxunulur və xüsusilə də, həssas bölgələrdən biri olan Cənubi Qafqazda təhdidlərin qarşısını almaq cəhdi nümayiş etdirilir. Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyət NATO-nu qane etmir, Azərbaycanın, Gürcüstanın və Türkiyənin narazılığı, eləcə də Ermənistanın təcavüzkar siyasəti heç kimə sirr deyil. Ona görə də, NATO rəhbərliyində, xüsusilə də NATO-nun lider dövləti hesab olunan ABŞ rəhbərliyində anlayırlar ki, regionda sülh naminə müəyyən addımlar atmağa ehtiyac var. Ola bilər ki, yaxın gələcəkdə ciddi addımlar olmasın, lakin regiondakı proseslərə yeni yanaşma artıq hiss olunur”, – deyə politoloq Legion.az-a qeyd edib.

Hərbi-siyasi icmalçı, ekspert Ramil Məmmədli də hesab edir ki, bu sənədə sadəcə formallıq kimi yanaşmaq olmaz.O, Legion.az-a açıqlamasında NATO üzv dövlətlərinin Varşava Sammitinə xüsusi diqqətlə hazırlaşdığını və dünyadakı proseslərin Qərb hərbi-siyasi çevrələrində geniş təhlil və müzakirə olunduğunu vurğuladı.eamilmemmedli_242

“ABŞ dövlət katibi ilə Azərbaycan Prezidentinin görüşündən də hiss olundu ki, Qərb regiona diqqətini artırmaq niyyətindədir. Bu diqqətin mahiyyətində isə Azərbaycanla tərəfdaşlıq xüsusi yer tutur. ABŞ və NATO-nun digər üzvləri ölkəmizin ərazi bütövlüyünü dəstəkləyirlər. NATO-da BMT-nin qətnamələrimdən yola çıxaraq, bu münaqişənin ərazi bütövlüyümüz çərçivəsində həllini istəyirlər. Lakin ABŞ-ın və digər NATO dövlətlərinin Ermənistana birbaşa təsirindən hələ söz gedə bilməz. Cənubi Qafqaz regionunda nəzərə alınmalı incə məqamlar var. Lakin o fikirlə də razıyam ki, ATƏT-in Minsk Qrupunun vasitəçiləri kimi, ABŞ və Fransa öz fəallığını artırmalıdır”.O, NATO-Azərbaycan əməkdaşlığının normal səviyyədə inkişaf etdiyini qeyd edib.

“NATO Azərbaycanın sağlam tərəfdaş olduğunu anlayır. Azərbaycanın hərbi diplomatiyası və NATO üzvü olan Türkiyə ilə də sıx əməkdaşlığı Brüsseli qane edir”, – deyə R.Məmmədli əlavə edib.

Rüfət Əhmədzadə

Legion.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR